Bəs məzar daşları ilə bağlı niyə oxşar qadağa yoxdur?
Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Bu barədə AzVision.az-a şəhər icra hakimiyyətindən məlumat verilib. Bildirilir ki, Eldar Əzizov Mənzil Istismar Sahələrinin (MIS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.
Tapşırığa əsasən, MIS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.
Icra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MIS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.
“Azadlıq”ın redaksiyasına da müraciət edən vətəndaşlar isə bu məsələ ilə bağlı maraqlı məqama toxunublar. “Yaslarda israfçılığın qadağan olunması ümumilikdə yaxşı haldır. Amma bütövlükdə ehsan verilməsinə qadağa qoyulması doğru deyil. Lakin bizi düşündürən bu məsələ deyil. Bizi düşündürən odur ki, niyə məzar daşları ilə bağlı oxşar qadağa yoxdur? Hər kəsə aydındır ki, bu gün qəbirstanlıqlar dəbdəbəli məzarlarla doludur. Hansısa nazir, məmur rəhmətə egtmiş yaxınına 100 minlik məzar daşı qoydurur, abidə ucaldır və s. Bu Islama da ziddir. Nə üçün yaslarda isrfaçılığa dəstək verən Qafqaz Müsəlmanlar Idarəsi bu məsələyə göz yumur? Nə üçün yaslar barədə danışan deputatlar, məmurlar bu barədə danışmır? Bəlkə mərmər daşı kimlərinsə monopoliyasındadır ona görə?”, – deyə vətəndaşlar bildirib.