Atışmada azı 20 suriyalı hərbçi və 4 ekstremist döyüşçü həlak olub
Suriyada Bəşər Əsəd hökümətinə qarşı savaşan döyüşçülər İsrail sərhədlərinə yaxınlaşır. ANS PRESS-in məlumatına görə, “Cəbhət Ən Nüsrə” və “Əl-Qaidə” ilə əlaqəli digər ekstremist qruplaşmalar Holan hündürlüklərində Suriyaya məxsus sərhəd keçid məntəqələrindən birini ələ keçirib.
Döyüşçülər böyük qüvvə ilə çərşənbə günü səhər saatlarında hücuma keçib. Qanlı döyüşlər İsrailin işğal etdiği Holan hündürlükləri ilə Suriya ərazisini ayıran demilitarizasiya zonasında və həmçinin Dəməşqdən 36 kilometr aralıda yerləşən Kunteyra şəhərində gedib.
Atışmada azı 20 suriyalı hərbçi və 4 ekstremist döyüşçü həlak olub. İslamçıların minaatandan buraxdığı mərminin tikanlı məftillər yaxınlığında postda olan israil hərbçisini yaralamasından sonra, İsrail artileriyası Suriya postunu atəşə tutub.
Qeyd edək ki, Suriyanın de-yure ərazisi sayılan Holan hündürlüklərini İsrail 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Rəsmi Dəməşq hələ də Holanı öz ərazisi sayır.
Qeyd edək ki, ekstremistlərin ələ keçirdiyi Kunteyra sərhəd buraxılış məntəqəsi Suriya hökümət qüvvələrinin nəzarətində olan sonuncu sərhəd məntəqəsi idi.