Elçin Şıxlı rəhbəri olduğu «Ayna» və «Zerkalo» qəzetlərinin bağlanmasının səbəblərindən danışdı
Avqustun 27-də biryolluq bağlanan “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Media forum” saytının suallarını cavablandırıb.
– “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivini toplayaraq qəzetlərin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan etmisiniz. Kollektiv qərarı necə qarşıladı?
– Onların yerinə danışmaq istəmirəm. Bunu kollektiv üzvlərindən soruşsanız, daha yaxşı olar. Nə hiss keçirdikləri mənə məlumdur, amma özləri danışsalar, daha yaxşı olar.
– Özünüz nə hisslər keçirdiniz?
– Nə hisslər keçirə bilərəm… Bütün məsələlər aydın idi. Qeyri-adi bir hal yox idi.
– Siz Azərbaycan Jurnalistlər Birliyinin sədrisiniz. Sədrlikdə qalacaqsınız, yoxsa oradan da getməyi düşünürsünüz?
– Mən fəal jurnalistikadan, yəni qəzetçilikdən gedirəm. Qalan məsələlərə baxarıq, görək vəziyyət necə olur. Azərbaycan Jurnalistlər Birliyinin sədri vəzifəsində qalıb-qalmayacağım haqda danışmaq hələ tezdir. Amma bu gedişlə yəqin hər yerdən çıxıb gedərəm.
– “Hər yerdən” deyəndə bura Azərbaycan da daxildirmi?
– Yox, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Yaşımın bu vaxtında təzədən gedib harada iş qurasıyam? Kimə lazımam?
– Jurnalistikadan gedəndən sonra hansı işlə məşğul olacağınızla bağlı bir planınız varmı?
– Hələ ağlıma bir şey gəlmir. Gözləyirdim nəsə düzələr, olmadı. Ona görə heç nə deyə bilmirəm.
– Gözlədiyiniz nə idi, niyə düzəlmədi?
– Bizim ziyalılarımız, yazıçılarımız, jurnalistlərimiz və mənə yaxın olan bir sıra adamlar deyirdilər ki, yəqin düzələcək, qəzet bağlanmamalıdır, onun tarixi, imici, ənənəsi var. Amma görürəm ki, bu adamların əlindən mənə ürək-dirək verməkdən, yazı yazmaqdan başqa bir şey gəlmir. Bunların milyonları yoxdur ki, çıxarıb ortaya qoysunlar, desinlər al bu pulları, işlə. Həm də fikirləşirdim bəlkə Mətbuat Şurası, ya mətbuata nəzarət edən ali məqamlarda oturan adamlar narahat olar – o da baş vermir. Bitdi, getdi.
– Amma Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşmüşdünüz…
– Burada Əflatun Amaşovluq bir şey yoxdur. Nəsə söz verdilər, kimləsə görüşdü, dedilər darıxmayın, yaxşı olacaq. Amma…
– Siz də Əflatun Amaşovun vasitəçiliyi ilə kimləsə görüşdünüzmü?
– Yox, heç kimlə görüşməmişəm. Heç kəs də görüşməyə maraq göstərməyib.
– Dediyiniz ali orqanlardan, məsələn, Prezident Administrasiyasından, başqa qurumlardan “Ayna-Zerkalo”nun düşdüyü vəziyyətə bir reaksiya verildimi?
– Yox, heç nə olmadı. Olsaydı, indi sizinlə bu söhbəti aparmazdım. Qəti deyərdim vəziyyət nədir. Hələ heç nə yoxdur.
– Bu müddət ərzində “Ayna-Zerkalo”nu almaq istəyən, sizə belə təklif verən olubmu?
– Prinsipcə, bu biznesdir, almaq istəyən olsaydı, oturub sövdələşərdim. Amma heç kim maraq göstərməyib. Çünki Azərbaycanda siz dediyiniz səmimi mühit yoxdur. “Zerkalo”nu alanacan özləri “paçka-paçka” qəzetlər açırlar.
