Əlövsət Əliyev
Rəsmi statistika olmasa da bəzi KİV-lərin hesablamalarına və QHT-lərin məlumatlarına görə bu gün Azərbaycan Respublikasının hüdudlarından kənarda iki milyondan artıq vətəndaşımız yaşayır. Onların bir milyon nəfərdən çoxu Azərbaycan vətəndaşı olamaqla bərabər həm də başqa ölkənin (Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Qazaxıstan, Gürcüstan, və s. ölkələrdən birinin və ya eyni zamanda üç və ya daha çox ölkənin vətəndaşı olan vətəndaşlar da vardır) vətəndaşlarıdır. Əlavə 1,5 milyondan çox AR vətəndaşı isə xaricdə daimi yaşamaq statusu almaqla yaşayır. Bundan başqa xaricdə müvəqqəti əsaslarla yaşayanlar (təhsil, müalicə, müvəqqəti iş və s. proqramlar) və qaçqın statusu almaq üçün müraciət edənlər də vardır. Beləliklə Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının 3 milyona yaxın vətəndaşı yaşayır.
XİN-in xaricdə qeydiyyatda olan ölkə vətəndaşları haqqında illik hesabatlarından və müxtəlif vaxtlarda seçkilərin nəticələri ilə bağlı xaricdə səs verən vətəndaşların sayını göstərən hesabatlarından məlum olur ki, əslində xaricdə yaşayanların 5-10 faizə qədəri qanunun tələblərinə uyğun olaraq olduğu ölkələrdə konsulluq qeydiyyatına alınmaqla yaşasa da böyük əksəriyyəti konsulluq qeydiyyatına alınmadan yaşayan şəxslərdir. Qeydiyyata alınanların əksəriyyətini xaricdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları təşkil edir.
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarını hüquqi statuslarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı həm də başqa ölkənin vətəndaşlığını əldə edənlər.
2. Yaşadığı ölkədə daimi yaşamaq hüququ (statusu) almış şəxslər.
3. Yaşadığı ölkədə müvəqqəti yaşamaq hüququ almış şəxslər.
4. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədinin etibarlılıq müddəti başa çatmış, lakin başqa ölkənin vətəndaşlığını əldə edə bilməyən və məskunlaşdığı ölkədə qanunsuz yaşayan şəxslər.
5. Qaçqın statusu üçün müraciət etmiş şəxslər (Konsulluq qeydiyyatı ilə bağlı tələblər bu qrupa aid deyil).
Bütün ölkələr xaricdə daimi və müvəqqəti yaşayan vətəndaşlarının hüquqlarının, qanuni maraqlarının müdafiəsi və təhlükəsizliklərinin təmini məqsədilə konsulluq uçotuna aparır. Azərbaycan Respublikasında xaricdə yaşayan vətəndaşların qeydiyyatı ilə bağlı qanunlar qəbul edilsə də vətəndaşların konsulluq qeydiyyatının aparılmasına bu vaxta kimi xüsusi maraq göstərilməyib. Son zamanlar başqa ölkələr qarşısında öhdəliyi olan şəxslərin siyahısının dəqiqləşdirilməsi, ayrı-ayrı ölkələrin həmin şəxslər vasitəsilə Azərbaycanda siyasi proseslərə müdaxiləsinin qarşısının alınmasının zəruriliyi, Ermənistanla müharibəyə başlamağın davamlı olaraq gündəmdə olması, müxtəlif qanunsuz islam silahlı birləşmələrində Azərbaycan vətəndaşlarının sayının artması barədə mətbuatda ardı-arası kəsilməyən məlumatların yayılması, Rusiyanın Ukrayna ərazilərinə iddiası və həmin əraziləri ələ keçirməsi, siyasi hakimiyyətin qorunması üçün vətəndaşlara nəzarətin gücləndirilməsi, habelə digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı yaranan zərurətə görə hakimiyyət xaricdə yaşayan vətəndaşlara nəzarəti gücləndirməkdə davam edir və bunu həyata keçirmək üçün bəzi tədbirlər görməyə başlayıb.
Xaricdə yaşayanların konsulluq qeydiyyatına alınması, daimi yaşamaq üçün xaricə gedənlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı ayrı-ayrı qanunlarda çoxsaylı normalar müəyyən edilib. 30 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda dəyişikliklər edilməsi həm də bununla bağlı idi. Bu qanunun məqsədi başqa ölkələrin vətəndaşlığını əldə edən ölkə vətəndaşları haqqında dəqiqləşdirilmiş məlumatların əldə olunmasına nail olmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikası öz vətəndaşının başqa ölkənin vətəndaşlığına mənsubiyyətin gizlədilməsi faktına görə hətta cinayət məsuliyyəti də müəyyənləşdirdi.
