Rusiyanın dövlət başçısından Əliyevə Krıma investisiya qoymaq təklifi
İlham Əliyevin Soçidə Rusiyanın prezidenti Vladimir Putinlə görüşü zamanı müzakirə olunan məsələlərlə bağlı müxtəlif mülahizələr irəli sürlməkdədir. Mediada görüşlə bağlı yayılan daha bir xəbərə görə, Putin Azərbaycanın dövlət başçısından xüsusi istəkdə bulunub. «Moderator.az» saytının məlumatına görə, Rusiya prezidenti Krım tatarlarının da istəklərini, əldə edəcəkləri üstünlükləri qabardaraq guya belə bir təklif edib ki, yarımadada Azərbaycan investisiyası, turizm sektoruna sərmayələr Moskva tərəfindən məmnunluqla qarşılanaradı. Amma əgər bu məlumat doğrudursa, Azərbaycanın belə bir addım atması birmənalı qarşılanmaya bilər. Çünki rəsmi Bakının Krıma maliyyə yatırması artıq Rusiyanın Krımı işğalı ilə barışması anlamına gəlmiş olacaq.
Söyün Sadığov: «Putinin İlham Əliyevə bu təklifi Azərbaycan üçün indiki şərtlər daxilində qəbuledilməzdir»
Modelləşdirilmə və Strateji İnkişaf İnstitutunun rəhbəri, Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadığov bildirib ki, əgər həqiqətən də belə bir təklif varsa, Azərbaycanın onu indiki reallıqlar daxilində qəbul etməsi mümkün deyil: «Hesab edirəm ki, məsələyə Rusiya ilə Azərbaycan arasındakı strateji partnyorluq əlaqələri baxımından baxılsa belə, qarşı tərəfi də nəzərə almaq lazımdır. Çünki qarşı tərəfdə təkcə Ukrayna deyil, Amerika və Avropa Birliyi var. Ona görə Putinin İlham Əliyevə bu təklifi Azərbaycan üçün indiki şərtlər daxilində qəbuledilməzdir.Hər şeydən öncə Azərbaycanın ictimaiyyəti bunu süngü ilə qarşılayacaq və hökuməti də, yarımadaya yatırım qoyan şirkətləri də qınayacaq, digər tərəfdən Ukrayna, ABŞ və Avropa Birliyi buna görə Azərbaycanı cəzalandıraraq qondarma Qarabağ respublikasını tanıya bilər. Ona görə də əminəm ki, İlham Əliyev Putinin belə bir təklifini heç vaxt qəbul etməz. Putinə gəldikdə isə o da mövcud şərtləri-bunun Azərbaycan və Rusiya üçün nə ilə nəticələnəcəyini bilərək buna görə İlham Əliyevdən və Azərbaycandan inciməz. Çünki bunsuz da Rusiya ilə Azərbaycan arasında çoxlu ortaq layihələr və sazişlər var ki, unikal siyasi-iqtisadi və hərbi əlaqələri şərtləndirir.”
S.Sadığov amma bununla belə onu da vurğulayıb ki, Krıma investisiya Azərbaycanla eyni dili və adət-ənəni bölüşən yerli əhali üçün böyük dəstək olardı: «Eyni zamanda siyasi baxımdan da Krıma Azərbaycan investisiyası ona görə daha çox maraq kəsb edərdi ki, Azərbaycanın dili və adət-ənənələri Krım tatarlarıyla çox oxşardı. Ona görə də bu investisiyalar Krım tatarlarına yarımadada sakit və təhlükəsiz yaşamalarının qarantı ola bilərdi».
Bəs yaranmış situasiya əgər yayılan informasiya həqiqətə uyğundursa, Azərbaycan hansı addımı atmalıdır? Azərbaycan Rusiyanın təkidinə cavab olaraq Krıma investisiya yatırmalıdırmı? Bakının bu addımı Qərbin hansı reaksiyasına səbəb ola bilər?
Fuad Qəhrəmanlı: «Bu addım Rusiyanın Krımı ilhaq siyasətinə faktiki dəstək olar»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, yayılan məlumatın reallığa uyğun olduğu az inandırıcı görünür. F.Qəhrəmanlının sözlərinə görə, amma əgər Putin Əliyevdən belə bir istəkdə bulunubsa, Bakının bu istəyə «hə» deməsi yanlış olardı: «Çünki Azərbaycanın bu addımı Rusiyanın Krımı ilhaq siyasətinə faktiki olaraq dəstəyin ifadəsi demək olacaq. İndiki şəraitdə Qərblə Rusiya arasında Ukrayna məsələsində qarşıdurmanın dərinləşdiyi bir zamanda Azərbaycanın Krıma investisiya yatırması Rusiyanın yürütdüyü siyasəti dəstəklədiyi anlamına gələ bilər. Bunun bir sıra fəsadları ola bilər. Bu zaman həm beynəlxalq birliyin Qarabağla bağlı mövqeyi dəyişəcək, həm də Azərbaycanın öz imicinə zərər dəyəcək. Bu addım eyni zamanda Ukrayna ilə Azərbaycan arasında olan strateji münasibətlərə ciddi zərbə vura bilər. Perspektivdə Azərbaycanın Qərblə münasibətləri də korlana bilər».
Bu baxımdan F.Qəhrəmanlı hesab edir ki, Azərbaycanın Rusiyanın tələbini həyata keçirməsi dövlət maraqlarımıza ziddir və ölkəmiz heç bir halda bu prosesdə yer almamalıdır: «Bu eyni zamanda Azərbaycanı Rusiyanın yürütdüyü siyasətin icraçısına çevirə bilər. Azərbaycanın özünün investisiya yatırılmasına ehtiyacı olduğu bir zamanda maliyyə vəsaitinin Krıma yönəlməsi iqtisadi maraqlarımıza da ziddir».
Xəyal