«Millətçi və imperialist siyasət yürüdən Putin hökuməti Qarabağ problemini həll etməyə meylli görünmür»
ABŞ Atlantik Şurasının transatlantik əlaqələr üzrə baş elmi işçisi, beynəlxalq siyasi analitik Sabina Freyzer son həftələrdə Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmaları 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri ən gərgin dövr adlandırıb. S. Freyzer Atlantik Şurasının rəsmi saytında dərc olunan məqaləsində qeyd olunur ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədən, cəbhə xəttində gərginlik və sülh danışıqlarından söz açıb. “Tez-tez unudulan Dağlıq Qarabağ münaqişəsi bu yay özünün ən gərgin dövrünü yaşadı. Son həftələrdə bu gərginlik ən azı 18 hərbçinin ölümü ilə nəticələndi. Toqquşmalar təkcə müharibənin yenidən başlaya biləcəyi təhlükəsini ortaya qoymadı, baş verənlər eləcə də Rusiyanın özünü Qafqazdakı təhlükəsizliyin əsas təminatçısı kimi göstərməsinə imkan yaratdı. Millətçi və imperialist siyasət yürüdən Putin hökuməti həqiqətən də problemi həll etməyə meylli görünmür. Halbuki, bu döyüşlər regionun neft və qaz tranziti, həmçinin Qərbin maraqlarına uyğun digər layihələr üçün təhlükəsiz olmasına əngəl törədir”, – deyə S. Freyzer bildirib.
Cəbhə xəttindəki gərginliklərin əsas etibarilə Rusiyanın bölgədə möhkəmlənməsinə xidmət etdiyini söyləyən S. Freyzer qeyd edib ki, Putin prezidentləri Soçiyə dəvət etməklə öz sülhsevər portretini yaratmış oldu.
Analitikin sözlərinə görə, münaqişənin həlli istiqamətində atəşkəsdən sonrakı mühüm addım qoşunların geri çəkilməsi və qaçqınların öz torpaqlarına geri qaytarılması ola bilərdi, lakin, bu baş verməyib: “Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qalmağa davam edir. Azərbaycan isə neftdən faydalanaraq hərbi büdcəsini keçən il 3,7 milyard dollara qədər artıra bilib. Bu, 10 il bundan əvvəlki rəqəmdən 20 dəfə artıqdır. İlham Əliyev avqustun 7-də “Twitter” hesabında itirilmiş torpaqları geri almaq niyyətində qəti olduqlarını bildirib və yazıb ki, Azərbaycanın son illər əldə etdiyi silah-sursat və hərbi texnika istənilən tapşırığın öhdəsindən gəlməyə imkan verir”. Analitik Ukraynadakı münaqişənin və Krımın ilhaqının Cənubi Qafqazdakı proseslərə də təsir etdiyini vurğulayıb: “Rusiyanın Krımı qısa müddətdə ilhaq etməsi və Ukraynanın şərqindəki qarşıdurmalar Azərbaycan və Ermənistanın hərbi yoldan imtina edərək münaqişəni həll edəcəklərinə inamı zəiflətmiş oldu. Azərbaycanda belə bir əminlik yaranıb ki, qısa müddətdə qətiyyətli hərbi əməliyyatlar yolu ilə getdikcə uzanan və heç bir həlli görünməyən münaqişəni daha tez bitirmək olar. BMT-nin qətnamələrinə görə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və münaqişənin həllinin bu istiqamətdə aparılması nəzərdə tutulur».
Vəfa Quluzadə: «Qərbin Rusiyaya qarşı siyasəti SSRİ-yə qarşı olan siysətlə eyni olamalıdır»
Politoloq Vəfa Quluzadə hesab edir ki, Freyzerin məqaləsində əks olunan mülahizələr Cənubi Qafqaz reallıqları ilə üst-üstə düşür. Rusiyanın bir qədər gücləndikdən sonra Qərbə meydan oxumağa başladığının bir reallıq olduğunu deyən V.Quluzadə əlavə etdi ki, Rusiyanın dəyişəcəyi ilə abğlı Qərbin ümidləri özünü doğrultmadı. Çünki imperialist siyasət yürüdən dövlət heç zaman demokratikləşə bilməz: «SSRİ çökdükdən sonra Rusiyanın demokratikləşəcəyi ilə bağlı ümidlər var idi. Amma bu ümidlər özünü doğrultmadı. İmperiya ya daha da azğınlaşa, ya da dağılıb məhv ola bilər. Rusiyanın Ukraynaya hücumu Qərbə meydan oxumaq oldu. Qərb anlamalıdır ki, Rusiya imperiyasına özünü toparlamaq üçün heç bir imkan yaratmaq olmaz. Qərb Rusiyaya qarşı siyasətini kökündən dəyişməlidir. Qərbin Rusiyaya qarşı siyasəti SSRİ-yə qarşı olan siysətlə eyni olamalıdır. SSRİ Qərb üçün daim təhlükə idi. Ona görə Qərb bunu nəzərə alaraq çalışırdı ki, SSRİ-yə heç bir yardım etməsin. Sonuncu hadisələr göstərdi ki, Rusiya regionda böyük təhlükə mənbəyidir. Soçi görüşündə Rusiyanın üzləşdiyi sanksiyalardan çıxmaq üçün Azərbaycandan kömək istəyə biləcəyi ilə bağlı fikir söyləmişdim. Artıq Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiyaya göndərilir. Bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti artır».
Krım olaylarının Cənubi Qafqazdakı proseslərə təsirinə gəlincə isə V.Quluzadə də hesab edir ki, Ukraynada olduğu kimi Cənubi Qafqazda da Rusiyanın ciddi maraqları var: «Rusiya imkan vermək istəmir ki, Cənubi Qafqaz NATO, Qərbə inteqrasiya etsin. Ona görə Cənubi Qafqazın təhlükəsizliyinin müdafiəsinə ciddi yanaşılmalıdır. Bu baxımdan Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü çox önəmlidir. Bu cür tədbirlər davamlı olmalıdır».
Xəyal