«Sənə o kişi yaxşılıq edib akademik təyin etdirdi, sən isə bir məktuba belə imza atmırsan»
Fizika Institutunun əməkdaşı Elman Şahverdiyevin dövlət başçısı Ilham Əliyevə açıq məktubu
Görəsən Arif Həşimovun milyonluq “kompleks tədqiqatları” Azərbaycan elminə neçə sitat gətirib, hansı mühüm nəticələr əldə edilib? Görəsən bu mövzunun Arif Həşimova, ümumiyyətlə, nə aidiyyəti var!!! Görünən odur ki, bəzilərinə heç cür layiq olmadığı halda hüdudsuz maliyyə vəsaitləri ayrılır, “yadlara, özgələrə” isə hər cür əngəllər yaradılır. Başqa sözlə, bəzilərin başına maliyyə vəsaiti layiq olmadıqları halda yağış kimi yağdırılır, layiq olanlar isə quraqlıqda qurudulur.
Başlanğıcı ötən saylarımızda
Yarımştat müşavir
Qeyd etmək istəyirəm ki, indinin özundə də təyinatlı akademik Arif Həşimovun təqibi davam edir. Belə ki, o, indi Institutda 37 nəfərdən ibarət laboratoriyaya yarımştat əsasında rəhbərlik edir, əsas işi isə “Azenerji”-də müşavirlikdir. Görünür, onun adının milyonluq qrant layihəsindən silinməsi də bununla bağlıdır. Görünən budur ki, o, hələ də bəlkə elə həm də bu milyonluq qrantların alınmasındakı roluna (o zaman Arif Həşimov AMEA-nın birinci vitse-prezidenti idi, AMEA-nın keçmiş prezidentinin qəfil ölümündən sonra isə bu post ləğv edildi) görə təqiblərə məruz qalır.
Oktay Ələkbərov Administrasiyada yüksək çinli bir məmurun həyat yoldaşı olduğundan onun kaprizləri barəsində Akademiya rəhbərliyinə müraciət etməyin heç bir mənası yoxdur, çünki qənaət belədir ki, Fizika Institutu Akademiyadan yox, PA-dan idərə olunur. Danışırlar ki, bir dəfə Oktay Ələkbərov Rəyasət Heyətində Akademiya prezidentinə çox yaxın bir vitse-prezidentə Ənvər Nəhmədovun müdafiəsi ilə bağlı bir təşkilatı sualına elə cavab verib ki, həmin vitse-prezident çox miskin bir vəziyyətə düşüb. Yeri gəlmişkən, həmin vitse-prezidentin SCOPUS-da işlərinə sitatların sayı cəmi 101-dir (SCOPUS).
Təmir adıyla havaya sovrulan milyonlar
Son vaxtlar Oktay Ələkbərov indi də AMEA-nın Radiasiya Institutuna direktor axtarışındadır. Sonrakı addımları indidən proqnozlaşdırmaq olar (çünki bu Fizika Institutunda dəfələrlə sınanılıb):
indi bir AMEA üzvü olmayan elmi işçi tapacaq, onu direktor təyin etdirəcək, sonra yəqin Institutda bir müddət təmir gedəcək (bina lap yaxınlarda təmirdən çıxmışsa belə, pullar ayrılacaq, sonra külli miqdarda qrantlar ayrılacaq və nəhayət növbəti seçkidə yeni bir akademik yaranacaq. Bir müddət sonra bu direktorla araları dəyəcək, onu işdən çıxaracaq və yeni sikl başlayacaq).
Cənab Prezident!
Xahiş edirəm ki, göstəriş verin müəyyənləşdirsinlər ki, ona bu səlahiyyətləri kim verib, bəlkə kimsə səlahiyyətlərinin bir qismini ona həvalə edib və ya o kiminsə səlahiyyətlərini mənimsəyib?!
Boyuna qrant biçilənlər
Cənab Prezident!
