«Ağcabədidə qarışıqlıq yarananda onlar rayonu qoyub qaçmışdılar…»
«Leyla Yunus zərif vücudu ilə cəbhənin ən təhlükəli yerlərində özünü ölümlə üz-üzə qoyub»
“Müxalifət son zamanlar Leyla Yunusu dünyanın xilaskarı, sülhün və demokratiyanın carçısı edib. Ancaq Leyla Yunus Azərbaycan dövlətinə və xalqına düşmən mövqeyi sərgiləyən adamdır” – bunu “publika.az”a açıqlamasında deputat Tahir Rzayev bildirib.
O, iddia edib ki, Leyla Yunusun bütün fəaliyyəti Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olub: “Mən Leyla Yunusu 1989-cu ildən tanıyıram. O dövrdə mən Ağcabədidə katib işləyirdim. 1989-cu ilin sonları idi. O vaxt Leyla Yunus və Zərdüşt Əlizadə Ağcabədiyə gələrəkÿermənilərlə mübarizə aparmaqdan danışmaq əvəzinə, əksinə, insanları hakimiyyətlə mübarizəyə səsləyən bəyanatlar verirdilər. Bunun nəticəsində isə bir neçə gündən sonra Ağcabədi sakinləri ayağa qalxdı və Rəhim Qazıyevin qoşunları ilə əhali arasında toqquşma oldu. Bunun nəticəsində isə nə qədər insan öldürüldü. Əslində, həmin dövr çox həssas dövr idi və Leyla Yunus da gəlib insanlara sülhdən, ermənilərə qarşı birgə mübarizədən və sairə danışmalı idi. O isə bunların heç birini etmədi. Əksinə, yerli əhalinin o dövrdəki hakimiyyətin üzərinə qaldırdı və rayonda hərc-mərclik baş qaldırdı. Yalnız bir neçə il sonra ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi bu hərc-mərcliyin qarşısı ağıllı yollarla alındı”.
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Idarə Heyətinin üzvü olmuş Rəhim Qazıyev deputatın dediklərini cavabsız qoymayıb. Keçmiş müdafiə naziri “Azadlıq”a açıqlamasında bildirib ki, 4 ildir parlamentdə varlığıyla-yoxluğu bilinməyən deputat Tahir Rzayev bu cür üsullarla iqtidara öz “sədaqətini” və “xidmətini” nümayiş etdirmək istəyir: “Adını ilk dəfə eşitdiyim, təyinatlı deputatlarından biri olan Tahir Rzayevin özünəməxsus, uydurma yalanlarla dolu açıqlamasını oxudum. Leyla Yunusun həbs olunmasından istifadə edərək, iqtidara öz ”xidmətini” və “sadaqətini” nümayiş etdirmək üçün 25 il bundan əvvəl hüquq müdafiəçisinin guya, xalqına elədiyi “xəyanətin” açılması üçün münasib vaxt gəldiyini dərk edib. Tahir Rzayev iddia edir ki, 1989-cu ilin payız aylarında Zərdüşt Əlizadə və Leyla Yunus Ağcabədiyə gələrək ermənilərlə mübarizə aparmaq əvəzinə, o dövrki hakimiyyətə qarşı xalqı qaldırmağa cəhd edib. Əlavə edir ki, onlar rayondan gedəndən qısa müddət sonra Rəhim Qazıyev öz qoşunuyla hücum edərək, Ağcabədidə iğtişaşlar törədib, nə qədər günahsız insanlar öldürülüb və s. Bu cür yalanlara mən artıq təəccüblənmirəm. Sadəcə, çox təəssüf edirəm ki, bu qədər “savadlı” deputatları Milli Məclisə yığmaqla iqtidar günü-gündən xalqın gözündən düşməsinin fərqinə varmır.
Yəqin dəyərli oxucular da bilir ki, 1989-cu ildə Rəhim Qazıyevin ordusu yox idi, heç nə ilə və heç kimə hücum edə bilməzdi, etməyib də. Hələ bu təyinatlı deputat indiyədək anlamır ki, 1989-cu ilin payızında SSRI kifayət qədər güclü görünürdü. Həmin dövrdə nəinki Rəhim Qazıyev, heç Azərbaycanda SSRI-nin qoşunu, silahlı dəstəsi yox idi”.
