Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Z. Həsənov hazırda Bərdə rayonundadır.
Onun son günlərdə cəbhə bölgəsində baş vermiş döyüşlərdə fərqlənən hərbiçiləri təltif edəcəyi də bildirilir. Nazir həmçinin şəxsi heyətlə də görüşəcək
***
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Kəmərli, Quşçuayrım, Qaymaqlı, Məzəm, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Nəmirli, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
***
Son günlər Azərbaycan-Ermənistan sərhəddi və qoşunların təmas xətti boyunca baş verən atəşkəs pozuntusu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 3-də bəyənat verib.
«Çoxsaylı insan təlafatına səbəb olmuş atəşkəs pozunutusunun bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür.
Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər», – deyə bəyanatda deyilir.***
***
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatları davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamın Nəmirli, Güllücə və Tərtərin işğal altında olan Seyidsulan kəndləri istiqamətindən düşmən ordusu Milli Ordumuzun üzbəüz mövqelərini iri çaplı silahlardan atəşə tutub.
Hazırda 25 dəqiqədir ki, intensiv atışma gedir.
Milli Ordumuz düşmənə adekvat cavab verməkdədir.
Son məlumata görə, itki yoxdur.
***
ATƏT Azərbaycan və Ermənistan prezidentlərini təmas xəttində gərginliyin aradan qaldırması üzrə tədbirlər görməyə çağırıb. ATƏT sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində son hadisələrdən narahat olduqlarını bildirib və gərginliyin aradan qaldırması üzrə tədbirlər görülməsini istəyib.
Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı veriblər.
***
Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcək. ANS PRESS-in məlumatına görə, belə bir açıqlamanı Ermənistanın baş naziri Ovik Abramyan verib.
Onun sözlərinə görə, Soçidə avqust ayının 8-i və ya 9-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq: “Ümid edirik ki, görüşdə olduqca mühüm olan razılaşmalar əldə ediləcək”.
Qeyd edək ki, son 2 iki gündə cəbhə xəttində gərginlik hökm sürür. Ermənistan ordusunun həyata keçirdiyi diversiya nəticəsində hər iki tərəf onlarla itki verib.
***
Azərbaycan ordusu cəbhə xəttində düşmən kəşfiyyatının hücumlarının qarşısını alıb. Bunu ANS TV-yə açılamasında Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
Vaqif Dərgahlının cəbhədəki son vəziyyətə dair açıqlamasını sizə təqdim edirik:
“Hazırda cəbhədə vəziyyət nəzarət altındadır. Düşmən son 10 gündə atəşkəsi 700 dəfə pozub. Əsasən Ağdam, Ağadərə və Goranboy istiqamətində əməliyyatlar olub. Düşmən böyük itki verir. Lakin bu itkilər ictimaiyyət tərəfindən gizlədilir. Arabir çatdırılır. Vəziyyət tam nəzarətdədir”.
***
02/08/2014
AXCP sədri Əli Kərimli cəbhədəki itkilərlə bağlı Facebook səhifəsində daha bir status paylaşıb:
Daha 5 əsgərimiz şəhid oldu. Allah rəhmət eləsin. Ailələrinə səbr versin. Ölkə isə sürətlə savaşa və beynəlxalq təcridə sürüklənir.
Dünən yazmışdım ki, niyə atəşkəsi pozan tərəfə – Ermənistana qarşı beynəlxalq səviyyədə ictimai təzyiq, onun bu hərəkətinin pislənilməsi təşkil olunmur? “Regionun lider dövləti” niyə susur? Susmaqda davam etdilər.
Bu gün isə Ermənistanın Müdafiə Nazirliyi, Amerika Erməniləri Milli Komitəsi bəyanatla çıxış edərək Azərbaycan tərəfini hücum etməkdə, atəşkəsi pozmaqda ittiham edib. Beləliklə, itkini də biz veririk, atəşkəsin pozulmasının təqsirini də bizim üstümüzə atırlar. Müdrük diplomatiyamız isə dövlət başçısı ilə birlikdə tətilə çıxıb.
Bəlkə beynəlxalq ictimaiyyətə üz tutmağa heç üzləri yoxdur. Kimə müraciət etsinlər? ABŞ, ATƏT, Avropa Birliyi, Avropa Şurası ilə qarşıdurma şəraitindədirlər. Çünki o qrumların hamısı Azərbaycan hökumətinin öz xalqına divan tutmasına mane olmaq istəyirlər (hələlik buna nail ola bilməsələr də). Azərbaycan hökuməti üçün isə əsas müxalifətlə, demokratiya tərəfdarları ilə mübarizədir. Bu gün də tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovu həbs etdilər. AXCP-nin gənc üzvü Ruslan Nəsirlini də polislər saxlayıb.
Müxalifəti, vətəndaş cəmiyyətini daha rahat əzə bilmək üçün ölkəni beynəlxalq təcrid vəziyyətinə salmağa da hazırdırlar. Qərb ilə qarşıdurmada vəziyyəti günü-gündən pisləşən, açıq-aşkar zəif və haqsız tərəf olan, öz problemlərini belə həll edə bilməyən Rusiyanın ssenarilərində rol almağın başqa hansı izahı var?
