Polşanın insan haqları ilə bağlı mövqeyi Brüsselin siyasətini daha ardıcıl və prinsipial edəcək
Azərbaycana da təzyiqləri artıracaq
Avropa Birliyinin rəhbərliyində baş verən son dəyişiklik bir sıra aspektlərdən maraq doğurur. Söhbət Polşanın xarici işlər naziri Donald Tuskun Avropa Birliyi Şurasının yeni prezidenti seçilməsindən gedir. 2 il yarım müddətində Avropa Birliyinin prezidenti olacaq Donald Tusk vəzifəsinin icrasına dekabrıın 1-də başlyacaq. Moqerini isə noyabrın 1-dən yeni vəzifəsini icra edəcək. Eyni gündə yeni Avropa Komissiyası fəaliyyətə başlayacaq.
Avropa Birliyinin rəhbərliyinə məhz Polşanın gəlməsi bir neçə məqam nəzərə alınarsa, ciddi dəyişikliklər vəd edir. Öncə onu qeyd etmək yerinə düşər ki, Rusiyanın hazırda Ukraynada yürütdüyü siyasətə qarşı ən sərt mövqedən Polşa çıxış edir. Polşa istər Maydan hadisələrində, istərsə də ondan sonrakı aqressiyaya adekvat reaksiyanın verilməsində aktiv rol oynayıb.
Polşa Azərbaycanla da bağlı prinsipial mövqedən çıxış edib. Məhz Polşa Azərbaycanda baş verən repressiv addımlara sərt münasibət sərgiləyən ilk Qərb dövlətlərindən biri idi. Onu da qeyd edək ki, Polşanın bu münasibətini hakimiyyət də birmənalı qarşılamamışdı. Rəsmi Bakı ənənəsinə sadiq qalaraq Polşa XIN-nə “cavab” ünvanlamışdı.
Siyasi şərhçilər hesab edir ki, Azərbaycan-Avropa Birliyi münasibətləri məhz hakimiyyətin repressiv siyasəti nəticəsində böhran mərhələsindədir. Çünki uzun illərdir ki, Avropa Birliyi Azərbaycanla Assosiasiya müqasiləsi bağlamaq üçün ciddi səylər göstərir. Azərbaycanda repressiyaların sərtləşdirilməsi əslində bu səylərin heçə enməsi deməkdir. Nəticədə aparılan siyasət Azərbaycanı Avropa Birliyindən artıq xeyli uzaqlaşdırıb. Məlum olduğu kimi, Assosiasiya müqaviləsini imzalamaqda məqsəd bu müqaviləni imzalayan ölkələrdə ciddi siyasi-iqtisadi, demokratik islahatların keçirilməsini təmin etməkdir. Son aylarda isə Avropa Birliyinin Azərbaycana diqqəti repressiyanın doğurduğu nəticələrə yönəlib.
Ekspertlər eyni zamanda onun altını cızırlar ki, digər Avropa ölkələri ilə yanaşı Polşa Xarici Işlər Nazirliyi də Azərbaycandakı repressiyalarla bağlı sərt mövqe sərgiləyib. Əslində bu həm də onunla bağlıdır ki, Polşa Şərq Tərəfdaşlığı Proqramının reallaşdırılmasında ciddi rol oynayan bir ölkədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bir neçə gün bundan əvvəl məhz bu ölkənin baş naziri Avropa Birliyi Şurasının prezidenti seçildi. Ekspertlərin qənaətincə, heç şübhəsiz, bu, bir sıra dəyişikliklər vəd edir. Çünki, Tusk Rusiyanın aqressiya siyasətinə qarşı sərt mövqedə durması ilə fərqlənir. Polşanın baş naziri kimi Avropanın şərqə doğru genişlənmə proqramının həyata keçirilməsində ciddi rol oyanayan bir şəxsin artıq yüksək səlahiyyətlər alması qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha ciddi səylərin göstəriləcəyini deməyə əsas verir.
Xəyal