Xahiş edirəm ki, qoy əlaqədar qurumlar bir də müəyyənləşdirsinlər ki, hansı səbəbdən EIF Fizika Institutunun direktoru Nazim Məmmədova külli miqdarda qrantlar ayırıb? Axı o kimdir ki, heç bir elmi nüfuzu olmaya-olmaya Azərbaycan elminin hansı istiqamətdə maliyyələşməsinə nəzarət etsin, kimə qrant ayırmaq məsələsini həll etsin və sair. Bu barədə əlavə məlumat verərək bildirmək istəyirəm ki, bu yaxınlarda AMEA-nın saytında (15 iyul, 2014-cü il) elmi-tədqiqat işlərinə AMEA Rəyasət Heyətinin elmin prioritet istiqamətləri üzrə qrantlar ayıracağı haqqında elan yerləşdirilmişdi. Fizika üzrə prioritet istiqamətlər olaraq aşağıdakı sahələr elan olunmuşdu: kondensə olunmuş hal fizikası, yeni kvant fazalar, nano və radiasion texnologiyalar daxil olmaqla yüksək texnologiyalar, nüvə fizikası, elementar zərrəciklər, radiasiya fizikası. Indi gəlin diqqət yetirək EIF-in Nazim Məmmədovun adının keçdiyi layihələrə ayırdığı qrantların adına:
1)Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu (3 milyon AZN, 2010-cu il);
2)Yüksək texnologiyalar üçün interkalyasiya olunmuş nanostrukturlu laylı yarımkeçirici materiallar (435 min AZN, 2010-cu il);
3)Yeni nəsil texnologiyalar üçün spin polyarlaşmış və spin nişanlanmış sistemlər (2,5 milyon AZN, 2012-ci il);
4)Metal oksid və fibroin əsaslı perspektiv monomolekulyar və çoxlaylı quruluşlar (1 milyon AZN, 2012).
Bir sıra başqa yüz minlik qrantları hələ yazmıram. Layihələrlə tanışlıq onu qabardır ki, Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri Nazim Məmmədovun, Oktay Ələkbərovun, Ənvər Nəhmədovun, 2014-cü ildə müxbir üzv təyin edilmiş Övsət Abdinovun boyuna biçilib. Gör Azərbaycan elminin prioritet istiqamətlərini kimlər müəyyənləşdirir! Yuxarıda qeyd olunan qonşu dövlərlə müqayisədə geriləmənin əsas səbəbi belə məsuliyyətsizlik deyilmi?! Düşünürəm ki, burda əsas məsələ heç də elmi nailiyyətlər qazanmaq deyil, ayrılan vəsaitə necə nəzarət olunmasıdır. Azərbaycandan milyonlarla qrant alasan, əvəzində Azərbaycan elminə sitat gətirməyən bir-iki məqalə (əksətiyyəti də xarici mütəxəssislərlə: çünki adın çəkilən şəxslərin qeyd olunan istiqamətdə həm adekvat sitatları yoxdur, həm də özləri mütəxəssis deyildirlər) yazasan (daha doğrusu həmmmüəllifi olasan)!!! Bununla Azərbaycan elmini inkişaf etdirmək yox, yalnız tənəzzülə aparmaq olar! Düşünürəm ki, adı çəkilən şəxslər də bunu çox gözəl bilir, onlar üçün əsas məsələ maliyyə vəsaitlərinə nəzarətdir, prioritet isə elm deyil! Cənab Prezident! Axı kim vermişdir onlara bu səlahiyyəti!!!
“Sənə verilən səslər sıfır idi”
Axı Institutda 35-dən yuxarı laboratoriya var, bəs qalan laboratoriyalar niyə adekvat maliyyələşmir? Məsələ kifayət qədər sadədir: AMEA-ya üzv təyin edənlər həm də EIF-in Himayədarlar Şurasının həlledici üzvüdür. Görəsən özü AMEA-ya seçkidə namizəd ola-ola(!!!) kim Nazim Məmmədova səlahiyyət vermişdi ki, o, yuxarılara kimin seçilməsinin məqsədəuyğun olması barədə siyahılar göndərirdi! Bu qədər məsuliyyətsizlik olarmı! Qoy AMEA açıqlasın ki, Nazim Məmmədovun topladığı dörd səs necə 28 oldu (cəmi səs verən 31 nəfər)!!!. Qoy AMEA açıqlasın ki, o biri təyin edilmişlər həqiqətdə neçə səs yığıblar! Onların da topladığı birrəqəmli ədədlər necə “seçilmək” üçün lazım olan baryerı aşaraq ikirəqəmli ədədlər oldu! Qoy AMEA açıqlasın ki, kimlərin topladığı səslər baryeri aşmayacaq səviyyəyə qədər neçə azaldıldı!!!
