«Hazırkı durum nəzərə alınarsa, Monitorinq Komitəsində hazırlanacaq məruzə daha sərt olacaq»
Sentyabrın əvvəli AŞ PA-nın Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycanda insan haqlarının son durumu ilə bağlı hesabat dinləniləcək. Amma maraqlıdır ki, bu hesabat elə bir dövrə təsadüf edir ki, Azərbaycan hakimiyyətinin lobbistləri artıq iqtidarı müdafiə edə biləcək arqument gətirə bilməyəcəklər. Çünki AŞ PA ilə sıx əməkdaşlıq edən hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərov həbsdədirlər. Başqa bir hüquq müdafiəçisi Emin Hüseynovdan isə ümumiyyətlə xəbər yoxdur. Belə bir vəziyyətdə AŞ PA-dakı müzakirələrin hansı istiqamətdə gedə biləcəyi maraq kəsb edir.
Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, hakimiyyətin əsas lobbistləri olan Azərbaycan üzrə məruzəçilər Pedro Aqramunt və Cozef Debone Qrex bundan əvvəl hazırladığı səruzədə belə Azərbaycanla bağlı çox ciddi tənqidi qeydlər var idi. Həmin məruzədə siyasi məhbuslarla bağlı açıq və kəskin fikirlərin səsləndirildiyini deyən G.Hacıbəyli vurğuladı ki, sadəcə olaraq Ştarasserin Azərbaycanla bağlı məruzəsinin qəbul olunmaması fonunda Aqramuntla, Qrexin hesabatı elə təqdim olundu ki, guya AŞ PA ölkəmizdə siyasəi məhbus probleminin olduğunu qəbul etmir: «Əslində real vəziyyət tam fərqli idi. Monitorinq Komitəsində ölkə üzrə məruzəçilərin hazırladığı sənəddə bu barədə kifayət qədər faktlar var idi. Ölkədə demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı geniş məlumat verilirdi. Onu nəzərə almaq lazımdır ki, məruzə Monitorinq Komitəsində ciddi müzakirələr əsasında hazırlanır və onlar həqiqətləri gizlədə bilməzlər. Hazırkı durum nəzərə alınarsa, Monitorinq Komitəsində hazırlanacaq məruzə daha sərt olacaq. Çünki AŞ PA ilə siyasi məhbuslar məsələsində əməkdaşlıq edən hüquq müdafiəçilərinin hamısı hazırda həbsdədir. Belə olan halda sözsüz ki, məruzə sərt, kəskin tənqid notlarında qurulacaq».
G.Hacıbəyli hesab edir ki, AŞ PA ilə sıx əməkdaşlıq edən hüquq müdafiəçiləri hazırda həbsdə olsalar da, onların həbsi siyasi məhbuslarla bağlı vahid siyahının hazırlanmasına mane olmayıb. Həmin vahid siyahıya Azərbaycandakı nüfuzlu QHT təmsilçilərinin, hüquqşünasların, aparıcı müxalifət partiyalarının dəstək verdiyini deyən G.Hacıbəyli vurğuladı ki, belə olan halda həmməruzəçilərin geri çəkilməyə yeri olmayacaq. G.Hacıbəyli vurğuladı ki, demokratik düşərgədə siyasi məhbusların müdafiəsi məqsədilə yaradılan komitə də ölkə reallıqlarının dünyaya çatdırılması istiqamətində bütün addımları atacaq: «Ancaq Leyla Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun həbsi o qədər böyük haqsızlıqdır ki, bu həbs faktının özü real mənzərəni gizlətməyə imkan vermir. Bundan sonra artıq biz tərəfdən Avropanı nəyəsə inandırmağa, izah etməyə ehtiyac yoxdur. AŞ PA-nın özü belə təzyiqlərin və təqiblərin bu səviyyəsindən ciddi şəkildə narahatdır».
Xəyal