Müsavat başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqov Müsavat Partiyasının növbəti qurultayi və başqan seçkiləri ilə baglı öz mövqeyini yazili şəkildə açıqlayıb.
Bu barədə vicdan məhbusunun dostu Elman Fəttah Facebookda məlumat yerləşdirib.
“İctimaiyyətin böyük maraqla gözlədiyi Müsavat Partiyasının növbəti qurultayı yaxınlaşmaqdadır. Sirr deyil ki, bu tədbirin əhəmiyyətini xüsusiləşdirən amil partiyanın özünə yeni başqan seçəcəyi ilə əlaqədardır. Artıq bir neçə nəfər Müsavatın növbəti, altıncı başqanı olmaq iddialarını ortaya qoymuşdur. Onların hər biri mənim əqidə dostlarım və mücadilə silahdaşlarımdır. Buna görə də onlardan yalnız birini dəstəkləmək, digərlərinə “yox” demək heç də asan seçim deyildir. Lakin demokratiya həm də zaman-zaman belə dilemmalarla üzləşmək və onları həll etmək zərurətidir.
Bu seçimi edərkən hər bir namizədin şəxsi və siyasi keyfiyyətlərini, ideoloji baxışlarımızın və siyasi görüşlərimizin yaxınlığını və digər amilləri nəzərə aldım. İctimaiyyətin marağını nəzərə alaraq, ictimai fikrə hörmətlə Müsavat Partiyasının yeni başqan seçkilərində Arif Hacılının namizədliyini dəstəklədiyimi bəyan edirəm.