Bu konteksdə bir haşiyə çıxmaq istəyirəm. 2003-cü ilin ortalarında Administrasiyadan göstəriş gəlmişdi ki, akademiklər dövlət başçısına ünvanlanmış bir məktuba imza atsınlar. Imzaları Oktay Ələkbərov toplayırdı. O zaman 2001-ci ildə təyin olunmuş akademiklərdən biri qətiyyətlə imza atmaq istəmədi. Bu zaman hirsindən özünə nəzarəti itirən Oktay Ələkbərov həmin akademikə xitabən “sənə verilən səslər sıfır idi” və bunu sonra qrafik şəkildə barmaqlarını birləşdirərək Hindistanın bəşər sivilizasiyasına verdiyi rəqəmi düzəltməklə də təkrar göstərdi. “Sənə o kişi yaxşılıq edib akademik təyin etdirdi, sən isə bir məktuba belə imza atmırsan” – deyərək Oktay Ələkbərov monoloqunu tamamlamışdı.
Cənab Prezident! Görün Oktay Ələkbərov özünü kim sayır ki, EIF-in maliyyə vəsaitlərinin “arzuolunmaz” şəxslərə ayrılmasına veto qoyur, Institut direktorları təyin edir, AMEA-ya üzvlər təyin etdirir!
Dövlət büdcəsi hesabına canıyananlıq edənlər
Cənab Prezident!
Xahiş edirəm ki, fizika-riyaziyat-texnika elmlərini, ümumilikdə Azərbaycan elmini Oktay Ələkbərovun əsarətindən xilas edəsiniz.
Fizika üzrə müxbir üzvlüyə təyin edilmişlər arasında Aydın Kazimzadənin işlərinə Thomson Reuters-də cəmi 111 sitat var. Yuxarıda qeyd edildiyi kimi, qrantlara layiq görülmüş adamların kimliyi ilə AMEA-ya üzv təyin olunmuşların kimliyi arasında kifayət qədər güclü korelyasiya var. Müxbir üzv təyin edilmiş Aydın Kazımzadə 2002-ci ildən 2012-ci ilə qədər, demək olar, hər il Dünya Bankının təhsildə islahatlar üçün ayırdığı qrantlarına layiq görülüb. Bu qrantların istifadəsinin hansı qalmaqallarla müşayiət olunduğu mətbuatdan hamıya yaxşı bəllidir. Belə qalmaqallar hələ indi də davam edir! Təhsildəki, elmdəki vəziyyət də hamıya yaxşı bəllidir!!!
Fizika üzrə müxbir üzvlüyə təyin edilmiş Ismət Nəcəfovun işlərinə isə cəmi 75 sitat olub (yenə müqayisə üçün deyim ki, Thomson Reuters-də mənim işlərimə sitatların sayı 601 olub). 82 yaşlı Ismət Nəcəfov uzun onilliklər çoxları üçün əlçatmaz olan nüfuzlu bir Universitetdə nüfuzlu vəzifələrdə – BDU-da professor, kafedra müdiri işləyib, əsas diqqəti dərs deməyə yönəlib, elmi işə yox. Onun son on-iyirmi ildə keçmiş sovet məkanı xaricində məqalələri yox dərəcəsindədir, elə sovet məkanındakıları da saysan, böyük fərq etməz. Buna baxmayaraq o, müxbir üzv təyin olunub! Axı AMEA Elmlər Akademiyasıdır, Təhsil və ya Pedaqoji Akademiya deyil!!! Eyni fikri sözsüz ki, müxbir üzv təyin edilmiş Aydın Kazımzadəyə şamil etmək olar.
Birdə ki, axı AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir. Yaşı səksəni keçmiş adamın həyatda prioritetləri bir az başqa olur axı!!!
Başa düşüləndir ki, kimsə ömrünün ahıl cağlarında təbiətin qanunlarına və yaşın fəsadlarına uyğun olaraq müəyyən sağlıq problemləri və maddi çətinliklərlə qarşılaşır. Axı bu, birincisi, hamıya aiddir, çünki, maaşlar, pensiyalar son dərəcə aşağıdır. Amma hətta belə bir vəziyyətdə təhsildə həqiqətən də fərqlənənlərə, məsələn, Prezident təqaüdü verməklə də maliyyə sıxıntılarını aradan qaldırmaq olar. Əsas məsələ isə obyektivliyin qorunması, insaflı, ədalətli mövqe ortaya qoymaqdır, subyektivliyə yol verməməkdir, dövlət büdcəsinin hesabına canıyananlıq etməməkdir!!! Burda əlavə olaraq qeyd etmək istəyirəm ki, yaşlı nəslin nümayəndəsinin övlad-uşaq, nəvə-nəticə dolandırmaq qayğıları olmur deyə, əslində istənilən dəstək ilk növbədə elmin inkişafı naminə gənc və orta yaşlı alimlərə göstərilməlidir.
ardı var