Yaxud Elxan Süleymanov rejimi necə ifşa etdi
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov özəl açıqlama yayaraq qeyd edib ki, Azərbaycana qarşı bir mərkəzdən idarə edilən siyasi məhbus kampaniyası aparılır və beynəlxalq təşkilatların antiAzərbaycan mövqeyi açıq şəkildə görünür.
Əslində, Elxan Süleymanovun bu açıqlaması hakimiyyətin “uğurlu siyasət” təbliğatının ifşasıdır. Çünki, bu gün Azərbaycandakı siyasi məhbuslarla bağlı yalnız hansısa beynəlxalq təşkilatlar deyil, Fransa, Polşa, Britaniya, ABŞ kimi ölkələr də etiraz bəyanatları verir və Azərbaycan hakimiyyətini bu siyasətdən əl çəkməyə çağırır. Avropa Birliyi bu məsələyə görə dəfələrlə bəyanat verib. Bu tənqidlər əsaslı deyilsə və bütün dünya Azərbaycana qarşı birləşirsə, hanı sizin uğurlu xarici siyasətiniz? Niyə dünya sizdən üz döndərir? Insan haqsız olanda, gətirilən bütün arqumentlər “bumeranq” effekti verir.
Daha sonra Elxan Süleymanov deyir: “Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri tam azad olunmayanadək, yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları təmin edilməyənədək, Sərsəng su anbarının yaratdığı humanitar və ekoloji böhran təhlükəsi aradan qaldırılmayanadək, Naxçıvanın çoxillik blokadasına son qoyulmayanadək qondarma ”siyasi məhbus” məsələsi ilə bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı siyasi təzyiqlərinə məhəl qoyulmamalıdır”.
Bu hakimiyyət “siyasi məhbus” məsələsinə görə o qədər töhmətli olub ki, bunun gündəmdən düşməsi üçün qatığa qara deməyə də hazırdılar.
Elimizin ağsaqqalı Elxan müəllimin bu “fəlsəfi fikir”lərindən baş açan oldumu?
Siyasi məhbus məsələsi qondarmadırsa, Naxçıvanın blokadadan çıxmasının, Qarabağ münaqişəsinin həllinin buna nə aidiyyəti var ki?
Belə çıxır ki, bu problemlər həll olandan sonra “siyasi məhbus” məsələsi qondarmalığını itirəcək?
Elxan müəllimin məntiqindən belə çıxır ki, “siyasi məhbus” məsələsini qondarma edən Qarabağ, Naxçıvan imiş.
Rejimin məntiqi budursa, gəlin siyasi məhbusları da Qarabağ münaqişəsi həllini tapana qədər, Naxçıvan blokadadan çıxana kimi azad buraxaq. Gəlin, inhisarçılığı da, hüquqsuzluğu da, Sərsəng su anbarının böhranı aradan qaldırılana qədər “tormoz”layaq.
Heç olmasa vicdanlı insanları, fərqli fikrin daşıyıcılarını Qarabağ məsələsi həll olunmayana qədər “ermənipərəst” adlandırmaqdan çəkinək.
Deyirəm bəlkə, Qarabağ kimi dərdimiz olduğu müddətcə, gənclərin cibinə narkotika atmağı, müxalifətçilərin evinə silah yerləşdirməyi də dayandıraq.
Hətta, ümummilli problemlərimiz olduğu sürəcə, hakimləri sifarişli qərarlar verməkdən də azad edə bilərik.
Görəsən, bizim təkliflərimiz Elxan müəllimin xoşuna gəldimi?
Doğurdan da, Qarabağ məsələsi, Naxçıvanın blokadadan çıxması Azərbaycan hakimiyyəti üçün önəmlidirsə, o zaman bizim təklifimiz də keçərli olmalıdır.
Ancaq görünən odur ki, hökumətimizi narahat edən ölkənin problemləri və dövlətin imici deyil. Sadəcə, öz kürsülərini itirmək qorxusu yarananda “bizim Qarabağ kimi dərdimiz var” şüarı ilə silahlanmaq hökumətimizin köhnə şakəridir.
Deyirlər, hirsli başda ağıl olmaz. Bunların hirsi ağıllarını elə ram etdi ki, “Azərbaycanda siyasi məhbus var” deyən adamları tutaraq bunu bir daha təsdiq etdilər. Bəli, Leyla Yunusun, Rəsul Cəfərovun, Intiqam Əliyevin və digərlərinin həbsi “siyasi məhbus” məsələsini unutdurmadı. Əksinə, ölkədəki real vəziyyəti çılpaqlığı ilə ortaya qoydu.
Indi beynəlxalq aləmi aldatmaq, şirnikləndirmək müşkülə çevrildiyi üçün hakimiyyət yenə də daxildə təbliğata üstünülk verir.
Amma artıq gecdir və xalq Elxan Süleymanovların niyyətindən xəbərdardı.
Və hər kəs dərk edir ki, Qarabağ kimi dərdimizin olması, günahsız insanlarımızın həbs edilməsinə bəraət qazandırmır.
Indi, məsləhətə ehtiyacı olan avtoritar idarəçiliyi “həyat yolu” seçmiş hakimiyyətdir.
Akif