Lakin təcrübə göstərir ki, bu yolla xaricdə yaşayan ölkə vətəndaşlarının qeydiyyatına nail olmaq mümkün deyil. Əvvəla bu qanun yuxarıda qruplara ayırdığım vətəndaşların az faizini əhatə edir. Eyni zamanda hər hansı sahədə qanunun sərtləşdirilməklə mövcud problemlərin həllinə nail olmaq mümkün olmayıb. Bundan başqa xaricdə yaşayan Azərbaycan vətəndaşlarının qeydiyyata alınması qaydaları işlək deyil, qeydiyyata alınmaq üçün aydın mexanizm yoxdur, vətəndaşların məlumatlandırılması üçün tədbirlər görülmür, bu qeydiyyat ödənişsiz olduğundan konsulluq xidmətinin əməkdaşları buna maraqlı deyil, konsulluq qeydiyyatına alınmaqdan yayınmağa, habelə konsulluq qeydiyyatına almaqdan əsassız imtinaya görə məsuliyyət müəyyən edilməyib.
Konsulluqda qeydiyyata alınmağın qaydaları və əhəmiyyəti
Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşlar həmin ölkədə fəaliyyət göstərən konsulluqda qeydiyyata alınmalıdırlar. Xaricdə yaşayan vətəndaşların diplomatik nümayəndəlikdə konsulluq qeydiyyatına alınması qaydaları haqqında XİN-in və səfirliklərin saytlarından məlumat almaq mümkündür (bax. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 12 sentyabr 2012-ci il tarixli N-Q/07-12 saylı “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları”nın təsdiq edilməsi barədə qərarı). Əslində konsulluqda qeydiyyata alınmaq təkcə dövlət üçün deyil, eyni zamanda vətəndaşlar üçün çox əhəmiyyətlidir. Konsulluq qeydiyyatı daha çox xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.
Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının eyni zamanda hərbi uçotunu aparmalı, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölməsinə gəlmələrini təmin etməlidir.
Azərbaycan Respublikasının konsulluğu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası təyin edilmiş, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası uçotunu aparmalı, onlara əmək pensiyasının təyin edilməsi məqsədilə onların ərizələrinin və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi ərazi üzrə) göndərilməsini təmin edir.
Eyni zamanda xarici ölkələrə üç aydan artıq müddətə işləməyə ezam olunmuş, təhsil ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş (bundan sonra: müvəqqəti yaşayan) Azərbaycan Respublikasının vətəndaşları müvafiq olaraq işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınmalıdır.
Konsulluqda qeydiyyata alınanlar eyni zamanda konsulluq və ya səfirlik tərəfindən habelə digər təşkilatlar tərəfindən yaşadığı ölkədə Azərbaycanla bağlı keçirilən tədbirlər haqqında məlumatlar və ya müxtəlif tədbirlərə dəvətlər habelə bəzən qanunlarda edilən dəyişikliklər haqqında məlumatlar əldə etmək imkanı qazanacaqlar.
Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu xarici ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq hüququnu təsdiq edən müvafiq sənəd əsasında aparılmalıdır. Konsulluq qeydiyyatına alınmaq üçün xüsusi formalı uçot kartoçkası (Əlavə 1) doldurulmalı, uçota alınan vətəndaşın 3,5 x 4,5 ölçülü rəngli fotoşəkili uçot vərəqəsinə yapışdırılmalı və həmin vətəndaşın şəxsiyyət vəsiqəsinin və ya pasportunun və xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədinin sürətləri uçot vərəqəsinə əlavə olunmalıdır.
Uçota alınmaq istəyən şəxs sadalanan sənədləri poçt vasitəsilə və ya elektron qaydada da konsulluğa göndərə bilər.
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.
Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotu həmin xarici ölkələrdə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluqları tərəfindən aparılır.
Vətəndaşların xaricdə konsulluq qeydiyyatına alınması məcburi norma kimi nəzərdə tutulmayıb. Xaricdə yaşama müddətindən asılı olmayaraq konsulluqda vətəndaşın qeydiyyata düşməsi könüllülük əsasında həyata keçirilir və növcud qanunvericiliyə ğörə konsulluq qeydiyyatına düşməmək heç bir hüquqi nəticəyə səbəb olmur.
Buna baxmayaraq XİN rəsmi sənədlərinə diqqət etdikdə belə nəticəyə gəlmək olar ki, XİN birmənalı şəkildə ölkə vətəndaşlarının konsulluq qeydiyyatından keçməsini tövsiyə edir və bunda maraqlıdır. Çünki ölkədə baş verən narahatlıqlarla bağlı konsulluq vətəndaşları dərhal ünvanlarına uyğun olaraq məlumatlandırır.
