İbrahim İbrahimli: «Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olmaası, bu ölkədə hansı idarəetmənin mövcudluğunun sübutudur»
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovÿ”Azalıq” radiosunun sualını cavablandırarkən deyib ki, Azərbaycanda qanunun aliliyi təmin olunur və ölkədə siyasi motivli həbslər yoxdur:
“Azərbaycanda bizim üçün əsas olan 3 prinsip – demokratiya, insan haqları və qanunun aliliyi qorunub, qorunur və bundan sonra da qorunacaq. Ikincisi, həm Avropa, həm dünya dəyərlərinin ən yüksək səviyyədə şahidiyik. Heç kim deyə bilməz ki, hansısa siyasi motivlərlə və ya başqa motivlərlə həbslər gedib. Hər bir həbsin arxasında konkret sənədlər, konkret faktlar var. Istintaq davam edir. Heç kimin istintaqa müdaxilə etmək ixtiyarı yoxdur. Ona görə beynəlxalq təşkilatlar belə məsələləri qaldıranda biz buna dərhal reaksiya verməliyik. Belə məsələləri qaldıran həm nümayəndələr, həm ölkələr əvvəlcə öz ölkələrində gedən prosesləri təhlil etsinlər. Ikili standartları kənara qoysunlar və sadəcə bir gözlə bu bölgəyə, bu regiona baxsınlar. Həm iqtidar, həm müxalifət, həm Azərbaycanın təhsil sistemində çalışanlar, həm sıravi vətəndaşlar, həm beynəlxalq təşkilatlar birbaşa qeyd edirlər ki, bu gün Azərbaycan ən inkişaf edən ölkələrdən biridir”- deyə Səməd Seyidov bildirib.
Hakimiyyət təmsilçilərinin bütün həqiqətlərdən imtina edib, yalnız yalana xidmət etdikləri heç kimə sirr deyil. Ortada onlarla faktın olmasına, hakimiyyətin ifşa edilməsinə baxmayaraq, millət vəkilləri ikili standartlardan, qərəzdən danışırlar.
Milli Şura üzvü, tanınmış ictimai-siyasi xadim Ibrahim Ibrahimli “Azadlıq2a açıqlamasında bildirdi ki, real faktlar Səməd Seyidovun fikirlərini təkzib edir və bütün bu yalanlar hakimiyyətin narahatlığından doğur: ”Son dövrlər Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq aləmin tənqidi münasibəti daha da kəskinləşib. Qarşıdakı dönəmdə isə, Avropa Parlamentində, Avropa Şurasında Azərbaycandakı insan haqlarının durumu və son represiyaların müzakirəyə çıxarılacağı gözlənilir. Digər təfədən, Ukrayna ətrafında baş verənlər, Rusiyanın üzləşdiyi vəziyyət də, hakimiyyəti ciddi təlaşa salıb. Çünki, bu tendensiya Azərbaycana doğru istiqamət alır. Hakimiyyətin narahatlığı ona görə böyükdür ki, bu ölkə Səməd Seyidovun dediyi kimi demokratik, hüquqi prinsiplərlə idarə olunmur. Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olması, bu ölkədə hansı idarəetmənin olduğunu sübut edir və bütün dünya bu həqiqətləri aydın şəkildə görür. Əhali sayına görə müqayisə edəndə, 150 milyon əhalisi olan Rusiyada, 1 milyarddan artıq əhalisi olan Çində bu qədər siyasi məhbus yoxdur. Dünya səviyyəli ekspertlərin, Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev kimi hüquq müdafiəçilərinin həbsi bir daha dünyaya göstərdi ki, repressiyalar hakimiyyətin həyat tərzinə çevrilib. Azərbaycan hakimiyyətinin bu addımlarının mərkəzində özünütəcrid siyasəti dayanır və ölkəni Qərbdən kənarlaşdırmaqla, guya müstəqil siyasət yürütdüklərini iddia edirlər. Ona görə də Səməd Seyidovun nə deməsinin önəmi yoxdur və reallıq bunun əksini sübut edir”.
Akif