Sevinc Vaqifqızı
Seymur:
– Xalid hazırsan?
Xalid:
– Mən hazıram, səni gözləyirəm.
Seymur qeyd dəftərçəsinə baxır:
– Hə, demək, 3 dəqiqə giriş edirik, sonra müsahibə gələcək, 15 dəqiqə də ona ayıraq, reportajımız var, onu verəcəyik. Reportaj neçə dəqiqə olacaq?
Xalid:
– 4 dəqiqə.
Seymur:
– Bəsimizdir. Qalanları da yazdığımız kimi… Narahat olma, 53 dəqiqəlik verilişi sənə verəcəm (Qıyıq olan gözləri gülməkdən bir az daha qıyılır).
Kondisioner olan otaqdan iki dəfə balaca, gur işıqların isitdiyi və üstü açıq sərinkeşin belə, bu otağı sərinlətməyə taqəti qalmadığı yerdə verilişin çəkilişinə hazırlıq gedir. Çıxış edəcəyi stola çatmamış güzgüdə üzünə baxır, əlini bir-iki dəfə saqqalına çəkir və zarafatla deyir ki, bu saqqalı heç RTUK (Türkiyə Radio və Televiziya Şurası) belə, qırxdıra bilmədi.
Studiyadan asılı bir dəst kostyum var, evinə gedəcəyi günü gözləyir. Bu, dar günün kostyumudur. Aparıcılar bilirlər ki, geyimləri uyğun gəlməsə, əl altındadır, bunu götürüb geyinəcəklər.
Seymur:
-Əynim necədir,ÿuyğun gəlir?
Xalid qaşının birini qaldırıb, düşünüb, sakit halda “yaxşıdır, gedər” – deyir.
Seymur:
-Hə,onda başladıq.
Cəld keçib stula əyləşir. Kameralar qoşulur, sərinkeş söndürülür. Işıqların hamısı yanır. Elə bil Ərəbistan səhrasında çəkiliş başlayır. Seymur “Hər vaxtınız xeyir. ”Azərbaycan saatı”nın növbəti buraxılışına baxırsınız. Studiyada mən Seymur Həzi…”
Suflyor yoxdur, amma o, sözünü dolaşığa salmadan danışır. Hər fasilədə dərindən nəfəs alıb, o biri süjetlərin təqdimatını edir. Otaq get-gedə istilənir, hava çatışmır. Çəkilişi müvəqqəti dayandırıb, qapını açırlar. Dərindən nəfəs alandan sonra qapı bağlanır, “Azərbaycan saatı”nın çəkilişi davam edir. Çəkiliş zamanı zarafat etməkdən çəkinirlər, çünki adətən bu zarafatlar montajda gözdən qaçır və birbaşa efirə verilir.
Fasilə zamanı Seymur soruşur:
– Qaqan necə danışır?
Xalid baş barmağını qaldırıb əla işarəsi göstərir.
“Az qalmışıq, qurtarırıq, bir az da istiyə dözək” – deyib, enerjisinin “dibini sivirib” çıxışını tamamlayır.
“Azərbaycan saatı” sizin alternativsiz efir məkanınızdır. Biz sizin xidmətinizdəyik. Vaxtınızı “Azərbaycan saatı”na uyğun qurun, çünki həqiqətin yeganə efir məkanlarından biri buradır. Sağ olun” – deyib Xalidə tərəf çevrilir.
“Xalid, yenə sonluğu pozitiv qurtardıq” – deyib, məmnun halda gülümsəyir…