Mağazaların bu şirkətlə əməkdaşlığa son qoyduğu haqda məlumat yayılıb; şirkət deyilənləri təkzib edir
“Əgər ”Coca-Cola”nın məhsulları satışdan çıxarılıbsa, bunu biz təxminən bir həftədən sonra biləcəyik. Indi əksər yerlərdə əvvəlcədən gətirilən məhsullardı” – bunu “Azadlıq”a Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Namiq” marketin satıcısı deyir. O, “Coca-Cola”nın satışına qadağa qoyulmasının mümkünlüyünə inanmır. Bildirir ki, 10 ildir market fəaliyyət göstərir və bu müddətdə “Coca-Cola” heç vaxt dükanın vitrinlərindən əskik olmayıb.
Böyük marketlər “Coca-Cola” ilə əməkdaşlığa son qoyub?
Bəzi media orqanlarında “Coca-Cola” firmasının içkilərinin yığışdırılması haqda məlumatlar yayılıb. “Yeni Müsavat”ın yazdığına görə, “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb. Bu məhsulların yerinə isə vitrinlərə “Pepsi”lər düzülüb.
Xatırladaq ki, bir müddət əvvəl bir neçə ölkədə “Coca-Cola”dan imtina barədə çağırışlar səslənmişdi. Israilin Fələstində törətdiyi qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri olan Türkiyədə keçirilən çeşidli etiraz aksiyalarından biri də məhz Israil məhsullarının boykotu ilə bağlı idi. Nəticədə Türkiyədə bir çox marketlər Israilə məxsus malları, o cümlədən “Coca-Cola” firmasının içkilərini satmaqdan imtina etmişdilər.
Ancaq yayılan məlumatlarda deyilir ki, “Coca-cola”nın Azərbaycanda istehsalına qadağa Israilin Fələstinə olan hücumlarına görə deyil. “Coca-Cola” Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı piar kampaniyasına başlayıb. Burada firma öz məhsullarının üstünə insan adları, həmçinin müraciət formaları yazır. Bu kampaniya bir neçə aydır ki, davam edir. Bu piar kifayət qədər alıcılarda da maraq doğurdu. Hətta sosial şəbəkələrin izləyiciləri adları yazılmış “Coca-Cola”nın şəkillərini paylaşırdılar. Belə bir vaxtda “facebook”da “NIDA” (Vətəndaş Hərəkatı) sözü yazılmış “Coca-Cola” içkisinin satışa çıxarıldığı haqda xəbər və şəkillər yayıldı. Kimi həmin şəkillərin kompüterdə “fotoşop” proqramı vasitəsilə düzəldildiyini iddia etdi, ancaq əksini söyləyənlər də az olmadı. Bildirildi ki, “NIDA” sözünün yazılmasında qeyri-adi heç nə yoxdur. Istənilən şəxs şirkətə “Coca-Cola”nın üzərində adın yazılması üçün müraciət edərsə, qəbul olunacaq. Qeyd edildi ki, NIDA sözü də məhz bu formada məhsulların üzərinə yazılıb.
Bu xəbər və şəkillərin ardınca məlumat yayıldı ki, baş verənlərdən sonra ölkədə fəaliyyət göstərən bir neçə böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və şirkətə məxsus məhsulları satmaqdan imtina edib. Şirkət isə hələ o zaman deyilənləri təkzib edərək, bütün bunları “qara piar” adlandırmışdı. Şirkət ehtimal edirdi ki, bu cür xəbərləri şirkətə rəqib olan digər istehsalçılar yayır.
Şirkət deyilənləri təkzib edir
Ötən gün paytaxtda ir neçə marketə baş çəkdik. Müşahidələrimiz hələ ki, deyilənlərin həqiqətdən uzaq olduğunu düşünməyə əsas verir. Çünki üz tutduğumuz əksər marketlərdə “Coca-Cola” məhsullarına rast gəldik. Satıcılar heç bir dəyişikliyin baş vermədiyini deyirlər. Bildirirlər ki, əvvəlki qaydada “Coca-Cola”nı satırlar.
Şirkətdən verilən açıqlama da bizim müşahidələrimizi təsdiqləyir.
“Coca-Cola” şirkətinin Azərbaycandakı fəaliyyətində heç bir problem yoxdur. Istehsal prosesi də əvvəlki kimi davam etdirilir”, – deyə “Coca-Cola” şirkətinin kommunikasiya məsələləri üzrə meneceri Elşad Fərzəliyev “modern.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, şirkət məhsullarını mağazalara paylayır: “Bu gün biz də bu məlumatı mediada gördük. Həmin məlumatlarla bağlı araşdırma aparmalıyıq”.
Elə satıcılar da xəbərin doğruluğuna inanmırlar.
“Belə bir şeyin olacağına inanmırıq. ”Coca-Cola”nın illik dövriyyəsi bəlkə də milyardı ötür. Bu qədər pulun qarşısını kəsmək olar? Bu şirkətin məhsulları dünyanın hər yerində satılır”, – deyə satıcılar bizimlə söhbətdə bildirdi.
Satıcılardan onu da öyrəndik ki, indiyə qədər heç kim onlara mağazalarında bu şirkətin məhsullarını satmağı qadağan etməyib: “Ola bilsin, hansısa dükan özü imtina etsin. Ancaq bu, xüsusi tapşırıqla olmayıb. Kim edibsə, bu, onun özfəaliyyətidir”.
Ramin DEKO