AXCP sədri Əli Kərimlidən tanınmış ziyalı Eldəniz Quliyevin məhkəməyə verilməsinə reaksiya
“Eldəniz Quliyev Azərbaycanın əqidəli, prinsipial, hər zaman haqsızlığa qarşı mövqe ortaya qoyan tanınmış ziyalılarındandır”. Bu sözləri AXCP sədri Əli Kərimli Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilməsinə münasibət bildirərkən deyib.
AXCP sədri əlavə edib ki, Eldəniz Quliyev barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına təşəbbüs göstərilməsi ona və Milli Şuraya qarşı təqib kampaniyasının tərkib hissəsidir: “Eldəniz bəy son illərdə elə bir ictimai siyasi proses olmayıb ki, həmin prosesə prinsipial yanaşmasın. Ona görə də Azərbaycan cəmiyyətini susdurmaq planı çərçivəsində hakimiyyətin nəzərləri bu dəfə Eldəniz bəyin üzərində cəmləşib. Daxili işlər nazirinin şəxsən özünün Eldəniz bəy barəsində xüsusi ittiham qaydasında cinayət işinə başlanmasına təşəbbüs göstərməsi onu göstərir ki, Eldəniz bəyin ziyalı kimi fəaliyyəti çox sanballıdır və hakimiyyəti narahat edir.
Bu iş həm də hökumətin Milli Şuraya qarşı apardığı təqib siyasətinin davamıdır. Ictimaiyyət bilir ki, bu ilin mart ayına qədər Milli Şura daha çox AXCP-nin icarəyə götürdüyü ofisdən istifadə edirdi. Həmin ofisi əvvəl partladıb sonra sökdülər. Sonradan Milli Şura Leyla xanımın rəhbərlik etdiyi Sülh və Demokratiya Institutunun ofisində fəaliyyətini davam etdirdi. Hakimiyyətin Leyla xanımına və həyat yoldaşına qarşı mənəviyyatsızcasına davrandığı hər kəsə məlumdur.
Son günlərdə Milli Şura Eldəniz bəyin rəhbəri olduğu Ziyalılar Birliyinin ofisində fəaliyyət göstərməyə başlayıb. Göründüyü kimi dərhal təqiblərə məruz qalıb. Beləliklə bu təqib kampaniyası yalnız onun şəxsiyyətinə deyil, bütövlükdə Milli Şuraya yönəlib”.
AXCP sədri həmçinin bildirib ki, Eldəniz Quliyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsinin hüquqi əsası yoxdur: “Azərbaycan cəmiyyətində heç kimin şübhəsi yoxdur ki, polisin fəaliyyətində neqativ hallar var. Eldəniz bəy də haqlı olaraq bu neqativ halları tənqid edib. Bu heç bir halda daxili işlər nazirinə əsas vermir ki, şərəf ləyaqətin təhqir olunması ilə məhkəməyə müraciət etsin. Şərəf və ləyaqət yalnız fərdlərə aid olan məfhumdur. Yalnız ayrı-ayrı vətəndaşlar şərəf və ləyaqətin müdafiəsilə bağlı məhkəməyə müraciət edə bilər. Bütövlükdə polisin, nazirliyin, komitələrin şərəf və ləyaqəti olmur. Ona görə də bu məsələnin heç bir hüquqi əsası yoxdur. Əgər Eldəniz Quliyev Ramil Usubovun adını çəkib təhqiramiz ifadə işlətsəydi, o zaman məhkəməyə vermək olardı. Lakin Eldəniz bəy daxili işlər naziri barədə hər hansı təhqiramiz ifadə işlətməyib.
Onu da qeyd edim ki, bir haldakı daxili işlər naziri özü şəxsən Eldəniz Quliyev məhkəməyə vermək məcburiyyətində qalıb. Bu onu göstərir ki, hökumətin vəziyyəti acınacaqlıdır”.