Adminstrasiya rəhbəri «Azadlıq»ı nədə ittiham edir?
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistləri başına yığıb geniş bir müşavirə keçirdi. Həmişəki kimi ölkədəki inkişafın qanadlanmasından söhbət açdı və müxalif fikrin daşıyıcılarını düşməni sevindirməkdə ittiham etdi.
“Özünü ”hərbi ekspert” kimi təqdim edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, vaxtilə korpus komandiri olmuş, hazırda isə xarici ölkələrdən birində yaşayan Isa Sadıqov qərəzli, heç bir əsası olmayan iddialarla çıxış edir, silahlı qüvvələri, onun rəhbərliyini hədəfə götürür, müstəqillik dövründə milli ordu quruculuğu sahəsində görülmüş işləri gözdən salmağa çalışır və öz açıqlamaları ilə düşmənin maraqlarına xidmət edirlər. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və bir sıra digər KIV-lər onların qərəzli iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli fəaliyyətin iştirakçısına çevrilirlər”-deyə Ramiz Mehdiyev bildirib.
Əvvəla, “Azadlıq” qəzetini bu qədər diqqətlə oxuduğuna görə Ramiz müəllimə təşəkkür edirik. Yəqin ki, müxalifət qəzetlərinin oxunmadığını iddia edən rejim məddahları bundan sonra Ramiz Mehdiyev nümunəsini də nəzərə alacaqlar.
“Azadlıq” qəzetini çirkin fəaliyyətdə, ölkəni gözdən salmaqda ittiham edən akademikin möhtəşəm məntiqi var. Ölkədəki korrupsiyadan, təhsilin, səhiyyənin, məhkəmələrin real vəziyyətindən yazmaq vətənə xəyanətdirsə, o zaman ən böyük xəyanətkar rejimin özüdür.
Gəlin dəqiqləşdirmə aparaq və bir neçə nümunəyə nəzər salaq.
“Azadlıq” qəzeti ordudakı vəziyyətlə bağlı yazı dərc etdi və məhkəmə cərimələri ilə qarşılaşmalı oldu. Ancaq bir müddət keçəndən sonra Müdafiə naziri vəzifədən uzaqlaşdırıldı, Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən millət vəkilləri ordunu hədəfə aldı, Zahid Oruc Səfər Əbiyevi “kabinet naziri” adlandırdı. Daha sonra yeni nazir təyin edildi və nazirin göstərişi ilə hərbi xidmətə yararsız olan 205 nəfər çağırışçı geri qaytarıldı. Bunun arxasınca HDQ-nin rəhbər şəxsləri həbs olundu və onlara qarşı dəhşətli ittihamlar irəli sürüldü. Prokurorluq və nazirlik HDQ-nin komandiri Şahin Sultanov haqqında açıqlama verdi və bu şəxslə bağlı mənimsəmə, vəzifə saxtakarlığı ittihamı ilə cinayət işi açıldı.
Cənab Mehdiyev, bütün bunları “Azadlıq” qəzeti tirajlamayıb və sizin məntiqinizlə yanaşsaq, prokurorluq ən böyük vətən xainidir.
Yaxud “Azadlıq” zaman-zaman təhsildəki problemlərdən yazıb və bu məqalələr real faktlara əsaslanıb. Daha sonra hakimiyyət etiraf etdi ki, təhsildə problemlər var və təhsil naziri vəzifədən uzaqlaşdırıldı. TQDK imtahanların bərbad nəticələrini açıqladı. Ən əsası, PA rəhbəri Ramiz Mehdiyev etiraf etdi ki, Prezident Aparatında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirlər.
Bəli, bu faktları da “Azadlıq” yazmayıb. Görəsən, Ramiz müəllim Azərbaycanda bir dənə də savadlı hüquqşünasın olmadığını dili gətirərək düşmənləri niyə sevindirir?
“Azadlıq” qəzeti uzun illərdi səhiyyədəki problemlərdən yazır və hakimiyyət bu yazıları qərəzli hesab edir. Amma hakimiyyət öz səhiyyə nazirini həbs etdi və bu şəxslə bağlı ən pis ittihamlar səsləndirildi. Daha sonra yeni səhiyyə naziri təyin edildi. Yenə də vəziyyət dəyişmədi və rəsmi statistika təsdiqlədi ki, hər il milyonlarla ölkə vətəndaşı müalicə olunmaq üçün Irana üz tutur. Hətta, Ramiz Mehdiyev özü də yerli səhiyyəyə etibar etmir və Almaniyada müalicə olunur. Yaxşı olar ki, Ramiz Mehdiyev Hesablama Palatasının Səhiyyə Nazirliyi ilə bağlı hesabatına diqqət yetirsin. Həmin hesabatda nazirlikdəki mənimsəmələr, vəzifə səlahiyyətindən sui-istifadə halları ilə bağlı geniş məlumatlar var. Indi belə çıxır ki, Hesablama Palatası düşmən dəyirmanına su tökməklə məşğuldur?
“Azadlıq” qəzeti metropolitendəki “5″ qəpik korrupsiyasından yazdı və məhkəmənin hökmü ilə 32000 manat cərimə olundu. Amma bir müddət sonra metropoliten rəisi Tağı Əhmədov vəzifədən kənarlaşdırıldı və məlum oldu ki, bu sahədə milyonlarla yeyinti olub. Sahibkarlar onlardan alınan külli miqdarda rüşvətdən danışdı, Əli Həsənov metro ticarətini qanunsuz adlandırdı. Yəni ”Azadlıq”ın yazdıqlarını daha çılpaq formada hakimiyyət təsdiqləmiş oldu.
Belə nümunələr yüzlərlədir və bütün nümunələr Ramiz Mehdiyevin ittihamlarını rədd edir.
Amma məsələnin başqa tərəfi də var. Heç kimə sirr deyil ki, “Azadlıq” müxalifət qəzetidir və müxalif fikrin təmsilçisidir. Ancaq Ramiz Mehdiyevin məntiqindən belə çıxır ki, “Azadlıq” ölkədəki həqiqətlər qarşısında kor olmalıdır və yalnız təriflə məşğul olmalıdır. O zaman sual ortaya çıxır. Niyə AzTV-lər, Lider-lər ancaq təriflə məşğul olur, niyə bu telekanallar bir dənə də neqativ hadisəni görmür? Niyə “Azərbaycan”, “Yeni Azərbaycan”, “Səs” qəzetləri yalnız mədhiyyə oxumaqla və bir neçə ailəni bütləşdirməklə məşğuldur?
Necə olur ki, “Azadlıq”ın tənqidə hədəflənməsi “pis əməl”, “Azərbaycan”ın tərifə köklənməsi “vətənə xidmət” hesab edilir?
Bir sözlə, Ramiz Mehdiyevin jurnalistlərlə keçirdiyi müşavirənin məqsədi, bu sahədə inkişafa nail olmaq, neqativləri aradan qaldırmaq deyildi. Sadəcə olaraq, ölkə həqiqətlərini dilə gətirən, prinsipial mövqe sərgiləyən, yalançı tərifdən imtina edən tək-tük mətbuat nümunələrini gözdən salmaq idi.
Akif