Xaliq Bahadır xanbahadir@mail.ru
Azərbaycan doğal resurslarına görə dünyanın ən varlı ölkələrindəndir. Azərbaycan BMT göstəricilərinə görə, YAŞAMALI ÖLKƏ DEYIL. Kontrasta baxın! Azərbaycan dünyanın ən varlı ölkələrindəndir, ancaq yaşamalı ölkə deyil. Ölkə varlıdır, ancaq ölkədə yaşayanların yüzdə doxsanı yoxsul-hüquqsuz durumdadır. Ölkə varlıdır, ancaq Təhsil, Sağlamlıq sistemləri, demək olar, bütünlüklə pulludur. Ölkə varlıdır, ancaq az-çox pulu olanın hamısı gərəyincə bilik qazanmaq, sağalmaq, sağlam olmaq üçün ölkədən qıraqlara üz tutur. Ölkədə, bəlli olduğu kimi, DÖVLƏT də var, DÖVLƏTÇILIK də. Ancaq qanun, qanunçuluq yoxdur. Başlanğıcda göstərilən kontrastın kökündə bu durur: gerçək dövlətin, gerçək dövlətçiliyin olmaması faktı. Qanun, qanunçuluq olmayan yerdə nə dövlət, nə dövlətçilik?!
20-ci yüzilin başlanğıcında Məhəmməd Əmin Rəsulzadə başçılığında dünyaya örnək demokratiya qurulan Azərbaycanda yüz il sonra, ata-bala Əliyevlərin başçılığında diktatura qurulur. Yuxarıda sözügedən kontrastın kökündə bu fakt durur – siyasi rejim faktı! Diktatura, bəlli olduğu kimi, bir adamın, bir ailənin, bir qrup görməmişin hakimiyəti deməkdir. Demokratiya geniş toplumun hakimiyətidir. Diktatura demək ölkənin varını başda bəlli bir adam olmaqla bir qrupun mənimsəməsi deməkdirsə, demokratiya demək ölkənin varının ölkə boyu paylanması deməkdir. Kiminsə, kimlərinsə istəyib-istəmədiyindən asılı olmayaraq bunların hər ikisi, ola bilsin, xırda düzəliş-dəyişikliklərlə aksiomdur. Başqa bir yandan bu, demokratiya ilə diktaturanın, qanunçuluqla qanunsuzluğun yaratdığı ayrıca kontrast görsənişidir.
Bütün demokratik dövlət başçıları üçün bu gün yarınkı günlərin çox da ayrılmayacaq, çox da dəyişməyəcək bir parçasıdır. Ölkəsi üçün, ölkəsinin dincliyi, sağlam-uğurlu gələcəyi üçün çalışan demokratik dövlət başçısı istər-istəməz eləcə də özünün dinc, sağlam-uğurlu gələcəyi üçün çalışmış olur. Belə dövlət başçısı bugünündən arxayın olduğu kimi gələcəyindən də arxayın olur. Yürütdüyü siyasətdən, gördüyü işlərdən o, yaxşı bilir: hakimiyətdən gedəndən sonra kimsə, kimlərsə ona, onun yaxınlarına yağılıq etməyəcək, ondan, yaxınlarından öc almaq istəyində bulunan olmayacaq. Onun özünün hamıdan artıq istəklə, hamıdan böyük bağlılıqla qulluq etdiyi, yön verdiyi, yoluna qoyduğu qanunlar, sərgilədiyi qanunçuluq istər özünün, istərsə də yaxınlarının ən dayanıqlı, dönməz qarantıdır – demokratik dövlət başçısı bunu gözəl bildiyindən arın-arxayın yaşayır.
Diktatorlar öz əllərilə özlərinə cəhənnəm yaradan kimsələrdir. Ancaq onlar o cəhənnəmi təkcə özlərinə deyil, eləcə də yaxınlarına yaradırlar. Bu gün də, yarınlarda da. Başında durduğu böyük qanunsuzluqlar, çoxsaylı kriminallar toplusu diktatorun gündüzünü grcəyə, gecəsini gündüzə çevirir. Çıxış yolunu o, ölkədə qorxu rejimi yaratmaqda görür. Bundan ötrü o, toplumdan uzaqlaşıb güc qurumları ilə yaxınlaşma yolunu tutur. Diktatorun getdikcə artan, gecə-gündüz ona dinclik verməyən qorxusu üzündən bu sürəc getdikcə dərinləşir. Başqa cür desək, diktator özünün xəstə qorxusu üzündən getdikcə toplumdan daha çox uzaqlaşaraq güc qurumları ilə daha çox birləşib-bağlaşmaqla istər-istəməz ölkəni iki yerə parçalayır: toplum bir yana ayrılır, başçı-diktator bir yana. Toplumdan ayrılan diktator çox keçmədən güc qurumlarının başçısından daha artıq başmağına çevrilir. Bu necə baş verir? Onlar çeşidli yollarla diktatorun toplumdan qorxusunu getdikcə dəriləşdirməklə repressiyaları genişləndirir, dərin qorxu, geniş repressiya axarında diktatoru özlərindən asılı duruma gətirirlər.
Sonrasını çox qısaca demək gərəkir: bir çox bizə bəlli diktatorların, o sıradan, Stalinin, Xruşşovun, bir çox başqalarının törəmələri (indilikdə diktator Putinin qızı) öz ölkələrini atıb Avropada, Amerikada yaşamağa üstünlük verirlər. Sonda doğmaları da onlardan üz döndərir…