Dövlət başçısı İlham Əliyevin vətəndaş cəmiyyəti ilə bağlı söylədikləri hakimiyyətin siyasətinin əsl mahiyyətinə aydınlıq gətirir. “Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram”, İlham Əliyevin bu sözləri iqtidarın xarici «düşmənlərə» qarşı mübarizədə iqtidarın hansı xətt tuta biləcəyinə işarə vurur.
İ.Əliyevin çıxışında daha bir etiraf ölkə daxilində QHT-lərin fəaliyyətinin ciddi nəzarət altında olmasıyla bağlıdır: «Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”.
Yəqin ki, İlham Əliyev daxili düşmənlər dedikdə Leyla Yunusu, İntiqam Əliyevi, Rəsul Cəfərovu, Seymur Həzini və digər siyasi məhbusları nəzərdə tutur. Bu ölkədə bütün vicdanlı adamlar, daxili düşmən kateqoriyasındadır. Amma düşmən obrazının təqdimatında hakimiyyət ciddi qüsura yol verir. Çünki hazırda həbsdə olan hüquq müdafiəçilərinin fəaliyyəti dövlətçiliyin əksinə ziyanına deyil, xeyrinədir. İntiqam Əliyevin rəhbərlik etdiyi QHT ölkədə hüquqları pozulan şəxslərin işlərinin Avropa Məhkəməsinə çatdırılmasına kömək edirdi. Leyla Yunus insan haqları pozuntularının səsinin bütün dünyaya çatmasında məsul idi. Bu siyahını daha da uzadaraq müstəqil QHT rəhbərlərinin dövlətçilik üçün verdiyi töhfələri qeyd etmək olar.
Mirvari Qəhrəmanlı: «Bir neçə nəfərdən ibarət QHT-lər doğurdanda qrantla ölkədə inqilab törədəcəksə, o zaman dövlət qurumlarının bu inqilabı törətməyə daha çox şansı var»
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, müstəqil QHT-lərin «qrant yeyən» obrazının yaradılmasına cəhd edilməsi təsadüfi deyil. Azərbaycanda «Qrant haqqında qanun»un olduğunu deyən M.Qəhrəmanlı bildirdi ki, qrant hər hansı layihəni həyata keçirməkdən ötürüdür: «Ona qalsa dövlət qurumları müstəqil QHT-lərdən qat-qat artıq qrant alırlar. Əgər doğurdan da qrantla 4-5 nəfərdən ibarət QHT-lər ölkədə inqilab törədəcəksə, o zaman dövlət qurumlarının bu inqilabı törətməyə daha çox şansı var. Müstəqil QHT-lərdən fərqli olaraq dövlət qurumları aldıqları qrantlarla bağlı hesabat da vermirlər. Mənim rəhbərlik etdiyim QHT-nin əsas fəaliyyət istiqaməti neft gəlirlərinin şəffaflığı və neft sektorunda çalışan fəhlələrin hüquqlarının müdafiəsi ilə bağlıdır. Əgər bu inqilabdırsa, kaş bu inqilablardan daha çox olardı».
Qubad İbadoğlu: «Bizim əməkdaşlıq etdiyimiz QHT-lər hər zaman dövlətçilik maraqlarından çıxış edib»
Rəhbərlik etdiyi QHT-nin gördüyü işlərin həm dövlətçilik, həm də hakimiyyət maraqlarına uyğun olduğunu deyən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu vurğuladı ki, Mədən Sənayesində əldə edilən uğurlarda vətəndaş cəmiyyətinin əldə etdiyi uğurlar, hakimiyyətinkindən az olmayıb. Bu sahədə beynəlxalq təşəbbüslərin tətbiqində ciddi rol oynadıqlarını söyləyən Q.İbadoğlu vurğuladı ki, büdcə şəffaflığı və bir sıra mühüm layihələri hökumət məhz onların təşəbbüsü ilə reallaşdırıb: «Bizim «büdcə bələdçisini» çap etməyimizdən sonra Maliyyə Nazirliyi bu layihəni həyata keçirməyə başladı. Həmkarlarımın da fəaliyyətində bu cür məqamlar kifayət qədərdir. Ona görə QHT-lərin fəaliyyətində dövlətçiliyə yönələn məqamlarla bağlı deyilənləri hamıya şamil etmək olmaz. Bizim əməkdaşlıq etdiyimiz QHT-lər hər zaman dövlətçilik maraqlarından çıxış edib və dövlətin qanunlarına da əməl edib. Azərbaycan hakimiyyəti ölkədəki QHT-lərə hardan, nə qədər pul gəldiyini və onun hara xərcləndiyini çox gözəl bilir. Burada siyasi partiyaların QHT-lər vasitəsilə maliyyələşməsindən, QHT-lərin milli maraqları satmasından danışmağa dəyməz. Əgər konkret faktlar varsa, onları göstərsinlər və bildirsinlər ki, bu təşkilatlar bu qədər vəsaiti kiməsə ödəyib. Belə faktlar olsa onlara görə QHT-lərin cəzalandırılmasının əleyhinə deyiləm. Amma heç bir fakt olmadan şişirdilmiş rəqəmlərlə danışmaq yolverilməzdir».
Bundan başqa hazırda qrant ayıran donor təşkilatların da nəzarəti gücləndirdiyini deyən Q.İbadoğlu vurğuladı ki, hakimiyyətin QHT-lərlə bağlı yürütdüyü hazırkı siyasət götürülən beynəlxalq öhdəliklərə də ziddir.
Xəyal