Administrasiya rəhbərinin irad tutduğu adamlar izi itirdilər
Irad bildirilən xəbərlər saytlardan yığışdırılıb
Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev mətbuatın fəaliyyəti ilə bağlı keçirdiyi müşavirədə əsas hədəf kimi ənənəvi olaraq “Azadlıq” qəzetini və “Azadlıq” radiosunu seçdi.
PA rəhbəri bildirib ki, Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir.
Bununla belə R.Mehdiyev ad çəkmədən digər mətbu orqanlara da irad bildirib. PA rəhbərinin iradları ilə bağlı kiçik araşdırma apardıq. Onu da qeyd edək ki, əgər iradlar “Azadlıq” qəzetinə olsaydı, R.Mehdiyev qəzetin adını çəkərdi. O ad çəkməsə də, biz iradların kimə aid olduğunu araşdırmağa çalışdıq.
Məsələn, PA rəhbəri deyir ki, bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə “ixtisaslaşıblar”. Son hadisələr zamanı informasiya agentliklərindən biri Müdafiə Nazirliyinin rəsmi açıqlamasını gözləmədən şəhid olmuş hərbi qulluqçular haqqında özəl kanallarla əldə etdiyi, əsasən də yanlış məlumatlar əsasında xəbərlər yayıb. Bəzi saytlar isə bütün mümkün sərhədləri aşaraq həlak olanların sayı barədə fantastik rəqəmlər səsləndiriblər.
Əvvəla, cəbhədə döyüşlər gedən vaxtı “Azadlıq” qəzetinin nəşri dayanmışdı. Saytda rəsmi mənbələrə, Müdafiə Nazirliyinə istinadən məlumatlar yerləşdirilib. Həmin məlumatlar hazırda da saytın arxivindədir. Əsasən, APA agentliyinin, “Trend”in, “Azadinform”un məlumatları yer alıb. Yəni bu məsələdə R.Mehdiyevin “Azadlıq”a hər hansı irad tutması üçün əsası yoxdur.
PA rəhbərinin digər iradı avqustun 7-də Tovuz rayonunda ermənilərin kəşfiyyat-diversiya qrupunun zərərsizləşdirilməsi və Karen Petrosyan adlı diversantın yaxalanması ilə bağlı agentliklərin və Müdafiə Nazirliyinin yaydıqları məlumatlar arasında yaranmış ziddiyyətlə bağlıdır.
Karen Petrosyanın saxlanılması və ölümü ilə bağlı xəbəri “Azadlıq” qəzeti “ANSpress” saytına istinadən yayıb.
Rəsmi məlumatdan fərqli xəbər yayan media orqanlarının adını çəkmədiyindən R.Mehdiyevin kimləri nəzərdə tutduğunu deyə bilmərik. Lakin onu qeyd etmək lazımdır ki, ölkədə qəzetlərin, saytların, agentliklərin əksəriyyəti hakimiyyətin, oliqarx məmurların nəzarətindədir. Məlum oliqarxa məxsus olan və müşavirədə vəziyyətdən çıxış yolunu təklif edən holdinqin rəhbərinin saytları cəbhə xəbərlərini yaymaqda daha fəal idi.
Hər halda R.Mehdiyev hansı nəşrin kimin cibindən maliyyələşdiyini bizdən də yaxşı bilir.
R.Mehdiyevin göstərdiyi başqa bir fakt – digər bir sayt Müdafiə Nazirliyinin açıqlamasını gözləmədən avqustun 26-da Qazax rayonunun Kəmərli kəndində növbəti erməni diversantının saxlanması haqqında düzgün olmayan məlumat yayıb. Onun ardınca başqa saytlar dərhal bu məlumatı səhifələrinə yerləşdiriblər. Prezident Administrasiyasının müdaxiləsindən sonra həmin məlumat saytlardan çıxarılıb. Lakin bir neçə saat keçdikdən sonra həmin məlumat yenidən saytların birində yerləşdirilib və digər resurslar da, hətta xəbərdarlıq olunmuş saytlar da onu təkrar veriblər.
Bu məsələ ilə bağlı ilk məlumatı “Yeni Müsavat” qəzeti bölgə müxbirinə istinadən yayıb. Digər saytlar da “Yeni Müsavat”a istinad edib. “Azadlıq” qəzeti və saytı, ümumiyyətlə, bu mövzuya yer ayırmayıb.
R.Mehdiyevin yadına onu da salaq ki, hakimiyyətə yaxın nəşrlərdən fərqli olaraq “Azadlıq” qəzeti Prezident Administrasiyasından gələn təlimatla işləmir və ordan heç bir xəbərdarlıq da almır. Yəni bu məlumatlar bağlı iradlar da “Azadlıq”a aid deyil.
R.Mehdiyev növbəti iradına görə, bir neçə gün əvvəl Ağstafada – sərhəd bölgəsində Azərbaycanın hərbi texnikasının hərəkəti ilə bağlı qeyri-peşəkar mülki şəxs tərəfindən çəkilmiş şəkillər və videosüjet ölkənin aparıcı KIV-lərinə göndərilib və dərhal da onlar bunu tirajlayıb.
Bu barədə məlumatı və videonu yayanlar arasında “Qafqazinfo” saytını göstərmək olar. “Azadlıq” qəzetində və saytda bu barədə heç bir məlumat getməyib.
Bu yerdə qeyd edək ki, Ramiz Mehdiyevin irad bildirdiyi bütün məlumatlar saytlardan yığışdırılıb. Internetdə axtarış zamanı yazıların başlıqlarına rast gəlinsə də, yazılar açılmır. Bu isə onların silindiyindən xəbər verir. PA rəhbərinin etirazına səbəb olan xəbərləri yaymaqda fəal olanlar onun iradlarından da nəticəni dərhal çıxardı və izi itirməyə çalışdı.
PA rəhbəri bəzi saytların erməni mənbələrinə istinad etdiyini deyib. Bu ənənə oliqarxların maliyyələşdirdiyi saytlarda və qəzetlərdə var.
Bu yerdə xatırladaq ki, bir neçə ay əvvəl Mirşahin “Aramızda diversantlar var!” yazısında “informasiya diversiyasını törədən vasitələrin arxasında duranlar arasında bəzi iqtidar mənsublarının peysəri görünür. Onlar bir-biri ilə apardığı gizli mübarizədə baltanı oturduqları ağacın, dövlətimizin kökünə çaldıqlarının fəriqində deyillər” yazırdı. Bir-birinə rəqib olan oliqarxların nəzarətində olan saytların yaydığı fərqli cəbhə xəbərlərinə toxunan PA rəhbəri “aralarında diversantların olduğunu” unutmasın.
Fizzə