Səxavət Əlisoy “Güclüsənsə, istefa ver, yarışa qatıl, gücün ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun”
Arif Hacılı: «Hələ namizədliyini irəli sürmədiyindən bu məsələ gündəmdə deyil»
Müsavat Partiyasının qurultayı ərəfəsində təşkilatda siyasi ehtiraslar artmaqdadır. Başqanının istefa verən müşaviri Səxavət Əlisoy mətbuata açıqlamasında partiyanın Mərkəzi İcra Aparatanının rəhbəri Arif Hacılıya çağrışda bulunub. A.Hacılını da oxşar addım atmağa çağıran S.Əlisoy yalnız belə olan halda ədalətli mübarizənin mümkün olduğunu deyib: «Müsavat Partiyasında ilk dəfə olaraq, mən bu addımı atdım. Təklif edirəm ki, digər siyasi partiyalarda, o cümlədən bizim partiyada da qurultay öncəsi başqanlığa namizədlər vəzifənin verdiyi üstünlüklərdən imtina etsinlər. Mübarizəyə sıravi müsavatçı kimi qatılsınlar. Bu daha ədalətli və obyektiv olar. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının müsahibəsi ilə tanış oldum. O deyir ki, uzun illərdir təşkilatı işlərlə məşğuldur və bu kimi işlərə rəhbərlik edir. Məhz, elə bu məqam ona üstünlük verir. Bu tamamilə absurd fikirdir. Müsavat Partiyasında vəzifədə olan insanlar da mütləq belə addım atmalıdır. Bəzən başqanlığa iddialı şəxslər güclü olduğunu deyir. Belədirsə, istefa ver, yarışa qatıl, gücün ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun».
S.Əlisoy eyni zamanda onu da bildirib ki, namizədliyi qeydə alındıqdan sonra seçki kampaniyasına start verəcək. S.Əlisoy vurğuladı ki,başqanın müşaviri olması bir çox hallarda fikirlərini söyləməyə ona mane olub. Ona görə seçki kampaniyasında bir sıra həqiqətləri açıqlayacaq: «Namizədliyim qeydə alınandan sonra prosesə start verəcəyəm. Çoxlarının hələ eşitmədiyi fikirləri açıqlayacağam. Bəzi maskaları yırtacağıq. Onda görəcəksiniz ki, fikirlərimi söyləməyə bəzən başqanın müşaviri olmağım mane olub».
S.Əlisoyun söylədikləri ilə bağlı Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının fikirlərini öyrəndik. A.Hacılı bildirdi ki, o, hələ namizədliyini irəli sürmədiyindən bu məsələ gündəmdə deyil: «Mən Müsavat başqanlığına namizədliyimi irəli sürərkən Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsindən istefa versəm, çox güman ki, qurultayın keçirilməsində müəyyən təşkilati-texniki problemlər yaranacaq. Çünki qurultayın keçirilməsinə aid məsələlərin bir çoxunu Mərkəzi İcra Aparatı və bu quruma daxil olan strukturlar təşkil edir. Bütün təşkilati-texniki işlər başa çatdıqdan sonra bu məsələlər barədə düşünəcəyəm. Mən namizədliyimi irəli sürməkdə tərəddüd etmirəm. Həmişə bildirmişəm ki, partiyanın mənafeyi tələb edərsə, namizədliyimi irəli sürəcəyəm. Namizədliyimi irəli sürəcəyim təqdirdə, Müsavat başqanı seçiləcəyimə heç bir şübhəm yoxdur”.
Xəyal