O, hakimiyyətin nəzarətində olan, oliqarxların cibindən maliyyələşən saytlar və qəzetlərlə «Azadlıq»ı səhv salıb
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum müşavirəsindən dərhal sonra “Yeni Azərbaycan” qəzetinin redaksiyasında ənənəvi olaraq dəyirmi masa təşkil edilib. Dəyirmi masada müşavirədə söz ala bilməyən media rəhbərləri ürəklərini boşaltmaq imkanı əldə edib. PA rəhbərinin çıxışından ruhlanan baş redaktorlar “Azadlıq” qəzetini hədəfə alıblar.
Bu məsələdə “Iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə daha fəal olub.
V.Rəhimzadə iddia edib ki, “Azadlıq” qəzetində Ermənistanın Azərbaycana qarşı qərəzli və düşmən siyasətini tirajlayan yazılara rast gəlinir. Hətta misal da çəkib: “Məsələn, bir müddət əvvəl həmin qəzetdə, guya, Culfa rayonunun Ləkətağ kəndinin boşalması ilə bağlı informasiya yayıldı. Mən bu rayonu yaxşı tanıyıram, orada dəfələrlə olmuşam. Bu informasiya yalandır. Bu cür yalan informasiyaları yaymaq Azərbaycana düşmənçilikdir, hətta bu, ölkəyə, xalqa düşməndən də artıq zərbə vurmaqdır”.
“Azadlıq” qəzetində Culfa rayonunun Ləkətağ kəndi ilə bağlı həqiqətən də məlumatlar gedib. Iyunun 11-də “Naxçıvandan həyəcanlı döyüş xəbərləri” başlıqlı yazıda qeyd olunur ki, yerli saytlarda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Naxçıvan istiqamətində şiddətli atışmaların getdiyi barədə məlumatlar yayılıb. Yazıda bu məlumatı yayan saytların adları çəkilir və onlara istinad edilir: “Naxçıvandan olan jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin bizimyol.info-ya bildirib ki, Culfa rayonunda ermənilərlə təmas xəttində atışma olsa da, heç bir kənd boşaldılmayıb. Onun ”Yeni Müsavat”a verdiyi məlumata görə, ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar”.
“Azadlıq” Müdafiə Nazirliyinin ANS-ə verdiyi məlumata da yer ayırıb: “Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-in sorğusuna cavab olaraq bildiriblər ki, Naxçıvanın yüksəkliklərinin ermənilərin əlinə keçməsi haqda yayılan xəbərlər həqiqətə uyğun deyil”.
“Azadlıq”ın istinad etdiyi “Yeni Müsavat” bu məsələ ilə bağlı yazıda Virtualaz.org saytına istinad edib və Ləkətağda atışmanın davam etdiyini yazıb. Yəni bu məlumatı yayan ilkin mənbə “Azadlıq” deyil. Qəzet bütün məlumatlarda ilkin mənbələrə istinad edib və rəsmi məlumata yer ayırıb.
Bu mövzuda ikinci məlumat “Azadlıq”da iyunun 20-də yer alıb. “Vasif Talıbov da təxribatdan şübhələnir” yazısında da Müdafiə Nazirliyinin rəsmi məlumatı əks olunur. Həmçinin ANS-də məlumatın diversiya xarakterli olması ilə bağlı deyilənlər, Naxçıvanın rəsmi “Şərq qapısı” qəzetində məlumatın yalan olması ilə bağlı yazılanlar yer alıb.
Yəni “Azadlıq”da Culfanın Ləkətağ kəndi ilə bağlı gedən hər iki yazıda qəzet ilkin mənbəyə istinad edib, eyni zamanda rəsmi məlumat əksin tapıb. Son nəticədə qəzet məlumatın təxribat xarakterli olduğunu və həqiqəti əks etdirmədiyini qeyd edib.
Görünür, bütün bunlar Ramiz Mehdiyevin sözlərindən ruhlanan Vüqar Rəhimzadənin diqqətindən yayınıb. “Iki sahil”in baş redaktoru bundan sonra faktlara istinad etsə, daha yaxşı olar. Bu onun özünün də pərt olmasının qarşısını alar. Hərçənd rəsmi mətbuat yaydığı böhtandan heç vaxt narahatçılıq keçirməyib.
V.Rəhimzadənin yadına salaq ki, iyulun sonlarında və avqustun ilk günlərində cəbhə xəttində baş verən atışma xəbərlərinə “Azadlıq” son dərəcə həssas yanaşırdı. Hakimiyyətin nəzarətində olan, oliqarxların cibindən maliyyələşən saytlar və qəzetlər hər gün bir kənd alıb-verəndə “Azadlıq” yalnız rəsmi məlumata yer ayırırdı. Yada salaq ki, həmin günlər qəzetin nəşri dayandırılmışdı. Məlumatlar yalnız saytda yerləşdirilirdi və istənilən şəxs bu məlumatlara yenidən nəzərə sala bilər.
Hakimiyyətə yarınmaqdan ötrü dəridən-qabıqdan çıxan Vüqar Rəhimzadə gələn dəfə bunları nəzərə alsın. Yoxsa özünü də, ona belə danışmaq üçün ilham verənləri də pis vəziyyətə salır.
Fizzə