İqtidar nurçulara bağlı olduğu bildirilən bu təhsil ocağının bağlamaq istəmədiyini açıq şəkildə ortaya qoydu
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı nurçu məsələsinin də əsas müzakirə mövzusu olacağı barədə məlumat vermişdik. Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycanda nurçular sıxışdırılsa da, onlara yaxın məktəblər bağlansa da Ərdoğan nəticədən o qədər razı deyil.
Türkiyənin prezidenti Azərbaycanda bu şəbəkənin ümumiyyətlə mövcudluğuna son qoyulmasını istəyir. Bildirilirdi ki, onun tələblərindən biri də nurçulara bağlı olan Qafqaz Universitetinin qapadılması olacaq. Azərbaycan isə adıçəkilən universiteti qapatmaq niyyətində deyil. Məlumatda deyilirdi ki, Ərdoğan bu məsələdə israr edəcəyi təqdirdə Qafqaz Universitetinin “Ulduz” adı ilə fəaliyyətinin təmin olunması planlaşdırılır.
Bir neçə gün əvvəl Azərbaycan hökuməti Qafqaz Universitetini qapatmaq istəmədiyini açıq şəkildə bəyan edib. Azərbaycan Dövlət Neft Şirkətinin (Qafqaz Universiteti bu qurumun tabeliyinə keçib) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu təhsil ocağının gələcəkdə də fəaliyyət göstərəcəyinin bildirib.
Onun sözlərinə görə, Qafqaz Universitetinin bağlanması məsələsi gündəmdə deyil: “Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində müəyyən reytinq qazanmış təhsil ocağıdır. Bunu tələbə qəbulu nəticəsində göstərilən nəticələr də əyani sübut edir. Biz ancaq çalışmalıyıq ki, bu universitet daha yaxşı fəaliyyət göstərsin. Qafqaz Universitetində milliləşmə siyasətini və milli kadrların hazırlığını önə çəkməyə çalışmalıyıq”.
Ərdoğanın səfərinə az qalmış belə bir açıqlamanın verilməsi Türkiyə prezidentinə mesaj kimi qiymətləndirilir. Yəni, Azərbaycan hakimiyyəti indidən Ərdoğanın nəzərinə çatdırmaq istəyir ki, bu məsələdə geri çəkilmək niyyətində deyil.