«Youtube»da polisin qanunsuz əməlləri haqda kifayət qədər video-faktlar var, bunu deyəndə niyə pis olursan?»
Nəsimi rayon Məhkəməsində sentyabrın 2-də hakim Şəlalə Həsənovanın sədrliyi ilə Ramil Usubovun Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
İclasda Eldəniz Quliyevə Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 91-ci maddəsi üzrə hüquq və vəzifələri elan edilib.
Məhkəmə baxış iclası sentyabrın 8-i saat 11:00-a təyin olunub.
Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında bildirdi ki, məhkəməyə verilməsi onun ictimai-siyasi fəaliyyətiylə bağlıdır: “Nə böhtan, nə təhqir var. Kimsə öz “Facebook” səhifəsində status yazırsa onu məhkəmyəə verirlərsə bu artıq sonun başlanğıcı deməkdir. O statusda adı çəkilməyən adamı məhkəməyə verirlərsə, belə başa düşürəm ki, istiqaməti itiriblər. Haqq söz deyənin ağzını bağlayıb susdurmaq istəyirlər. Ancaq bunların absurd hərəkətləri bumeranq effekti yaradacaq. Qaşınmayan yerdən qan çıxartmağa çalışırlar. Çünki mənim yazdığımda təhqir, böhtan yox idi. Hətta cəm halında polislərə də heç bir irad yox idi. Ancaq kifayət qədər polis orqanında insan var ki, onlar dövlətçiliyi qorumaq əvəzinə, qeyri-etik davranış qaydlarına yiyələniblər. Kifayət qədər belə polislər var. Zaman-zaman hətta polis sıralarından uzaqlaşdırıblar. “Youtube”da yol polisinin rüşvət alması, kobudluq etməsi haqda kifayət qədər video faktlar var. Bunu deyəndə niyə pis olursan? Əsas bu deyil. Əsas odur ki, Eldəniz Quliyev Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür, Ziyalılar Forumunun üzvüdür, Azərbaycan Ziyalılar Birliyinin rəhbəridir və ictimai-siyasi fəaliyyəti onlara hər hansı təhlükə yaradır. Məqsəd ancaq budur”.
Bir müddət öncə Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Eldəniz Quliyev yol polisinin hərəkətlərindən KİV vasitəsi ilə nazirliyə müraciət edərkən təhqirə yol verib, polisin şərəf və ləyaqətinə toxunub.
Bu səbəbdən daxili işlər naziri məhkəməyə müraciət edərək Eldəniz Quliyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.
Ramin DEKO