Elxan Şahinoğlu: «Türkiyə ilə ABŞ arasındakı münasibətlərdəki gərginlik hələ də qalmaqdadır»
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində Amerika Birləşmiş Ştatlarını təmsil edəcək şəxsin adı açıqlanıb. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, tədbirdə ABŞ-ı ölkənin Ankaradakı səfirliyinin məsləhətçisi Cess Baili təmsil edəcək. Bəzi ekspertlər bunu Türkiyəyə qarşı sayqısız münasibət kimi dəyərləndirirlər.
Amma «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, ABŞ təkcə Türkiyəyə qarşı bu cür yanaşmır. Bir qayda olaraq bu cür tədbirlərdə ABŞ ya səfirlər, ya da diplomatlar təmsil edir: «Amma Türkiyə ilə ABŞ arasındakı münasibətlərdəki gərginliyi də nəzərə almaq lazımdır. Ərdoğan bu günlərdə mətbuata açıqlamasında Obama ilə uzun müddət danışmadığını və hətta bir neçə dəfə ümumiyyətlə söhbətdən imtina etdiyini təsadüfən deməyib. Amma bütün bunlara baxmayaraq ABŞ Ərdoğanla münasibətlərini davam etdirmək məcburiyyətindədir. ABŞ Ərdoğanın siyasətini qəbul etməsə belə, AKP və Ərdoğan Türkiyədə təkbaşına hakimiyyəti sürdürməkdədir».
Obama və ondan sonrakı administrasiyanın Ərdoğanla əlaqələri inkişaf etdirmək məcburiyyətində olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, çünki hazırda Yaxın Şərqdə və Avrasiya bölgəsində vəziyyət o qədər gərgindir ki, Türkiyəni itirmək ABŞ üçün böyük itki olardı».
Xəyal