Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova ölkədən buraxılmayıb. Bu barədə “Azadlıq” radiosuna məlumat verən Günay İsmayılova deyib ki, sentyabrın 2-də Gürcüstana getmək üçün Bakı hava limanına yollanıb: “ATƏT-in iki günlük seminarına qatılmalı idim. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt, amma aeroportda sərhəd xidmətində məni buraxmadılar”.
Günay İsmayılovanın sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluq qoyub: “Bu, qanunsuz göstərişdir. Ona görə də prokurorluğu məhkəməyə verəcəm”. Bundan əvvəl RATİ-nin əməkdaşı Əbülfət Namazovun da ölkədən çıxmasına icazə verilməyib.
Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib, onların harada olduğu məlum deyil.
RATİ-nin əməkdaşları isə istintaqa şahid qismində cəlb olunublar.