Rəhim Qazıyev 1989-cu ilin noyabrında Ağcabədidə baş vermiş bir hadisəni də yada salır: “Hakimiyyətə xoş gəlmək üçün yalanlar uyduran təyinatlı deputatın ”unutduğu” məsələlərə ixtisasca riyaziyyatçı və peşəkar müəllim olaraq aydınlıq gətirmək istəyirəm. 1989-cu il noyabrın 19-da axşam saatlarında Azərbaycan Xalq Cəbhəsinə telefonla məlumat daxil oldu ki, Ağcabədidə Avşar kəndinin sakinlərilə rayon əhalisi arasında güclü qarşıdurma yaranıb. AXC Idarə Heyətinin qərarı ilə mən Ağcabədiyə getməli oldum. Noyabrın 20-i səhər saat 5-ə yaxın Avşar kəndinə çatdım. Həmin vaxt orada artıq barrikada qurulmuşdu. Həmin barrikada xeyli yoxlandıqdan sonra rayonun mərkəzinə getdim. Mərkəzdə – rayon Partiya Komitəsinin binası qarşısındakı küçədə çadır qurulduğunu, oradakı insanların yaxşı əhval-ruhiyyədə olduğunu gördüm. Bu prosesə rəhbərlik edənlərdən birinin də həmin dövrdə Ağcabədi rayon Icraiyyə Komitəsinin yenicə seçilmiş sədri olan Əhməd Qasımov olduğunu gördüm. Rayonda nə baş vermişdi? Həmin dövrdə əhali Rayon Partiya Komitəsinin birinci katibi, əslən Avşar kəndindən olan Aydın Alıyevə qarşı etiraz mitinqinə qalxmışdı. Qarışıqlıq düşən kimi Aydın Alıyev, o dövrdə katib işlədiyini iddia edən indiki təyinatlı deputat Tahir Rzayev və rayon prokuoru Ağcabədidən qaçmışdılar. Həmin dövrdə rayonda Partiya Komitəsinin üçüncü katibi, indi adı yadımdan çıxan və hörmətli, nəzakətli bir xanım, eləcə də Xanlar rayonundan yenicə Ağcabədinin Milis Şöbəsinə rəis gələn polkovnik Cavanşir qalmışdı. Bu iğtişaşı yatırmaqdan ötrü rayona həmin dövrdə Mərkəzi Komitədən Inzibati Şöbənin müdiri, Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Yasif Nəsirli və bir də DTK-nın Azərbaycan bölməsinin rəis müavini Qorolevski gəlmişdi. Onlar da əhalinin qəzəbindən ehtiyat edərək birinci katibin otağının arxasındakı xidməti otaqda ev dustağıydılar. Mən üç gün Ağcabədidə qalıb qarşıdurmanın vüsət almasına imkan vermədim. Bu üç gün müddətində Mərkəzi Komitədən Kənd Təsərrüfatı naziri Nizami Abdullayev rayona göndərildi və konfrans keçirilməsi səlahiyyəti ona verildi. Həmin dövrdə rayonda kifayət qədər nüfuzl olan insanlarla ünsiyyət yaradıb, onları öz doğma rayonlarının sakinlərilə qarşıdurmadan çəkindirməyə çalışdım. Rayonu qorxmadan idarə edib Ağcabədidən qaçmayan üçüncü katib olan o xanımın müvəqqəti olaraq birinci katib vəzifəsini icra etməsinə nail oldum. Həmin qarışıqlığın qarşısını almağa borclu olan, yerli sakinlərin önündə sinə gərib gərginliyi azaltmaq əvəzinə rayondan qaçıb gedən indiki təyinatlı deputat iqtidara xoş gəlmək üçün Leyla xanımın və mənim ünvanıma xəcalət çəkmədən yalanlar uydurur”.
Rəhim Qazıyev deputata debata çıxmağı təklif edir: “Tahir Rzayev dediklərinə özü də inanırsa, cəsarət tapıb mənimlə debata çıxsın. Hətta debata ona çox ”doğma” olan YAP-ın qərargahında da çıxmağa hazıram. Öz şəxsiyyətinə zərrə qədər də olsa, hörmət edən insan kiminsə, nəyinsə xatirinə uydurulmuş yalanları olmuş həqiqətlər kimi söyləməkdən çəkinməlidir. Son olaraq, təyinatlı deputat Tahir Rzayevin diqqətinə çatdırmaq istəyirəm ki, Leyla xanım öz zərif vücudu ilə cəbhənin həyat üçün ən təhlükəli yerlərində qeyrətli, cəsarətli döyüşçülərimizin igidlikləri haqqında əsl həqiqəti xalqımıza çatdırmaqdan ötrü özünü dəfələrlə real ölümlə üz-üzə qoyub. Indi ömründə əlinə silah alıb bir saat belə, torpağın müdafiəsində olmayan yalançı vətənpərvərlərin Leyla xanımın ünvanına hədyanlar söyləməsi zərrə qədər vicdanı və vətəpərvərlik hissi olan hər kəsdə ikrah və nifrət hissi doğurur”.
Ramin DEKO