Avropa Yay Olimpiya Oyunlarının Soçi Olimpiyadası kimi boykot edilməsi mümkündür
Azərbaycandakı son repressiyaların hakimiyyətə baha başa gələcəyi fikrini beynəlxalq ekspertlər artıq bir neçə dəfə dilə gətiriblər. Belə ki, hakimiyyətin repressiv siyasəti davam edərsə, ölkə başçısı Ilham Əliyev Avropa Yay Olimpiya Oyunları ilə bağlı çətin vəziyyətə düşə bilər.
Beynəlxalq aləmin Avropa Yay Olimpiya Oyunları ilə bağlı Ilham Əliyev qarşısında şərt irəli sürməsi gözlənilir. Irəli sürülən şərt isə Azərbaycanda repressiv siyasətə son qoyulması və siyasi məhbusların azadlığa buraxılması ilə bağlı olacaq. Iddialara görə, əks təqdirdə Avropa Yay Olimpiya Oyunlarının boykot olunması gündəmə gələ bilər. Təsadüfi deyil ki, Avropa Yay Olimpiya Oyunlarının təşkilatçısı Saymon Kleq demişdi ki, “Amnesty International” təşkilatı Azərbaycandakı siyasi məhbuslarla bağlı ona müraciət edib və tədbiri boykot etməyə çağırıb. Doğrudur, o, bu məsələ barədə heç nə deyə bilməyəcəyini bildirib. Amma fakt ondan ibarətdir ki, artıq beynəlxalq təşkilatlar kampaniyaya başlayıb.
Bundan başqa vaxtilə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç də bəyan etmişdi ki, siyasi məhbuslar azadlığa buraxılmasa, bu, Avropa Yay Olimpiya Oyunlarına kölgə salacaq.
Əslində daha geniş miqyasda bir dövlətin beynəlxalq hüquq normalarına hörmətsiz addımlarının, demokratik dəyərləri kobud şəkildə pozmasının nəylə nəticələndiyini müşahidə etmişik. Söhbət Rusiyadakı Soçi Olimpiyadası ərəfəsində Kremlin yürütdüyü siyasətin doğurduğu fəsadlardan gedir.
Ümumilikdə olimpiadanı izləmək üçün Soçiyə 60-dan artıq dövlət və hökumət başçısı gəlsə də, olimpiadanı boykot edən dövlət və hökumət başçılarının da sayı az deyildi.
Artıq Olimpiyada başlamamış Fransa, Almaniya, Litva və ABŞ prezidentlərinin, Böyük Britaniya və Belçikanın baş nazirlərinin Soçiyə getməyəcəyi bəlli idi.ÿ
Fransa prezidenti Fransua Olland və Almaniya prezidenti Yoahim Qaukun yarışlara qatılmamalarının səbəblərini açıqlamasalar da, hər iki dövlət başçısının bu addımı Rusiya hökumətinin ölkəsində insan hüquqlarına hörmətsizliyinə, müxalifətə qarşı təqib və təzyiqlərinə cavab kimi qiymətləndirilir. Soçiyə getməyənlər arasında Almaniyanın kansleri Angela Merkel də yer almışdı.
Soçiyə gəlməyən dövlət və hökumət başçıları arasında Moldova prezidenti Nikolay Timofti, Estoniya prezidenti Toomas Xendrik Ilves və Belçikanın baş naziri Elio di Rupo da var idi.
Oxşar aqibətin Azərbaycanı da gözləyə biləcəyi istisna edilmir.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət hazırda situasiyanın gərginliyindən xəbərdardır. Ona görə hakimiyyət yaxın zamanlarda repressiv addımların dayandırılması istiqamətində qərarlar qəbul edəcək: “Hakimiyyət durumu daha da qəlizləşdirməyəcək və geriyə doğru addımlar atmağa məcbur olacaq. Hakimiyyətin beynəlxalq aləmlə uzun müddətli qarşıdurmaya getməsi inandırıcı deyil”.
Xəyal