“Bilmirəm deputat hansı mənbəyə istinad edir”
Rayonda narkomaniyaya qarşı tədbirlər davam etdirilir
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayondan olan millət vəkili Fərhad Qəribovun Kürdəmirdə gənclər arasında narkomaniyanın geniş yayılması və polisin bununla mübarizə aparmaması fikrinə münasibət bildirib. Lent.az-a açıqlama verən icra başçısı deyib ki, bu fikrə münasibəti mənfidir və Fərhad Qəribovun hansı mənbəyə istinadən belə bir rəyə gəlməsi məlum deyil: “Düzü bilmirəm deputat hansı mənbəyə istinadən belə bir fikir səsləndirib. Deyə bilərəm ki, rayon polis şöbəsi qeyd olunan problemlə bağlı fəaliyyətini həmişəki kimi davam etdirir və lazımi profilaktik tədbirlər görülür. Ümumiyyətlə millət vəkilinin bu fikrinə münasibətim mənfidir”.
Qeyd edək ki, Fərhad Qəribov teleqraf.com-a açıqlamasında rayon əhalisinin Kürdəmir rayon Polis Şöbəsinin rəisindən narazı olduğunu deyib və gənclər arasında narkomaniyanın vüsət aldığını iddia edib.
Daxili İşlər Nazirliyi (DIN) də millət vəkili Fərhad Qəribovun fikirlərinə reaksiya verib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov qafqazinfo-ya deyib ki, Kürdəmirdə istər narkomaniya ilə bağlı vəziyyət, istərsə də bu bəla ilə mübarizə respublikamızın digər bölgələrindən fərqlənmir: “Yəni ümumi problem var və ona qarşı da ümumi mübarizə aparılır. Kürdəmir Rayon Polis Şöbəsinin rəisi də peşəkar polis zabitlərimizdən biri olmaqla rayona rəis vəzifəsinə təyin olunduqdan sonra narkotiklərlə mübarizəni gücləndirib və deyərdim ki, müsbət nəticələr də əldə olunub. Amma bununla belə, bu bəla ilə mübarizədə vətəndaşlarımız da, deputatlarımız da, mətbuatımız da, bir sözlə hamılıqla hüquq-mühafizə orqanlarına kömək etməliyik, dəstək olmalıyıq”.
Qeyd edək ki, Kürdəmir rayon Polis Şöbəsinin rəisi polis polkovniki Oqtay Məmmədovdur. O, bu vəzifəyə keçən il təyin olunub və daha əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisinin müavini vəzifəsində çalışıb.