Tofiq Yaqublu bu yazını şərlənərək həbs edilmiş Fərəc və Sirac Kərimli siyasi məhbus qardaşlarına ithaf edir
Son yazılarımda ən yüksək düzey məmurların iqtidarı ifşa edən fikirlərini verirəm. Bunlar elə faktlardır ki, yapçılar qarşısında bir söz deyə bilməzlər. İndi növbəti belə bir məqamı diqqətinizə təqdim edirəm. Bu yaxınlarda cəbhə xəttində atəşkəs ciddi şəkildə pozulmuşdu. Hətta onun genişlənərək iri miqyaslı hərbi əməliyyatlara keçəcəyi təhlükəsi də yaranmışdı. Yaxşı ki, bu baş vermədi. Qısa hərbi fəallıq bitəndən sonra hər iki tərəf bu qısa müddətli müharibədən qalib çıxdığını, əks tərəfin ağır itkilərə məruz qaldığını deməyə başladı. İlham Əliyev Fizuli rayonuna səfəri zamanı da bir mənalı şəkildə bildirdi ki, atəşkəsin pozulduğu günlərdə ordumuz düşmənə ağır zərbələr vurub, o, ciddi itkilərə məruz qalıb və Ermənistan cəmiyyətində çaşqınlıq, panika yaşanıbmış, Çox yaxşı, təki belə olsun.
Atəşkəs bərpa olunandan sonra mediamızda tərəflərin həqiqi itkiləri və döyüşlər getdiyi dövrdə ölkə KİV-nin özünü necə aparması uzun-uzadı müzakirə edildi. Bax, elə bu zaman xoruzun quyruğu göründü. Bu məsələdə son nöqtəni Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirə qoydu. Fikir verin, bir yandan ordumuzun böyük uğur qazandığını deyirlər. digər tərəfdən KİV-i düz işləməkdə qınayırlar. Sanki onu uğursuzluğun baiskarı kimi görürlər. Qaliblər belə etməzlər. Cənablar, əgər siz dediyiniz kimi, parlaq, möhtəşəm qələbə qazanmışdınızsa, KİV-ə qarşı bu hücumların anlamı nədir? KİV-in “günahlarından” biri də, bəlkə də ən əsası, kiminsə iki tankımızın hərəkətdə olarkən videosunu çəkib müvafiq şərhlə onu internetdə yerləşdirməsi oldu. Ayıbdır, sadəcə çox ayıbdır. O videoda tankların 2-3 saniyəlik görüntüsündə hətta nömrələri görünsə belə, bu düşmən tərəfinə heç bir əlavə və bizim ziyanımıza olan informasiya vermir. Bu informasiyadan düşmən tərəf heç cur istifadə edə bilməzdi. Həmin videonun informasiya yükü təxminən ermənilərə “ bizim də ordumuz, əsgərlərimiz, topumuz, tüfəngimiz var” informasiyasından əlavə heç nə vermir. Məgər ermənilər bizim tanklarımız olduğunu və onların hərəkət edə bildiyini bilmirdilər? İkincisi də, əgər uğur qazanılmışdısa bu xırdaçılıq nəyə lazımdır? Tutaq ki, bizim ordu Xankəndini alırmış, kimsə Müdafiə Nazirliyindən icazəsiz iki tankımızın məlum olmayan məkanda hərəkətinin 2-3 saniyəlik görüntüsünü internetə yayaydı, məgər bu kiminsə, o cümlədən, Prezident Aparatının diqqətini cəlb edəcəkdi? Əlbəttə ki, yox, çünki uğur qazanılanda mənasız və gülünc bəhanələr axtarmağa ehtiyac qalmır. Baş verənlər təxminən ona bənzəyir ki, komanda oyunu uduzur, məşqçi bunun səbəbini tribunada oturmuş hansısa tamaşaçının tək səbir gətirməsi ilə izah edir.
Odur ki, məsələ tamamilə aydındır, ölkə KİV-i sadəcə olaraq döyüşlər haqqında rəsmi informasiyaları alt-üst edibdir, o qədər! Həqiqət bundan ibarətdir ki, əslində bizə ziyanı məhz rəsmi informasiyalar vurur və dünya çapında biabır oluruq. Bu hansı səbəbdənsə bizim tərəfə keçmiş, 90 yaşlı, psixoloji problemləri olan bir ermənini düşmən tərəfinin “Rembo”su kimi qələmə veriləndə də, onun döyülmüş görüntüləri yayılanda da belə olub. Ondan sonrakı oxşar situasiyalarda da eyni cür. Hərbi sirlərin qorunması bəhanədir. Çünki o sirr adi vətəndaşlarda və KİV-də heç cür ola bilməz. Əgər belə problem varsa, siz hərbi sirlərin qorunması işini nəzərdən keçirin, orada islahat aparın. Bu dəqiqə Ukrayna Rusiya ilə müharibə edir. Yerli KİV-lər rəsmi qaynaqlara istinad etmədən ən müxtəlif məlumatlar və görüntülər yayırlar. Amma Poroşenko iqtidarı KİV-i “haqq yoluna” yönəltməyi ağlında keçirmir və yaxud da ABŞ-İraq müharibəsini götürək. Amerika mətbuatı nə istəyirdisə yazırdı, ancaq Pentaqon bu yazılardan qətiyyən narahat olmurdu.
İqtidar indi də təzə özünüifşa mövzusu tapıb. Özü də Prezident Aparatının titullularından biri Novruz Məmmədovun dili ilə. Bəs deməzsənmi, Ermənistan prezidenti psixdir. İndi görün necə vəziyyət yaranır? Ermənistan acından ölür, orada adam qalmayıb, hamı xaricə qaçır, korrupsiya, məmur özbaşınalığı görünməmiş həddədir, ordu dağılıb gedir və s. Üstəlik də bu ölkənin prezidenti psix imiş. Analoqu olmayan inkişafa malik, iqtidarı xalqın mütləq əksəriyyəti dəstəklədiyi, ordusu az qala bütöv NATO-dan güclü, üstəlik də çox ağrılı iqtidarı olan Azərbaycan onun əlində əsir-yesir qalıb, 21 ildir ki, ondan bir qarış torpağını da geri ala bilmir. Xahiş edirəm hörmətli yapçılar bu mövzuda bir söz desinlər görüm nə deyəcəklər? Heç olmazsa, Asan xidmətindən Serj Sarkisyanın psix olması haqqında bir arayış alıb qovluğunuzun arasına qoyun. Birdən Obamayla-zadla görüşdünüz, onda gərəyiniz olar.
Yazı Nigar Yaqublunun “Facebook” səhifəsindən götürülüb.