Onu şaqqlayıb şəhər darvazalarından asacaqlar
Qırğızstan hələ də Azərbaycan səfiri Hidayət Orucovla oradakı diaspora liderlərindən olan daha bir Heydərpərəst Nüsrət Məmmədovun arasında gicələk qalıb. Mübahisə isə Qırğızstanın sərhədlərini aşaraq çoxdan Azərbaycana və başqa ölkələrə gedib çıxıb. İnternet insanları və onların sevgilərini birləşdirir. Bu misalda Hidayət Orucovla Nüsrət Məmədov arasında sevgi yox (çünki zatən belə bir sevgi yoxdur), onların hər ikisinin Heydər Əliyev sevgisindən söhbət gedir.
Uzaq türk torpaqlarında bir parça sevgi yeri
Nüsrət Məmmədov bu zamana (yəni, Hidayət Orucov Qırğızstana təşrif gətirənə qədər) oradakı Heydər Əliyev Fondunun və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Mərkəzinin (kifayət qədər gurultulu addır!) adı ilə Heydər Əliyevin, Ramiz Mehdiyevin və sonra da İlham Əliyevin adından yazılmış bütün kitabları qırğız dilinə tərcümə edib, paylayıb qurtarıb. İndi bu səbəbdən Qırğızstan camiəsi «xalq-Heydər, Heydər-xalq» Azərbaycan atalar sözünün Azərbaycan üçün Manas dastanındakı aforizmlər qədər tutumlu olduğu qənaətindədir.
Hidayət Orucov isə Qırğızstana səfir təyin ediləndən dərhal sonra anlayıb ki, Qırğızstan Heydər sevgisini nümayiş etdirmək üçün çox darısqal bir yerə çevrilib, çünki Nüsrət Məmmədov buraları tutub gedib. Buna görə də Nüsrət Məmmədovu o yan-bu yana itələyib özünün Heydər sevgisini Qırğızstana yerləşdirmək üçün ciddi əməli fəaliyyətə başlayıb.
Sevgilərin bu qədər toqquşması, ümumiyyətlə, bir fəlakət yaratmalı idi. Bu dəfə də belə oldu və Qırğızstan səfir Hidayət Orucovun fəaliyyətinin leytmotivləri sayəsində bu sevginin yaratdığı düşmənçiliklə üzləşərək boğaza yığılıb.
Telefonu kim ixtira edibsə, o da cavab versin!
Bu səbəbdəndir ki, Bişkek şəhər meriyasına zəng edib bu qalmaqal barədə soruşmaq istəyəndə meriyanın əməkdaşı ,,eeeeeeeeeeeee,, deyib (bu ,,e,,lərin sayını sayın məmurun uzatdığı qədər uzatmaq yazı etikasına uyğun gəlmir) dəstəyi harayasa tulladı. Əvvəlcə telefon dəstəyinin düşdüyü yerdən canlı bir tappıltı, arxasında, belə hesab edirəm ki, telefon dəstəyini düzəldən və ya ixtira edən şəxsin ünvanına yarıya qədər eşidə bildiyim rusca bir söyüş (söyüşün yarıya çatdığı yerdə məmur bəy dəstəyi yerdən götürüb aparatın üstünə qoymalı olmuş olmalı idi), daha sonra isə xırpıltı səsi gəldi.
Bizim eranın 2000-ci illərində…kütləvi intihar ehtimalı
Amma hər halda başqa bir məmur bu olay barədə danışmaq istədi. Sadəcə, hökm etdi ki, ad söhbəti olmayacaq.
Bu cənabın sözünə görə, bu günlərdə səfir Hidayət Orucov şəhər meri ilə də, parlament sədri ilə də görüşərək Bişkekdə quraşdırılması nəzərdə tutulan «Heydər Parkı» məsələsini müzakirə edib.
Bu park söhbəti bizim eranın 2000 neçənci illərdənsə başlandığına və hələ də mübahisəli qaldığına görə qırğız xalqı intihar həddinə gəlib çatıb.
Nüsrət Məmmədovun ayağı
Şəhər meri Kubanıçbek Kulmatovla söhbətinda Hidayət Orucov bildirib ki, o, park söhbətini Azərbaycan hökuməti adından aparmaq üçün görəvləndirilib və onun hökuməti təkidlə bildirir ki, Nüsrət Məmmədov adlı adam park məsələlərinə yaxın buraxılmamalıdır. Səfir hətta bu əzmdədir ki, əgər, inşallah, bu park tikilib qurtarsa, o zamanlar belə Nüsrət Məmmədovun ayağı o parka dəyməyəcək. Səfir bu qiyabi andını şəhər merinə çatdırıbmı, ya ürəyində saxlayıbmı, bu barədə bilgi yoxdur.
