Bu gün Azərbaycanın qüdrətli simalarından biri Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Biz onu daha çox bəstəkar, peşəkar musiqimizin banisi kimi tanıyırıq. Halbuki, Üzeyir bəy keçən əsrin əvvəllərindəki maarifçi nəslin parlaq nümayəndələrindən biri, mütərəqqi ideyaların, bəşəri dəyərlərin carçısı olan fikir adamı, cəmiyyətdəki zərərli meyllərin, vərdişlərin amansız tənqidçisi idi.
O, Azərbaycana çağdaş mədəniyyətin gəlməsində ən müstəsna xidmət sahibidir. Camaatı ibtidai qaydalarla yaşayan bir ölkədə akademik musiqi yaratmaq – bu, həqiqətən də misli-bərabəri olmayan hadisədir.
Üzeyir bəyi xatırlamaq hər birimizin borcudur. Onun xatirəsinə ehtiram mütərəqqi fikirliliyə, çağdaşlığa ehtiramdır. Üzeyir bəy kimi insanlara dəyər verməklə biz əslində, öz mövqeyimizi, mahiyyətimizi bəlli edirik, hansı tərəfdə – işığın, yoxsa qaranlığın; Xeyirin, yoxsa Şərin; tərəqqinin, yoxsa tənəzzülün yanında dayandığımızı göstərmiş oluruq.
***
Bir müddət əvvəl yazı arxivimdə Üzeyir bəylə bağlı müxtəlif vaxtlarda etdiyim qeydlərlə rastlaşdım. Böyük insanın doğum günündə həmin qeydləri sizinlə də paylaşmaq istəyirəm.
***
Üzeyir bəy məqalə və felyetonlarını bir çox gizli imzalarla yazırdı: “Filankəs”, “Bəhmənkəs”, “Bikəs”, “Bir şəxs”, “Adı bəy, özü Filankəs”, “Anaş Qurbağa”, “Tısbağa”, “Qatilov”, “Cin”, “Xoca Lələ”, “Bızbıza”, “Çoban”, “Qaf”, “Beş”, “Idarədən”, “Lal uşaq”, “Bala uşaq”, “Gendən baxan”, “Gendən qulaq asan”, “Musiqiçi”, “Yalançı” və s.
Deyilənə görə, onun gizli imzalarının sayı 65-dən çoxdur.
Ən çox istifadə etdiyi gizli imza isə “Filankəs” idi.
***
Qoqolun məşhur “Şinel” povestinin Azərbaycan türkcəsinə ilk dəfə çevrilməsi Üzeyir bəyin adı ilə bağlıdır.
Dostoyevski bu povest haqqında “Hamımız Qoqolun ”Şinel”indən çıxmışıq” deyirdi. Əksər rus yazıçıları da belə düşünür.
Mirzə Cəlil isə Üzeyir bəyin çevirməsində “Şinel”i (“Tərəqqi” qəzeti, 1909) oxuduqdan sonra onu çox bəyənmişdi.
***
1918-ci ilin mart qırğınları zamanı daşnaklar Üzeyir bəyin də evini gülləbaran etmişdilər.
Bu təsadüfən baş verməmişdi. Daşnakların məqsədi müsəlman-türk Şərqinin ilk operasını yazan, Azərbaycanın həmin dövrdəki mədəni və ictimai fikrinin öncülllərindən biri olan Üzeyir bəyə gözdağı vermək idi.
O da maraqlıdır ki, Hacıbəyovun evinin divarlarındakı və damındakı qəlpə izləri 1975-ci ildə onun ev-muzeyinin açılışı ərəfəsində təmizlənmişdi.
***
Üzeyir bəyin “Lüğət” adlı felyetonu var, orada bir çox sözlərin müsəlmanların nəzərində anlamları açıqlanır.
Məsələn, “istibdad” sözü haqqında Üzeyir bəy yazır:
“Istibdad – yəni, hökumətin milləti sümürüb süngüyə çəkməsi. Amma bəzi müsəlman ”üləma”larının təsəvvürünə görə, istibdad əmin və asayişə deyərlər. Məsələn, Iranda istibdad olanda əmin və asayiş var idi, amma indi hürriyyət verilib deyibən, şuluqluq düşübdür”.