Başqa ölkələrin təcrubəsi
Azərbaycanın xaricdə yaşayan vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün hazırladığı model Rusiyadan götürülmüşdür. Xaricdə yaşayan vətəndaşlarına nəzarət üçün çox sərt qanunlar qəbul etməsinə baxmayaraq əslində Rusiya xaricdə yaşayan vətəndaşları üzərində nəzarəti tam itirən ölkələrdəndir. Belə ki, Rusiya KİV -lərinin məlumatına görə bu gün Rusiyadan kənarda Rusiyada qeydiyyatda olmaqla 37 milyona yaxın rus vətəndaşı yaşayır və onların 10 faizə qədəri konsulluq qeydiyyatına alınmayıb.
Xaricdə səfərdə olan və ya daimi və ya müvəqqəti yaşayan Fransa vətəndaşlarından da məcburi olaraq konsulluq qeydiyyatına alınmaq tələb olunmur. Lakin Fransa XİN və hökuməti xaricə səfər edən hər bir vətəndaşına yaşayacağı ölkədə konsulluq qeydiyyatına alınmağı tövsiyə edir və demək olar ki bütün vətəndaşların qeydiyyata alınmasına bu qayda ilə də nail olur. Fransa hökuməti bunu iki səbəblə əsaslandırır. Birincisi, qeydiyyat imkan verir ki, təcili sənədləşmə zamanı şəxsin iştirakı olmadan konsulluq ilkin sənədləşmə apara bilsin. Məsələn, müvafiq sənədlərin alınması zamanı. İkincisi isə seçkilər zamanı qeydiyyatda olan seçicilərə bildirişlərin göndərilməsi.
Xaricdə yaçayan ABŞ vətəndaşlarının da konsulluqda qeydiyyata alınması könüllülük prinsipi əsasında və hec bir problem olmadan həyata keçirilir. ABŞ-da eyni zamanda xaricdə yaşayan vətəndaşların elektron qaydada qeydiyyatdan keçmək imkanları da mövcuddur.
Qonşu Türkiyənin təcrübəsi göstərir ki, həmin ölkələrin vətəndaşları hansı ölkədə yaşamasından asılı olmayaraq konsulluq qeydiyyatına alınırlar. Vətəndaşların dövlətlə hüquqi və siyasi bağlılığını qoruyur, onların dövlət qarşısında öhdəliklərinin, habelə hüquqlarının icrasına şərait yaradılır. Məsələn, hansı ölkədə yaşamasından asılı olmayaraq Türkiyənin hərbi çağırış yaşında olan vətəndaşlarının konsulluq vasitəsilə hərbi qeydiyyata dayanır və səbirsizliklə bu vəzifənin icrasını gözləyirlər.
Hesab edirik ki, xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınması vacibdir və Xarici İşlər Nazirliyi digər dövlət orqanları ilə bunun icrasına nail olmaq üçün açagıdakılar da daxil olmaqla bir sıra tədbirlər görməlidir:
1. Vətəndaşlarının konsulluq qeydiyyatına alınmasının təmin edilməsi üçün ən yaxşı təcrübənin müvafiq dövlət orqanları tərəfindən öyrənilməsinin təmin olunması.
2. Xaricə daimi və ya müvəqqəti yaşamağa gedən və ya başqa ölkənin vətəndaşlığını əldə edən hər bir vətəndaşın konsulluq qeydiyyatına alınması qaydaları və bunun zəruriliyi, habelə qeydiyyata alınmamağa görə qanunvericinin müəyyən etdiyi cəza tədbirləri haqqında məlumatlandırılması (XİN, DİN, Miqrasiya Xidməti, Diaspora ilə iş üzrə Dövlət Komitəsi və miqrasiya sahəsində ixtisaslaşmış QHT -lər tərəfindən) təmin olunmalıdır.
3. Xaricdə yaşayanların konsulluq qeydiyyatına alınmasının və onlar barəsində zəruri məlumatların müvafiq məlumat bazasına ötürülməsinin təmin olunması üçün Azərbaycan Respublikasının vətəndaşı olmaqla eyni zamanda başqa ölkənin vətəndaşlığını əldə edənlər haqqında, yaşadığı ölkədə daimi yaşamaq hüququ (statusu) almış şəxslər haqqında, yaşadığı ölkədə müvəqqəti yaşamaq hüququ almış şəxslər haqqında, Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş, lakin başqa ölkənin vətəndaşlığını əldə edə edə bilməyən və konsulluğa müraciət etmiş şəxslər haqqında, qaçqın statusu üçün müraciət etmiş və rədd cavabı aldığına görə başqa dövlətin müvafiq orqanından müraciət daxil olmuş şəxslər haqqında anket nümunələri hazırlanmalı, təsdiq edilməli və konsulluqların elektron məlumat bazalarında yerləşdirilməlidir.
4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 12 sentyabr 2012-ci il tarixli N-Q/07-12 saylı “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” da dəyişiklik etməli və vətəndaşın konsulluq qeydiyyatına alınması haqqında pasportda müvafiq qeydiyyatın aparılması haqqında bəndə dəyişiklik etməli və qeydiyyatın elektron və poçt vasitəsilə həyata keçirilməsi qaydasını müəyyən etməlidir.