Avropa Parlamentinin Azərbaycanla bağlı sentyabrın 18-də qəbul etdiyi qətnaməyə rəsmi Bakı reaksiya verib.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə deyib ki, qətnamə qərəzli münasibətin göstəricisidir və Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır.
“Bu il sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və Trans-Anadolu layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir”, – deyə XİN sözçüsü bildirib.
Qətnaməyə YAP-dan reaksiya verilib. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov mətbuata bildirib ki, sənədi “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən” şəxslər təqdim edib.
S.Novruzov deyib ki, Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıdır, Avronest-dən isə ümumiyyətlə çıxmaq lazımdır: “Bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın inkişafında rol oynamalı idi, lakin belə olmadı. Onlar kimlərinsə “donos”ları əsasında Azərbaycan haqqında yersiz, heç bir reallığa söykənməyən müzakirələr aparırlar”.