Aradan bu qədər zaman keçdikdən sonra Azərbaycanda istibdadın hələ də Üzeyir bəyin qələmə aldığı anlamda təqdim və qəbul edilməsi nə qədər ağrılıdır!
***
Xalq Cümhuriyyətinin devrilməsindən (1920-ci il) sonra Üzeyir Hacıbəyovun da adı “xalq düşmənləri” siyahısına düşmüşdü.
Yalnız tam təsadüf nəticəsində Üzeyir bəy sağ qala bilir.
Belə ki, onun qaynı, qatı kommunist Hənəfi Terequlov təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir bəyin adını görür. Başılovlu şəkildə Nəriman Nərimanovun yanına gəlir. Nərimanov dərhal həmin siyahını tələb edir. Siyahını cırıb atan, onu hazırlayanları isə tələsik qərar çıxardıqlarına görə danlayan Nərimanov Üzeyir bəyə isə təhlükəsizlik naminə bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.
***
Üzeyir bəyin mütərəqqi fikirləri keçən əsrin əvvəllərində zaman-zaman onu mürtəce qüvvələrin tənqid və təhqir hədəfinə çevirirdi.
Onun bir çox səhnə əsərlərində rol alan Mirzağa Əliyevin xatirələrindən: “…1909-cu ildə ”Zənbur” adlı gülgü jurnalı nəşr olunurdu. Bu məcmuə “Leyli və Məcnun”, “Ər və arvad”, “O olmasın, bu olsun” kimi əsərlər yaratmış Üzeyir bəy Hacıbəyova bir karikatura çəkmişdi. Üzeyir bu şəkildə belə göstərilmişdi: ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfində bir nəfər zurna tutub çalırdı. Karikatura demək istəyirdi ki, “bir buna baxın, ha!.. Üzeyir bəy Hacıbəyov zurnadan not yaratmaq istəyir!” (“Kommunist” qəzeti, 15 sentyabr 1945-ci il).
Üzeyir bəyə olan bu hücumlardan xəbər tutan Əhməd bəy Ağaoğlu Türkiyədən ona göndərdiyi məktubda yazmışdı: “Əzizim Üzeyir! Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et… Qoy hər nə yazacaqlarsa, deyəcəklərsə, çəkəcəklərsə yazsınlar, desinlər, çəksinlər! Bir gün olar bunlar da yorularlar, usanarlar, insafa gələrlər…”
***
Əhməd bəy Ağaoğlu 1905-ci ildə çar Rusiyasında xalqların hüquqları ilə bağlı elan olunan 17 oktyabr manifestindən sonra yeni qəzet açmaq qərarına gəlir. Iki ay sonra o, niyyətini gerçəkləşdirir.
Bu, nəşrini 4 il davam etdirən “Irşad” qəzeti idi.
Əli bəy Hüseynzadə bu qəzeti “Əkinçi”dən sonra “xalqın ikinci gözü” adlandırmışdı.
Qəzetin bir çox sayları Üzeyir bəyin baş redaktorluğu ilə dərc edilmişdi.
Iki dəfə isə Üzeyir Hacıbəyovun felyetonları “Irşad”ın bağlanmasına səbəb olmuşdu.
Birinci dəfə “Stolıpinin xəyalı” felyetonundan sonra nəşri dayandırılan “Irşad” yenidən dərc edilə bilmişdi.
Amma ikinci dəfə – Üzeyir bəyin “Nağıl” adlı felyetonunun dərcindən sonra “Irşad” birdəfəlik qapadıldı.
***
“Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün, doğrudan da böyük bir dərddir”. Üzeyir bəyin bu yanğılı sətirləri yazmasının üzərindən də uzun illər keçib.
Dərd isə yenə elə həmin dərd olaraq qalır.
***
“Hürriyyətə inanmayan kafirdir!” – qoy Üzeyir bəyin felyetonlarından birinin bu son cümləsi həm də bizim onun haqqında yazımızın son nöqtəsi olsun.
Elnur Astanbəyli