İlham və Fərizənin məzarları təhqir edildi; şəhidlərin ailə üzvləri sarsıntı keçirdi; faktla bağlı cinayət işi başlandı
Şəhidlər Xiyabanında xoşagəlməz hadisə qeydə alınıb. Sosial şəbəkə istifadəçilərdən biri 1990-cı il 20 Yanvar şəhidlərindən Ilham və Fərizənin baş daşının fotosunu paylaşıb. Fotoda baş daşının üzərində tünd rəngli ləkələr gürünür. Fotonu paylaşan istifadəçi qeyd edir ki, diqqət yetirdikdə bu ləkələrin nəcis olduğu aydınlaşıb.
Bunun necə baş verdiyi və ya kimlərin əməli olub-olmadığı bəlli deyil.
Artıq faktla bağlı cinayət işi başlanıb. Bu barədə “Azadlıq”a Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. “Avqustun 21-dən 22-ə keçən gecəpaytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis Idarəsinin Istintaq idarəsində tapşırılıb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir”, – deyə Eldar Sultanov bildirib.
“Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”. Bunu isə Interpress.az-a Bakı Şəhər Icra Hakimiyyətinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlum hadisəyə münasibət bildirərkən deyib.
Sabir Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.
Şəhid Ilham Allahverdiyevin anası, Ofelya Ibrahimova da olaya münasibət bildirib. O, teleqraf.com-a açıqlamasında deyib: “Ürəyimə dağ çəkilib, dönə-dönə. Amma bu dəfəki dağı dağ da götürməz? Bu hadisə hamımızı sarsıdıb. Kimə neyləmişik? Belə Allahsızlıq olar?! Belə rəzalət olar?!”
Ofelya Ibrahimovanın sözlərinə görə, bu hadisədən sonra yataq xəstəsi olan, iflic qızı Rəsmiyyənin halı psiləşib: “Bu təhqirə övladlarım tab gətirmir. Oğlum Elxan bu gün (dünən-red) Şəhidlər Xiyabanına gedib. Şəhidə qarşı belə hərəkətə kim cəsarət edə bilər? Həmin adamlar tapılıb cəzalanmayınca, mənim ürəyim sakit olmaz”.
Ilham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev bildirib ki, hadisə ilə əlaqədar hər iki ailənin nümayəndəsi hüquq -mühafizə orqanlarına müraciət edib: “Hadisəni eşidən kimi yoldaşımla birgə getdim xiyabana. Gördüm Fərizənin bacısı da oradadır. Qəbiri təmizləmək üçün özümüzlə vasitə götürmüşdük, gördük artıq təmizləyiblər.
Orada bir-iki qadın da vardı. Dedi ki, səhər saatlarında bu hadisəni görüblər. Sonra Səbayel Polis Idarəsinə getdik, təhqiqat aparmaq üçün iddia ərizəsi yazdıq. Sonra qayıtdıq ki, prokurorluğun işçiləri də gəlib ora. Bu dövləti cinayətdə hansı şərəfsizin əli var, ümid edirik ki, tapılacaq. Ilhamla Fərizə təkcə bizim ailənin nümayəndəsi deyil. Bütün Azərbayacana məxsusudur. Hər iki ailə bu cinayətdə kimin əli varsa, həbs olunmasını istəyir!”