Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu yaxınlarda KİV nümayəndələri ilə görüşündə bir sıra mətbu orqanlara, o cümlədən “Azadlıq” qəzetinə irad bildirməsi aşağıdakı konteksdən göründüyü kimi başa düşülən deyildir. İnsanlar problemlərlə, ədalətsizliklərlə üzləşdikdə ilk növbədə bunları “yaradan” dövlət orqanlarına, sonra isə problemlər həll olunmadıqda isə Prezident Administrasiyasına, olkə rəhbərinə üz tuturlar. Çox təəssüf ki, bir çox hallarda belə müraciətlər cavabsız qalır, nəticəsi olmur. Konkret olaraq mən öz təcrübəmdən danışacağam. Bilirsiniz ki, bu il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeddi ildən sonra seçkilər keçirildi. Bunun özü mövcud AMEA Nizamnaməsinin kobud pozuntusudur. Seçkilər ən geci üç ildən bir keçirilməlidir!
Məlumat üçün bildirirəm ki, seçkilərə ilk elan hələ 2012-ci ilin fevralinda verilmişdi. Sonradan nədənsə seçkilər AMEA Nizamnaməsində nəzərdə tutulduğu vaxtda keçirilmədi; daha sonra isə o vaxtkı AMEA prezidentinin gözlənilməz ölümü bu işləri bir az da uzatdı. Nəhayət 2014-cü ilin Martında yenə seçki elanı verildi ( əvvəkli 2012-ci ildəki elanın qüvvədə qalması şərti ilə). Və nəhayət 30 iyunda seçkilər keçirildi.
AMEA-ya “seçkilər” adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı ən konservativ verilənlər bazasında- SCOPUS-da ən yüksəkdir, -549 sitat(öz-özunə istinadlarsız),- AMEA-dan kənarda qaldım. Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib.
Müxbir üzvlüyə təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır.Burada bir nəfərin 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar sayılmayıb (elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən).
Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından 1,7 dəfə azdır. AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var. Bəllidir ki, Azərbaycanın Əsas Qanunda ikili vətəndaşlığa yol verilmir.
PA siyahısında adları olanların səsləri “seçilmək” ücün baryeri aşana qədər şişirdilib.
Bu cür ədalətsiz təyinatları həyata keçirənlər ölkə rəhbərliyini fakt qarşısında qoyaraq inanırlar ki, dövlət başçısı onların qərarını qəbul edib bu qeyri-obyektivliyə göz yumacaq.
Göründüyü kimi AMEA-ya “seçkilər” AMEA Nizamnaməsinə əsla uyğun keçirilməyib. Ona görədə mən ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişəm ki, nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi versin. Hələ cavab almamışam. Düşünmüşəm ki, müraciətlərim dövlət başçısına tam çatdırılmır. Ona görədə mətbuat vasitəsi ilə bir neçə dəfə müraciət eləmişəm. Bu müraciəti dərc edən mətbuat vasitələrinə, internet portallarına minnətdaram, çünki bir çox başqa KİV-lər müraciətimi dərc etdirməkdən boyun qaçırıblar. Düzdür hətta bundan sonra da müraciətlərimə cavab almamışam. Düşünürəm ki, o səbəbə ki, müraciətim o dərəcədə əsaslıdır ki, vəziyyətdən necə cıxmağın yolunu belə tapa bilmirlər. Düşünürlər ki, ən yaxşı üsul fikir verməməkdir:yazıb yorular yəqin!!! Yeri gəlmışkən seçkidən qabaq AMEA prezidenti ilə görüşməyə dəfələrlə cəhd etsəm də, o məni qəbul etmədi. Görünür o səbəbdən ki, 81 yaşlı insanın belə xırda işlərə ayırmağa vaxtı olmayıb!!!
Məsələnin mətbuata açıqlanması belə bir həssas problemin ictimaləşdirilməsi baxımından önəmlidir;bundan əlavə, mətubatda gedən yazıların PA-da oxunması qənaətindəyəm, yeni ən yüksək səviyyədə qaldırılan problemlər haqqında düşünürsən ki, obyektiv olmasa da məlumatlılıq var.
Üzümü bir daha Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə tuturam ki, elmi ictimaiyyəti narahat edən belə bir ciddi hadisəyə adekvat reaksiya olmalıdır!
Ümidimi üzməyərək, yenə də Cənab Prezidentə müraciət edirəm ki, yeni ədalətli, obyektiv, insaflı seçkilərin keçirilməsinə tövsiyələrini versin.
Axı dünyanın heç yerində görünməyib ki, 28 il məqalə yazmayan şəxs yüksək elmi rütbəyə layiq görülsün!!! Axı ikili vətəndaşlığı olan AMEA-ya nəinki üzv ola bilməz, heç seçkidə belə iştirak edə bilməz!!! Axı Azərbaycan elminə mötəbər data bazalarında cüzi də olsa sitatlar gətirməyən səxslər yüksək elmi rütbəyə layiq görülə bilməz!!! Axı ola bilməz ki, yeddi müxbir üzv təyin edilir, amma elmi işlərinə sitatlarının sayı o yeddi nəfərin cəmi sitatlarının sayından çox olan səxs AMEA-dan kənarda saxlanılır!!!
Axı ola bilməz ki, üç nəfər akademik təyin olunur, amma elmi işlərinə sitatların sayı o üç nəfərin cəmi sitatlarının sayından az qala iki dəfə çox olan səxs AMEA-dan kənarda saxlanılır!!! Axı bu cür təyinatları həyata keçirənlər Azərbaycan elminin tənəzzülünə çalışırlar. Bax əsl “düşmən dəyirmanına su tökənlər” də onlardır!!!
Hörmətlə,
Elman Şahverdiyev,
AMEA Fizika İnstitutu