Amma Azərbaycan dövləti adından eyni məzmunlu mesajı Qırğızstan parlamentinin sədri cənab Asılbek Jeenbekovun da «inboxuna atıb».
Qırğızstan dövlətinin ərazi bütövlüyü təhlükəsi
Vəssəlam! Əgər səfir dövlət adından belə bir açıqlama verirsə, o zaman Nüsrət Məmmədovu Bişkek şəhərinin darvazalarından şaqqlayıb asmaq lazımdır ki, bundan sonra oralarda özünü Azərbaycan diasporu adlandırmağa cəsarət edən hər kəsə ibrət olsun. Nüsrət Məmmədovun nə zaman şaqqalanacağını və şəhər darvazalarından asılacağını isə hələ, kimsə bilmir və bizimlə söhbət edən şəhər məmuru da bilmir.
Amma Qırğızstan dövlətinin bir idarəsi rəsmən məktub yazıb bildirir ki, səfirlə diaspora rəhbərinin iddia etdiyi ərazi Qırğızstan dövlətinin ərazi bütövlüyünün təminat hissələrindən biri olduğu üçün başqa dövlətə, hətta Azərbaycan kimi qardaş dövlətə və onun cahanşümul liderinin adına da verilə bilməz.
Başqa bir dövlət İdarəsi yazır ki, icarəyə verilə bilər.
Parkda kim nə tikəcək?
Səfir bildirir ki, o ərazidə səfrilik üçün bina tikdirəcək, otel və məktəb tikdirəcək, başqa sosial-məişət obyektləri tikiləcək və bir az da park olacaq. Nüsrət Məmmədov isə Qırğızstanın ərazisinin həmin müqəddəs parçasında otel-motel tikdirməyəsək, park salacaq və çiçəklər əkəcək.
Bütün paytaxtlarda Onun adına küçə və ya dalan!
İndi Bişkekdəki Tokombayev adına küçədə yerləşən bu 5,5 hektarlıq ərazi Orta Asiyanın ən qutsal parçası sayıla bilər. Bu qutsal hektarlara sahib olmaq üçün səfir Hidayət Orucov, hətta profilaktik niyyətlərlə Bişkekin ucqar küçələrindən birinə Heydər Əliyevin adının yazıldığı lövhələr də asdırıb və səfirliyin bir əməkdaşının təbirincə desək, «sürüşkən işğal» nəticəsində Bişkekin mərkəzi küçəsinin də adının dəyişdirilərək Heydər Əliyev adına qoyulacağını niyyət edib. (Amma maraqlı ideyadır və bizə görə, bütün səfirlərimiz Hidayət Orucovda nümunə əxz edib, olduqları şəhərin mərkəzi küçələrinin adlarını dəyişdirmək uğrunda diplomatik çabaları artırmalıdırlar). Amma qiyamət olar ha! Günün birində bəşəriyyət yuxudan ayılıb görər ki, dünyanın bütün paytaxt şəhərlərində mərkəzi küçə və meydanlar Heydər Əliyevin adını daşıyır, bütün mərkəzi parklarda da eyni təyinatlı lövhələr bərq vurmaqdadır.
Mediatorluq institutu haqqında kim nə bilir
Bütün bunlar, əlbəttə, sonrakı söhbətlərdir və Qırğızstanda həll olunacaq məsələlər deyil. İndilikdə isə Qırğızstan dövləti bu müdhiş problemi yoluna qoymaq üçün xüsusi mediatrolara müraciət etməyə qərar verib. Bəlli olduğu kimi Avropa Şurasının Nazirlər komitəsi 2 may 1998-ci ildə sosial münaqişələrin həllində məhkəmələrlə yanaşı mediatorların xidmətindən yararlanmaqla bağlı 22-47.326 saylı xüsusi tövsiyyə verib. (Hidayət Orucovun bu qərardan xəbərinin olduğunu deyə bilmərəm).
Amma görəsən, Azərbaycan XİN bu barədə nə düşünür? Səfir «Azərbaycan hökuməti Nüsrət Məmmədovla işləmək istəmir» bəyanatını verərkən düzmü edib, ya səlahiyyət həddini aşıb? Bildiyimiz kimi, Hidayət Orucov fövqəladə səlahiyyətli səfirdir. Nüsrət Məmmədovla işləyib- işləməmək fövqəladə bir məsələ olarq Hidayət Orucovun qərar verəcəyi məsələlərin sırasına daxil edilib, ya yox?
Azad Akifoğlu