Rusiya Federasiyasının tərkibindəki Altay Respublikasının Dağlıq-Altay şəhər sovetinin deputatı Vadim Manzırov ekstremizmdə şübhəli bilinir. Altay Respublikası baş prokurounun birinci müavini Sergey Şuxinin sözlərinə görə, Rusiya Kommunist Partiyasından olan deputat Manzırov sosial şəbəkə və internet portallarda Rusiya və milliyətcə rus olanlar barədə aşağılayıcı fikirlər paylaşıb.
İşi məhkəmədə olan kommunist deputatın paylaşımları öz adıyla deyil, “Natsik” imzasıyla etdiyi bildirilir. Yayılan xəbərlərə görə, Vadim Manzırov sosial şəbəkələrdə yaradılmış Altay Respublikasının inkişaf strategiyası üzrə qrupda bu il yanvarın 15-də “Natsik” imzasıyla şərh paylaşıb.
Həmin şərhində Rusiya əleyhinə fikirlər səsləndirən Manzırov Altay Respublikası regionunun inkişafı və sabitliyi üçün rus millətindən olanların bölgədən çıxmalı olduğunu bildirib.
Qrupdakı rus millətçilərinin etirazından sonra “Natsik” imzalı şəxsin kimliyini müəyyənləşdirmək üçün linqvistik qrup da yaradılıb. Linqvstik qrup “Natsik”in yazılarında Rusiya və rus millətindən olanlar əleyhinə təhqiredici fikirlər olduğu barədə hesabat hazırlayıb.