“Bizi ən çox üzən bizim cameədən gördüyümüz hücumlar oldu; daha susmayacam”
Türkiyə prezidenti Abdulla Gül səlahiyyət müddətinin bitməsilə əlaqədar ötən gün bir qrup ictimaiyyət nümayəndəsi üçün qəbul təşkil edib. Qəbulda çıxışı zamanı o, təmsil olunduğu çevrədən incikliyini biruzə verib, “bu son prosesdə bizim cinahdan edilən hörmətsizlikləri də gördüm”, – deyə bildirib. Abdulla Gül AKP-nin yeni sədri və baş nazirin indiki xarici işlər naziri Əhməd Davudoğlu olacağını da həmin qəbulda elan edib.
Lakin Türkiyə mətbuatı bu gün daha çox qəbulda Abdulla Gülün xanımı Hayrünnisa Gülün davranış və açıqlamasına diqqət kəsilib.
“Radikal” qəzetinin qəbulda iştirak etmiş yazarı Murad Yetkin qeyd edir ki, Hayrünnisa xanım qəbulda çox incik və əsəbi görünüb. Onunla vidlaşmaq üçün yaxınlaşan “Yeni Şafak”ın Ankara təmsilçisi Abdulqadir Selviyə “Sizinlə salamlaşmaq istəmirəm. Sizdən çox incimişəm” deyərək araya soyuq sükut salıb. O, ATV kanalının Ankara təmsilçisi Mehmet Akarca ilə də eyni tərzdə davranıb.
Jurnalistlərdən ayrılıb kənarda həyat yoldaşını gözləyərkən isə Hayrünnisa xanım bir neçə yaxın adamı və “Radikal”ın yazarı Murad Yetkinlə dərdləşib:
“Bizi çox üzdülər. İndi foto çəkdirmək üçün yarışırlar. İnsan özünü güclə ələ alır. Elə bilirlər heç nə görmürük, bilmirik, fərqində deyilik? Hər şeyin fərqindəyik. Abdulla bəy kübarlığına görə heç nə danışmır. Ona qarşı çox səhvlər, hörmətsizliklər edildi. Bəzən mən oxuyub pis olmayım deyə, qəzetləri önümdən götürürdü, interneti bağlatdırırdı.
Bir aydınlaşma mərhələsini keçirik. Hər kəsin kim olduğu ortaya çıxır. Haqqımızda nələr yazıldığını, nələr deyildiyini gördük. Bizi ən çox üzən isə xüsusən, son ildə bizim cameədən, dindar, müsəlman camiədən gördüyümüz hücumlar oldu. Bəzi yaşadıqlarımızı heç 28 fevral dönəmində mənim baş örtüyümün müzakirə edildiyi günlərdə də görmədik.
Bizi neçə ildir tanıyırsız. Xəttimizdə bir dəyişiklik oldumu? Xeyr. Amma ətrafımızdakıların keçirdiyi dəyişikliyə baxın. Nələr yazılır, deyilir… İnsan inana bilmir. Mən hər şeyi bilirəm. İndi mən də susuram, amma çox susmayacam. Əsl üsyanı mən başladacam”.
azadliq.info