Dmitriy Roqozin: «Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu var»
Vahid Məhərrəmov: «Azərbaycan özü kənd təsərrüfatı məhsullarını idxal etdiyi halda, hansı imkanlar hesabına Rusiyanın ehtiyacını ödəyə bilər»
Avqustun 20-də Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib. Səfər çərçivəsində geniş tərkibdə görüş keçirilib. Görüşdə həmçinin İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov və səfirimiz Polad Bülbüloğlu iştirak ediblər.
Görüş zamanı Roqozin ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl “Rossiya 1” telekanalı Azərbaycanın Quba və Xaçmaz rayonlarından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarük edilməsi imkanlarına həsr edilmiş veriliş hazırlamışdı. Verlişdə Azərbaycandan Rusiyaya göndərilmək üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının ilk partiyasının artıq hazır olduğu vurğulanırdı.
Hesablamalara görə, Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları daxili tələbatın yalnız 60 faizini ödəyir. Ehtiyacın yerdə qalan hissəsi isə xaricdən idxal hesabına ödənilir. Belə olan halda daxili tələbatını ödəyə bilməyən Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac etməsi nə qədər mümkündür?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə Rusiyaya köməyinin kökündə siyasət dayanır. Rusiyanın son zamanlar Azərbaycanlı intensiv danışıqlar aparmasına diqqət çəkən V.Məhərrəmov vurğuladı ki, eyni zamanda indiyə qədər Azərbaycana bir o qədər də böyük simpatiyası olmayan şəxslərin ölkəmizin ünvanına xoş sözlər söyləməsi təsadüfi deyil. Azərbaycanın özünün kənd təsərrüfatı məhsullarına, ərzağa olan təlabatını ödəyə bilmədiyini deyən ekspert bildirdi ki, xüsusilə hazırda Azərbaycanda məhsul istehsalı ilə bağlı ciddi problem yaşandığı bir zamanda ölkəmizin Rusiyaya kömək etməsi ümumiyyətlə mümkünsüzdür: «Azərbaycanın özünün kifayət qədər çətin bir durumda olduğu zamanda Rusiya nədən kənd təsərrüfatı məhsullarının təmininə dair Azərbaycana ümid edir? Azərbaycan özü idxalı artırır. Yeddi ay ərzində Azərbaycanda kəsim üçün diri mal-qara idxalı 69,4 faiz artıb. Süd məhsullarının idxalı isə 20,3 faizdən çoxdur. Ət idxalı 31 faizə çatıb. Belə olan halda Azərbaycan hansı imkanların hesabına Rusiyanın ehtiyacını ödəyə bilər. Burada yalnız siyasət rol oynayır».
Rusiyanın Azərbaycanı öz tərəfinə çəkmək üçün müxtəlif şirnikləndirici təkliflər verdiyini deyən V.Məhərrəmov vurğuladı ki, gələcəkdə Rusiya bazarında Azərbaycanı geniş perspektivlər gözlədiyi vəd edilir. Ötən illəri azərbaycanlıların bir çoxunun Rusiyadan deportasiya olunduğunu xatırladan V.Məhərrəmov bildirdi ki, Azərbaycanın güclü qonşusu ilə münasibətlərinin daha da inkişafı dövləti maraqlarımıza uyğundur. Amma yaxın illər üçün Azərbaycan kənd təsərrüfatı məhsullarını ixraca edəcək səviyyədə artıra bilməz.
Xəyal