Adil Vəlixanov: «Bizdə qanunsuzluqları sübut edən faktlar var, amma onları araşdırmaq istəyən yoxdur»
“Azadlıq”a müraciət edən keçmiş bələdçisi Adil Vəlixanov Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradovdan şikayətçidir. Deyir ki, onun qanunsuz əməlləri barədə xeyli faktlar var, amma araşdırıb bu adamı cəzalandırmaq istəyən yoxdur.
Adil Vəlixanovun sözlərinə görə, dəmiryolunda sərnişindaşımanın bərbad hala salınması Elyar Muradovun bu vəzifəyə təyin olunmasından sonra başlayıb: “Bu adam deyir ki, kişi bələdçilərin xidmət səviyyəsi aşağı düşüb, bu işi qadınlar daha yaxşı görür. Lakin 30-35 il aşpazlıq edən kişini qadın əvəz edə bilməz. Bələdçinin vəzifəsi təkcə sərnişinə nümunəvi xidmət etmək deyil. Onlar həm də sərnişinlərin təhlükəsizliyinə, sağlamlığına və digər məsələlərə görə cavabdehdilər. Bir müəssisənin sosial durumu və iqtisadi vəziyyəti çətin olanda bəzi işçiləri ixtisara sala bilər. Lakin bir müddətdən sonra vəziyyət düzələrsə, həmin peşəkar işçilərə tələbat olarsa, onlar yenidən öz yerlərinə qaytarılır. 30-40 il dəmiryolu sahəsində təcrübəsi olan mütəxəssisləri Elyar Muradov qərəzli şəkildə kənarda qoyaraq, onların əvəzinə dəmiryolundan heç bir anlayışı olmayan, bu işin mahiyyətini bilməyən qadınları işə götürür. Bu şəxs kişi bələdçilərin qanunsuz işlərlə məşğul olduğunu iddia edir. Lazım olarsa, biz Elyar Muradovun özü və komandasının qanunsuz əməllərilə bağlı faktları ortaya qoyub, sübut edə bilərik”.
Sosial şöbə