“Hakimiyyət Seymur Həzini həbs etmədən keçinə bilmədi”
Tanınmış jurnalist və siyasətçi Seymur Həzinin həbsi ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkənin tanınmış ictimai-siyasi xadimi Seymur Həzi barədə açılan cinayət işinə kəskin hiddətini bildirir.
AXCP birmənalı olaraq, Seymur Həziyə qarşı seçilən tədbiri qəsd, əvvəlcədən düşünlmüş məkrli və namərd addım kimi dəyərləndirir.
AXCP yada salır ki, Seymur Həzi siyasi fəaliyyətində (O, AXCP Rəyasət Heyətinin və Milli Şuranın üzvüdür) prinsipial tənqidi mövqeyi ilə seçilib. Avtoritar rejimə qarşı bir an susqun mövqe tutmayaraq, daim siyasi hadisələrin mərkəzində etirazçı səs olub.
Seymur Həzi eyni zamanda “Azadlıq” qəzeti və “Azərbaycan Saatı” proqramında yaradıcı rol oynayıb. Hər iki KİV-də o qətiyyətli və tənqidi mövqeyi ilə hakimiyyətin kriminal, korrupsiyaçı mahiyyətini ifşa edib.
Aktiv ictimai-siyasi fəaliyyəti dövründə Seymur Həzi dəfələrlə incibatı qaydada cəzalandırılıb, həbs olunub. Bir dəfə isə (2011-ci ildə) naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb və fəaliyyətində hakimiyyətə qarşı “ağıllı olmaq” təklifini alıb. Lakin, bütün bu zorakı təhdidlər onu bir an da yolundan sapdırmayıb, əksinə demokratiya və azadlıq yolunda mübarizədə daha da mətinləşdirib.
Görünür, vəziyyət o hala gəldi ki, Azərbaycan hakimiyyəti yerli və beynəlxalq aləmin kəskin qınağını da gözə alaraq, Seymur Həzini həbs etmədən keçinə bilmədi. Seymur Həzini fərd və yaradıcı şəxs olaraq izləyən hər kəsə bəllidir ki, o, marrifçi və ölkənin müqəddaratını ciddi çəkildə dərk edəcək zəkaya malikdir. Belə bir insanı xuliqanlıq maddəsi ilə şərləmək təkcə Seymur Həziyə deyil, ölkənin taleyinə çalınan baltadır.
AXCP Seymur Həziyə yönələn ittihamları bir daha rədd edərək onun siyasi sifariş əsasında dustağa çevirildiyini bəyan edir.
Partiya ölkə ictimaiyyətinə çağırış edərək xalqın bağrından çıxan, intellektual və sadə insanların təəssübünü çəkən fərdləri qorumaq üçün əlindən gələn nə varsa, etməyə səsləyir.
AXCP hakimiyyətə də səslənərək bildirir ki, repressiyaları nə qədər şiddətləndirsələr də, xalqın müqavimət ruhunu, insanların ədalətə canatımını yox edə bilməyəcəklər.
AXCP xəbərdarlıq edir ki, günahsız insanları şərləyib həbs eləmək, onlara qarşı gözdənsalma kampaniyası aparmaq hakimiyyətin öz sonluğunu faciləşdirməyə zəngin səbəb bazası yaradır.
AXCP bəyan edir ki, ən qəddar repressiv tədbirlərə baxmayaraq, partiya demokratiya və azadlıq üçün zülmlə savaşından geri durmayacaq. AXCP əmindir ki, bu həbslər öz məqsədinə çatmayacaq, əksinə xalqın passiv hissəsinin fal mübarizəyə qoşulmasına təkan olacaq.