Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarları ilə görüşünün detalları məlum olub. Saakaşvili Gürcüstanda ona qarşı sərgilənən münasibət üzündən tərəfdarları ilə Türkiyənin Sarpi adlı yaşayış məntəqəsində biraraya gəlib. Görüşdə iştirak edən parlament azlığının nümayəndəsi Serqo Ratiani bildirib ki, Saakaşvilinin Türkiyədə olduğunu bilən zaman onunla əlaqə saxlayıblar: «Ona zəng etdik və Gürcüstandakı mövcud durumla bağlı müzakirə apardıq. Ukraynadakı durum da müzakirə predmeti oldu. Gürcüstanın hazırkı rəhbərliyi faktiki olaraq yaranmış situasiyanın əhəmiyyətini anlamır».
Eks-prezidentin ölkəyə qayıdışına gəlincə isə, Serqo Ratiani bildirib ki, bu hələlik Saakaşvilinin planlarına daxil deyil: «O, hələlik Gürcüstana dönmək niyyətində deyil. Hazırda Mixail Saakaşvili Rusiyaya qarşı siyasi və ictimai rəyin formalaşması istiqamətində daha əhəmiyyətli fəaliyyətlə məşğuldur. Təəssüf ki, Gürcüstanın hazırkı rəhbərliyi bu siyasəti dəstəkləmir. Halbuki biz müttəfiq ola bilərdik. Hakimiyyət bu gözəl şansı əldən verir. Onu deyə bilərəm ki, Gürcüstan Rusiyaya qarşı mübarizədə ən zəif bəndir. İndiyə qədər bu rolu Yanukoviçin rəhbərlik etdiyi Ukrayna həyata keçirirdi. İndi isə bu estafeti Gürcüstan rəhbərliyi qəbul edib».
azadliq.info