Separatçılar ötən bazar günü Mariopol şəhərini tam mühasirəyə aldıqlarını bəyan ediblər. Ukrayna ordusunun hissələri Mariopol ətrafındakı Strarodubovka, Boyevoye və Çernovoye Pola yaşayış məntəqələrindən geri çəkiliblər. Beləliklə, Mariopol şəhəri mühasirəyə düşüb. Lakin hələlik separatçılar şəhərə hücum etmirlər. Şəhərdə Ukrayna silahlı qüvvələrinin azsaylı bölmələri və könüllülərdən ibarət “Azov” batalyonu mövqe tutub, lakin onların hücum edən separatçılara qarşı müqavimət göstərmək imkanları çox zəifdir. Mariopol mühasirəyə düşdüyündən ora əlavə kömək göndərmək də mümkün deyil.
Digər məlumata görə, Ukrayna qüvvələri Luqansk şəhərinin beynəlxalq aeroportunu da tərk ediblər. Aeroportda mövqe tutan Ukrayna qüvvələri separatçıların və rus birləşmələrinin intensiv tank, artilleriya və “Qrad” zərbələri qarşısında geri çəkiliblər.
Ukrayna Milli Təhlükəsizlik Şurasının bildirdiyinə görə, aeroportu qoruyan qüvvələrə geri çəkilmək əmri verilib.