– Həmişə “Zerkalo”nun adı çəkiləndə deyilirdi ki, bu qəzet əslində Azərbaycanın təbliğatı üçün də vacibdir. Çünki hakimiyyətin də bu qəzetə marağı var, rusdilli qəzetdir, xaricdə də oxunur. Həqiqətən belə idimi? Siz son illərdə təhlil etmisinizmi, nə dəyişdi ki, qəzetin aqibəti belə oldu?
– Hakimiyyət qəzetin nəşrində maraqlı olanda da mənə heç bir maddi dəstək verilmirdi. Qəzetin mövqeyini bilirsiniz – Azərbaycanın mövqeyini, əsasən də Dağlıq Qarabağ mövzusunda Rauf Mirqədirovun təhlillərini, araşdırma yazıları, daha sonra ölkənin suverenliyinə, maraqlarına, geosiyasi yerinə, sanbalına qiymətimizi verirdik, müəyyən ekspertlər danışırdı. Onu deyə bilərəm ki, Azərbaycanda “Zerkalo” kimi qəzetin çıxması son zamanlar Rusiya rəhbərliyinin heç xoşuna gəlmirdi. Görünür, onların da təsiri var. Bizim rəhbərlikdə də Rusiyanın ağzına baxan adamlar var. Nə isə, hamısı yığıldı, nəhayət, qəzet gördüyünüz vəziyyətə düşdü.
– Belə bir qəzetin mövcudluğundan Rusiyanın məmnun olmadığına dair hansı siqnallar alırdınız?
– Çox məqamlar var, desəm, hansısa diplomatik mənbə təkzib edəcək, guya mənim gözümə belə görünüb.
– Bir nümunə verə bilərsinizmi?
– Ümumiyyətlə, postsovet məkanında əvvəlcə rəsmi məqamlardan zəng vurub yazılara etiraz edirdilər. Buna normal baxırdıq. Amma sonradan zənglər də, tədbirlərə dəvətlər də kəsildikcə anladıq ki, “Zerkalo”nun adı yavaş-yavaş müəyyən siyahılardan çıxarılır, qəzetin sinəsindən vurub itələyirlər. Amma əvvəllər lazım gələndə rəsmi məqamlardan müraciət olunurdu ki, Azərbaycanın maraqlarına uyğun filan hadisə baş verib, xəbəriniz yoxdurmu? Yaxud mövqeyimiz budur, verə bilərsinizmi?
Azərbaycanın mövqeyinə uyğun olaraq özümüz də lazımi işləri görürdük. Bilirsiniz, bir var hökumət qəzetləri, onların yazdıqları, rəsmi təbliğatın ruporu olan mətbuatın dedikləri – buna çox halda böyük şübhə ilə yanaşılır; bir də var müstəqil qəzetin, media orqanının yazdıqları. Yəni bitərəf, peşəkar qəzetin yazdıqlarına inam olur, insanlar müstəqil mətbuata daha çox etimad göstərirlər. Düşünürlər ki, bu qəzet asılı deyil, etik qaydaları pozmur, yazdığı həqiqətə daha çox uyğun ola bilər. Son illər qəzeti heç kim məhkəməyə verə bilmirdi, çünki hər şey qanuna uyğun edilirdi, tənqid də ?kimsə mənə dedi ki, filan şey belə olub? kimi ehtimallar əsasında yazılmırdı. Sənədə, dəlil-sübuta, faktlara əsaslanan analitik yazılarımız olub. Belə halda mənə daha çox inanırdılar. Ancaq düz söz hər adamın xoşuna gəlmir…
– Rusiya səfirliyi son zamanlar sizinlə görüşməyə cəhd edirdimi, hansısa ismarıclar göndərirdimi?
– Rusiyanın bundan əvvəlki səfiri Vasili Istratovun bizdən narazılığı olanda mətbuat konfransı çağırıb “Zerkalo”da gedən yazıya etiraz edirdi, yaxud etirazını özümə məktubla bildirirdi, müzakirələr aparırdıq. Amma son iki ildə bu kimi işlərin daşını atıblar. Hansısa tədbirdə məni Vəfa Quluzadə ilə bir yerdə görəndə deyirdilər, hə, Azərbaycanın ən qatı antisovet, antirus şəxsləri bir yerə yığışıb. Bunu bizə zarafatla deyirdilər, amma burada bir həqiqət də var.