Platform təşkilatı, BP-nin də iştirakı ilə neft şirkətlərinin Azərbaycan hökuməti ilə imzalamış olduğu “Əsrin Müqaviləsi”nin 20 illiyi münasibətilə BP-nin Londondakı qərargahı önündə aksiya keçirib.
Təşkilat, BP-nin Əliyev hakimiyyətindən “98 siyasi məhbusun azad edilməsi və başqa insan haqları müdafiəçilərinin həbs edilməyəcəyinə dair zəmanət” tələb etməsini istəyib və eyni zamanda şirkətin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına sponsorluğunu dayandırmasını tələb edib.
Aksiya iştirakçıları əllərində həbsdə olan fəal Rəsul Cəfərov, hüquq müdafiəçisi İntiqam Əliyev və QHT rəhbəri Emin Hüseynovun şəkillərini saxlayıb və “BP, repressiyaları qızışdırmağı dayandır” plakatını açıblar.
Platform təşkilatının enerji siyasəti kampaniyaçısı Emma Hughes tələblərin qeyd olunduğu məktubu BP əməkdaşına təqdim edib.
BP-nin Londondakı ofisi deyib ki, 12-yə yaxın adamın iştirak etdiyi aksiyadan xəbərdardır. “Biz onlardan məktub aldıq və məktublarına cavab olacaq”, BP-nin mətbuat xidməti BBC Azərbaycancaya deyib.
Emma Hughes deyir ki, etiraz aksiyasını keçirməkdə məqsədləri “Azərbaycanda vətəndaş cəmiyyətinin təzyiqlərə məruz qalması və bir sıra hüquq müdafiəçisinin və insan haqları fəallarının həbsidir”.
“BP ilə Azərbaycan hökuməti arasında imzalanmış “Əsrin Müqaviləsi” neft müqaviləsinin üzərindən 20 il keçir. Azərbaycan hakimiyyəti bu müqavilədən əldə etdiyi pullar hesabına Azərbaycanda insanları repressiyalara məruz qoyur və bu resurslardan istifadə tamamilə korrupsiyaya uğramışdır”, xanım Hughes deyir.
“Buna görə də BP-dən tələb edirik ki, Azərbaycanda demokratik hakimiyyət yaranmayana qədər Əliyevlə əlaqələri dayandırsın”.
Kampaniyaçının sözlərinə görə, Bakıda da bu münasibətlə aksiya keçirilməli idi. “Lakin indi Azərbaycanda etiraz etmək mümkün deyil və belə aksiyalara görə insanları həbs təhlükəsi gözləyir. Ona görə də qərara gəldik ki, BP-nin Londondakı qərargahı önündə toplaşaq”.
Platform London şirkəti Azərbaycanda 90-cı illərin sonlarından fəaliyyət göstərir. Beynəlxalq neft sənayesinin sosial, iqtisadi və ətraf mühitə təsirini araşdıran təşkilat, Azərbaycanla bağlı növbəti tədbirini oktyabr ayında Britaniya Parlamentində keçirməyi planlaşdırır.
“Biz, neft və qazın, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ölkəyə təsiri ilə bağlı fəaliyyət göstərmişik. İndi isə Cənubi Qafqaz qaz kəmərinə nəzarət edirik. Bu kəmərlərin keçdiyi ərazilərdə yaşayan insanların həyatı ilə maraqlanırıq. Eyni zamanda bu layihələrdən gələn gəlirlərin Azərbaycanda demokratiya və insan haqlarına təsirini öyrənirik”, Emma Hughes deyir.
Onun sözlərinə görə, indiki vəziyyət BP-yə də sərf edir, “çünki onlar vətəndaşların razılığını əldə etmək məcburiyyətində deyillər, sadəcə hakimiyyətlə əməkdaşlıq edirlər”.
“BP Azərbaycanda xeyli nüfuza malikdir. Demək olar ki, bu şirkət Əliyevi indiki vəziyyətə gətirib çıxarıb, ona güc verib. Onlar Azərbaycandakı siyasi məhbus məsələsini qaldıra bilər, hakimiyyətə deyə bilərlər ki, bu problemləri aradan qaldırmayınca sizinlə əməkdaşlıq etməyəcəyik. Onlar bu mənada ölkədə tutuqları mövqedən istifadə etmirlər”.
Etiraz aksiyasında 10 nəfərə qədər Platform fəalı iştirak edib. (BBC azeri)