Onlar əlaqədar qurumlara üz tutmaqdan yorulub
“Azadlıq”a müraciət edən Zahir Məmmədov yaşadığı problemlərdən bəhs edib. Müraciətdə deyilir:
“Mən Bakının Nəsimi rayonu, Salatın Əsgərova 157, mənzil 17-də yaşayıram. Həmin mənzil xalama məxsus birotaqlı evdir. Bu ünvanda daimi qeydiyyatda olmaqla bərabər hazırda orada ailəmlə yaşayıram. Eləcə də Səbail rayonu 203 saylı orta məktəbdə gözətçi işləyirəm. Aldığım əməkhaqqı 103 manatdır, həyat yoldaşım da həmin məktəbdə xadimə işləyir, onun da maaşı 103 manatdır. Bizim azyaşlı, gələcəyin əsgəri olan oğlumuz var. Ailəmin aylıq ümumi gəliri 206 manatdır, bundan əlavə heç yerdən gəlirimiz yoxdur. Aldığımız 206 manat kommunal xərclərimizi ödəmir, mən hələ ərzaq tələbatımızı demirəm. Bazarlarda qaynayan bu bahalaşma dövründə bu maaşla ailə saxlamaq olarmı? Mən vətəndaş olaraq Konstitusiyamızın müraciət etmək hüququndan istifadə edib dəfələrlə Nəsimi rayonu ƏƏSM-ə gedib-gəlsəm, müraciət etsəm də ailəmə ünvanlı sosial yardım verilmir. Mən nazir Səlim Müslümovun adına ərizə yazıb göndərmişəm, dörd ay keçməsinə baxmayaraq rəsmi cavab yoxdur. Dəfələrlə ”qaynar xətt” çağrı mərkəzinə zəng etmişəm, son zəngimdə nazirliyin nümayəndəsi olan bir xanım bildirdi ki, məşğulluq mərkəzinə müraciət et, yaxşı maaşı olan iş tap, ünvanlı sosial yardımın dalına niyə düşmüsən?
Cənablar, bu dövlət hər birimizin dövlətidir, onu da yada salım ki, dövlətin mənbəyi elə xalqdır. Bu dövlət heç kimin atasının dövləti deyil ki, mənə belə bir cavab verirlər. Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlətin etdiyi köməkdir. Işlədiyim üçün dövlət mənə yaxşı maaş versin ki, mən də ünvanlı sosial yardım istəməyim. Axı mənim və ailəmin azərbaycanlı olaraq bu dövlətdə yaşamaq hüququmuz var. Mən mətbuat vasitəsilə dövlət başçısı Ilham Əliyevə, aidiyyəti qurumların rəhbərlərinə, Səlim Müslümova müraciət edirəm. Xahiş edirəm ailəmə kömək edilsin, əks halda mən bu varlı dövlətin ac vətəndaşı olub burada ölmək istəmirəm. Biz problemimiz həll olunmadığı təqdirdə, bu dövlətin vətəndaşlığından rəsmi şəkildə imtina edəcəyik. Xahiş edirəm mənim ailəmə, gələcəyin əsgəri olan məktəbli oğluma köməklik edəsiniz. Mən bir ata kimi dözə bilmirəm, oğlumun sual dolu baxışları qarşısında aciz qalmışam, mənim səsimə səs verib yardımçı olmağınızı bir daha xahiş edirəm”.
Sosial şöbə