Vətəndaş yenə də nəqliyyat müfəttişlərinin qanunsuz hərəkətlərindən, kobudluğundan şikayətçidir
Bakının Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki 35 saylı evdə yaşayan Əhirman Rzayev nəqliyyat naziri Ziya Məmmədova ünvanladığı şikayət məktubunu “Azadlıq”a da göndərib. Ziya Məmmədova ünvanlanan əksər şikayət məktubları kimi, bu müraciətdə də nəqliyyat müfəttişlərinin özbaşınalığından, vətəndaşa qarşı kobud münasibətindən, söyüş söyməsindən bəhs olunur. Əhirman Rzayev yazır:
“Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ”Avtomobil Yük Daşınmalarının Təşkili” MMC-nin əməkdaşları şəxsi minik avtomobilimi idarə edərkən məni əsassız olaraq saxlayıb pul tələb edərək, məni nalayiq söyüşlərlə təhqir ediblər. Onlar sənədlərimi zorla alaraq geri qaytarmaqdan imtina edirlər. Bu barədə Baş Prokurorluq, Bakı şəhər prokurorluğu, Sabunçu rayon prokurorluğu, Binəqədi rayon məhkəməsinə etdiyim şikayətlərə qanuna uyğun şəkildə baxmır.
Bu il martın 25-də mən şəxsi avtomobilimlə Şabran rayonundan qayıdarkən Binəqədinin Balaxanı qəsəbəsi ərazisindən keçəndə yuxarıda qeyd etdiyim MMC-yə məxsus 10 PL 750 və 90 AB 063 dövlət-nömrə nişanlı avtomobillərdə dörd nəfər xidməti geyimli şəxs heç bir səbəb olmadan məni saxladılar. Onlar heç özlərini təqdim etməyə də ehtiyac duymadılar. Sənəd göstərmədən məndən 50 manat tələb etdilər. Həmin 50 manatı verməyəndə isə əvvəlcə məni söyərək təhqir etdilər, sonra da onlardan ikisi əllərimi arxaya burdu, bir nəfər də yumruqla qarınn nahiyəmə vururdu. Digəri isə isə maşınımın içindən sürücülük vəsiqəmi, texniki pasportu götürüb çıxıb getdilər.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayətimdən sonra aprelin 29-da sözügedən MMC-yə çağırıldım. Məni qəbul edən hüquqşünas da hədə-qorxu gələrək, sənədlərimi qaytarmaq əvəzinə, məndən 150 manat istədi.
Mən ağır dərəcəli şəkərli diabet xəstəsiyəm, ürəyimdən və ödümdən əməliyyat olunmuşam. Yüksək təzyiqim var. Məruz qaldığım qanunsuzluq, özbaşınalıq nəticəsində səhhətim kritik dərəcədə pisləşib. Üzləşdiyim vəziyyətin qanunauyğun şəkildə araşdırılmasını və mənə kömək edilməsini xahiş edirəm”.
Sosial şöbə