Zərdabın icra başçısından 65 min dollarını ala bilməyən Fəqan Nəsibov özünü körpüdən atmaq istədi
İş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi
Metronun “Koroğlu” stansiyasının yaxınlığındakı asma körpüdən özünü atmaq istəyərək intihara cəhd edən sahibkar Fəqan Nəsibovu çətinliklə də olsa, fikrindən daşındıra biliblər.
F.Nəsibovun intihara cəhd etməsinin səbəbi Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı olan Lütfəli Babayevin onun 65 min dollarını mənimsəməsidir: “Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulumu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa…”
Zərdab rayon Icra Hakimiyyətinin başçısı L.Babayevin köməkçisi Vasif Məmmədov mətbuata bildirib ki, problemdən xəbərdardılar: “Mən hazırda məzuniyyətdəyəm. Bununla bağlı heç nə deyə bilmərəm”.
Icra hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirib ki, problemin Zərdab rayon Icra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur: “Bu, Lütfəli Babayevlə həmin şəxsin arasında olan problemdir. Problem Lütfəli Babayev Mingəçevirdə Icra Hakimiyyətinin başçısı olanda baş verib”.
L.Babayevin özü olayla bağlı danışmaq istəməyib: “Hazırda rayonun Heydər Əliyev Mərkəzində tədbirdəyəm, sonra danışarıq”.
Qeyd edək ki, deputat Qənirə Paşayeva baş verənlərdən xəbər tutan kimi hadisə yerinə yollanıb. Deputat onun problemini dinləyib. Danışıqlardan sonra çətinliklə də olsa, Fəqan Nəsibovu fikrindən daşındırmaq mümkün olub. Razılaşdırılıb ki, onu baş prokuror Zakir Qaralov qəbul edəcək. O, hadisə yerindən birbaşa prokurorluğa yollanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin olayla bağlı məlumatında bildirilir ki, Fəqan Nəsibovun şikayəti dinlənilib: “Fəqan Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə, şikayət ərizəsində göstərilən xüsusatların qanunamüvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərilib”.
Ramin