QMİ idarədə işçilərin dinlənilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Şeyxülislam Allahşükür Paşazadə illərdən bəri işçilərini izləyirmiş. Bu barədə “musavat.com” saytı məlumat yayıb. Sayta məlumatı ötürən mənbə bunu “Elşad Abdullayevdən sonra ikinci böyük gizli çəkiliş skandalı” adlandırıb. Bildirilir ki, QMİ–nin sədri Paşazadə QMİ–də axundların otağlarında, Bakı İslam Universitetinin rektoru və müəllimlərin kabinetlərində, müavini Hacı Salmanın otağında və Həccə sənəd toplama idarəsində gizli kameralar yerləşdirib və öz işçilərini gizli şəkildə izləyib.
Qeyd olunur ki, bu əməlin üstü bir aydır ki açılıb. Bununla belə, əməlin faş olunmasının təsadüfdən, yoxsa qəsdən təşkil edilməsi bilinmir. Materalda o da bildirilir ki, şeyxin sifarişi ilə gizli kameraları yerləşdirən şəxs hazırda İsveçrədə mühacirətdədi və həmin gizli çəkilişlər başqa əllərə keçsə, bu, şeyxin sonu olacaq. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Azadlıq”a açıqlamasında bildirdi ki, yayılan məlumatlar təxribatdır və qətiyyən reallığa uyğun deyil:
“ Yazılanları yalnız provakasiya adlandırmaq olar. İctimaiyyətə məlumat vermək istəyirik ki, QMİ, habelə onun yerləşdiyi “Təzəpir” məscid kompleksi mühafizə olunur. Eyni zamanda şeyx həzrətlərinin özü də mühfizə olunan şəxsdir və şəxsi mühafizəsi olan ictimai xadimdir. Həm kompleksin, həm də şeyx həzrətlərinin mühafizəsi baxımından, ətrafda təhlükəsizlik kameralarının quraşdırılması normaldır və bu proses açıq şəkildə həyata keçirilir. Bundan kənarda heç bir kameradan, izlənmədən söhbət gedə bilməz”