«Elmira xanım, vəzifədə olanların vəkili deyil, xalqın vəkili olmaq lazımdır»
«Soruşmaq ayıb olmasın, nə təhər olur, millət vəkili kimi aldığınız 1500-2000 manat maaşla özünüzə belə təmtəraq qurursunuz»
Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev Masallıdan deputat seçilən Elmira Axundovaya cavab verib. “Azadlıq”a göndərdiyi cavab yazısında bildirib ki, rayon ziyalıları uzun müddətdir büdcədən Masallının inkişafına ayrılan vəsaitlərin düzgün xərclənməməsi, talanması, həmin vəsaitlərdən icra başçılarının şəxsi maraqlarının təmin edilməsi, korrupsiya faktları barədə ölkə rəhbərliyinə, digər dövlət qurumlarına, Masallıdan seçilmiş Milli Məclisin deputatlarına müraciətlər ünvanlayıblar.
“Elmira Axundova məni ittiham edir ki, icra hakimiyyətində işləmişəm, icra başçılarını tərifləmişəm, nöqsanlarıma görə işdən azad olunmuşam. Bu barədə dəfələrlə ittihamlara cavab vermişəm. Yenidən bildirirəm ki, məni işdən nöqsanlarıma görə deyil, icra başçısının şəxsi maraqlarını yerinə yetirmədiyimə, onun cinayət əməlləri barədə hələ işlədiyim vaxt ölkə rəhbərliyinə etdiyim müraciətlərə görə, açıq şəkildə şərlənərək xəstəxanada müalicə aldığım zaman işdən azad olunmuşam. Mən hələ illər əvvəl də icra hakimiyyətində şöbə müdiri işləməklə təsis etdiyim ”Masallı” qəzetində icra başçılarının və digər rəhbərlərin qanunsuz əməlləri barədə məqalələrlə çıxış etmişəm. Harada olmağımdan asılı olmayaraq həmişə haqsızlığa, qanunsuzluğa qarşı mübarizə aparmışam”.
Birlik sədri cavab yazısında daha sonra bunları əlavə edib: “Elmira xanım, özünüzün, Nəriman Əliyevin və icra başçılarının fəaliyyəti barədə ağız dolusu məlumat verirsiniz və fəaliyyətinizin əhalinin gözü qabağında olması ilə qürrələnirsiniz. Ay Elmira xanım, bizlər Sizin əhalinin gözü qarşısındakı çox yarıtmaz, qeyri-obyektiv fəaliyyətinizə görə ”Məhkəməyə verin” kimi “çox dəyərli” məsləhətinizi nəzərə alıb hüquqlarımızı pozduğunuza, vəzifə səlahiyyətlərinizi yerinə yetirmədiyinizə, Azərbaycan Respublikasının şikayət və ərizələrə cavab verilməsi barədəki qanunları pozduğunuza görə Sizləri məhkəməyə vermişik. Görürsünüz, bizlər də hərdən sizin “dəyərli” məsləhətlərinizə qulaq asırıq. Eyni zamanda həmkarınız Nəriman Əliyevin, icra başçılarının vəkili kimi çıxış edərək göstərirsiniz ki, Nəriman Əliyev öz şəxsi vəsaitindən imkansızlara, rayonun abadlıq işlərinə pul xərcləyir. Icra başçıları rayonun “simasını” dəyişdirib, belə inkişaf var, “bağ belə, bostan belə”.
Soruşmaq ayıb olmasın, nə təhər olur, millət vəkili kimi aldığınız 1500-2000 manat pul vəsaiti ilə özünüzə belə təmtəraq qurursunuz, qəzetlər Sizin şəxsi obyektlərinizdən yazır. Yoxsa hardandır Sizlərdə bu qədər şəxsi vəsait? Elmira xanım, yaxın zamanlarda Milli Məclisin iclasındakı bir çıxışınızda qeyd edirdiniz ki, bir çox icra başçıları (yəqin ki Masllıdan millət vəkili olduğunuza görə ilk növbədə Masallının icra başçısını nəzərdə tutaraq) faliyyətə başlayarkən özündən əvvəlki icra başçılarının yeni abadlaşdırdığı, təmir etdiyi yerləri söküb dağıdaraq təzədən abadlaşdıraraq, təmir işləri apararaq dövlətə külli miqdarda ziyan vururlar. Bu işlərdə Masallı Rayon Icra Hakimiyyətinin başçısı Rafil Hüseynov respublikada ən qabaqcıllardandır. Bizlər də əsasən bu qanunsuzluqlardan, talançılıqdan ölkə rəhbərinə məlumatlar veririk. Indi nə baş verdi ki, Rafil Hüseynovu rayonu “əhəmiyyətli inkişaf” etdirən başçı sayırsınız?
Rayonun Musakücə-Lürən yolunun asfaltlaşdırılması ilə bağlı ölkə rəhbərinin ayırdığı vəsaitlərin necə dağıdılması barədə faktları, yolun açılışından bir ay sonra həmin yolun tamamilə dağılması faktlarını ölkə rəhbərinə çatdırmışıq. Bundan sonra qısa müddətdə həmin yolun 1 km 800 metri tamamilə sökülərək yenidən asfalt örtük çəkilmiş, 2 km 200 metrinin bir hissəsi yenidən, qalan hissələri də qismən əsaslı təmir edilərək dövlətə milyonlarla zərər vurulmuşdur. Vəsaitin israf edilməsini, talançılığı icra başçısı həyata keçirib. Sizə məlumat ünvanlamışdıq, nə üçün səsinizi çıxarmırsınız?
Elmira xanım, vəzifədə olanların vəkili deyil, xalqın vəkili olmaq lazımdır. Ola bilsəydiniz, onda bizləri çox gözəl anlayardınız. Amma çox təssülər olsun!
Daha bir məqama aydınlıq gətirmək istəyirəm. Qeyd edirsiniz ki, guya bizim Ziyalılar Ictimayi Birliyi yalançı cəmiyyətdir, əsl ziyalılar cəmiyyəti Qardaş Fətullayevin cəmiyyətidir. Bir daha xatırladıram ki, cəmiyyətimiz 1995-ci ildə təsis olunub və bu günə qədər də fəaliyyət göstərir. Qardaş Fətullayevə zorla sırıdığınız cəmiyyət A.Mütəllibovun o vaxt ucdantutma özünün müdafiəsi üçün yaratdığı ölü cəmiyyətlərdən biridir. Fəaliyyəti də ölü vəziyyətdə olub. Ancaq nə vaxt bizə şər, böhtan atmaq, kimlərinsə haqqında hədyanlar danışmaq lazım gələndə icra başçıları onları hərəkətə gətirir. Bizlər uzun müddətdir ki, təqib, təzyiq, şantaj, həbs olunma cəhdlərinə məruz qalmışıq, evimiz polis vasitəsilə mühasirəyə alınıb, yığışdığımız çayxanalar bağlanıb, yeməkxanalara göstəriş verilir ki, onları obyektinizə buraxmayın. Daim agentləriniz bizi izləyir. Bu barədə faktlarla dəfələrlə sizlərə müraciət etmişik”.
Məktublar şöbəsi