***
Cəbhə xəttində iyulun 31-i gecədən yaranan müharibə vəziyyəti qalmaqdadır. Erməni silahlı birləşmələri avqustun 2-nə keçən gecə ordumuzun mövqelərinə yenidən hücum edib. Bu dəfə hücum Ağdam-Ağdərə istiqamətində olub. Əsgərlərimiz düşmənə cavab verib. Düşmən itki verərək geri çəkilməyə məcbur olub.
Ermənilərin nə qədər itki verdiyi haqda səhih məlumat yoxdur. Azərbaycan ordusu isə bu hücum zamanı 5 şəhid verib. 8 hərbçimiz isə yaralanıb.
Şəhid olan hərbçilər bunlardır:
– gizir Əliyev Pərvin Səlahəddin oğlu;
– kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
– kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Yaralılar isə hərbi tibbi yardım helikopterləri ilə Bakıya gətirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda cəbhənin həmin istiqamətində vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “Publika.az”a deyib ki, bütün cəbhə xətti boyu əlavə hərbi texnika yığılır. Bu, müdafiə naziri Zakir Həsənovun əmri ilə planlı şəkildə həyata keçirilir. “Hazırda müdafiə naziri Zakir Həsənov mütəmadi cəbhə xətti ilə əlaqə yaradaraq vəziyyəti nəzarətdə saxlayır, müvafiq tapşırıqlar verir”, – deyə o bildirib.
V.Dərgahlı APA-ya açıqlamasında isə Azərbaycan döyüş təyyarələrinin cəbhə xətti üzərində uçuşlara başladığını təsdiqləyib. Məlumata görə, döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir. V.Dərgahlı bildirib ki, bu uçuşlar planlı şəkildə həyata keçirilir.
***
Ermənistan Müdafiə Nazirliyi də cəbhə bölgəsində baş verən gərginliklə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan Ordusunun diversiya cəhdləri və erməni mövqelərinə hücumunun dayanmadığı bildirililir.
Məlumatda Azərbaycan Ordusunun erməni mövqelərinə atıcı silahlar və artilleriyadan, qumbaraatan, minaatan və zenit qurğularından atəş açdığı qeyd olunub.
Nazirlik hər iki tərəfin itkilərinin çox olduğunu və bunun getdikcə artdığını xatırladaraq, Azərbaycan tərəfini öz mövqelərinə geri çəkilməyə çağırıb.
***
ABŞ, iyulun 31-də təmas xəttində tələfatın əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılığın kəskinləşməsindən narahatlığını ifadə edib. Bu bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf çıxış edib (apa): “Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyi dərhal azaltmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, sülh yolu ilə həllin əldə edilməsini daha da çətinləşdirəcək”.
ABŞ Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər istiqamətində dialoqu davam etdirmək üçün tez bir zamanda görüşməyə çağırıb. Mari Harf onu da bəyan edib ki, ABŞ Minsk Qrupu prosesini dəstəkləyir və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırdır.
***
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ötən gün cəbhə xəttində Azərbaycan ordusunun 9 şəhid verməsilə bağlı Türk xalqı və dövləti adından başsağlığı verib.
Xarici İşlər Nazirliyində İraq Türkmən Cəbhəsinin sədri Erşad Salihini qəbul edən Davudoğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaşanan son olaya da münasibət bildirib.
Davudoğlu deyib ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarova bununla bağlı zəng edib. Türkiyəli nazir Qarabağ münaqişəsinin həll olunmamasının bu cür təxribatlara səbəb olduğunu qeyd edib. Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacib olduğunu söyləyib.
“Şəhid olan 9 Azərbaycanlı qardaşımıza görə xalqımız və dövlətimiz adından başsağlığı verirəm. 9 şəhidin kədərini ürəyimizdə hiss edirik”, – deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
***
01/08/2014
Əli Kərimli hökumətdən izahat tələb etdi
AXCP sədri Əli Kərimli Facebook səhifəsində cəbhədə baş verən son hadisələrə münasibət bildirib:
11 əsgərimiz şəhid oldu. Allah onlara rəhmət eləsin, ailələrinə səbr versin.
Təəssüf ki, son vaxtlar cəbhədə atəşkəsin pozulması halları artıb. Erməni tərəfin bu həyasız hücumunun arxasında bütövlükdə regionu təsiri altına salmaq istəyən dövlətin kölgəsi çox aydın görünür. Əks halda haradandır Ermənistanda bu cəsarət? Məni 2 sual hazırda çox düşündürür.
1. Ermənistanın sərhədlərimizi bu şəkildə pozması, ərazilərimizə hərbi müdaxiləsi niyə hökumət tərəfindən beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılmır? Niyə atəşkəsi pozan tərəfə – Ermənistana qarşı beynəlxaq səviyyədə ictimai təzyiq, onun bu hərəkətinin pislənilməsi təşkil olunmur? “Regionun lider dövləti” niyə susur? Bəlkə bu yolla ictimaiyyəti atəşkəsin daimi pozulmasına, hərbi əməliyyatların ciddi şəkildə bərpa olunmasına hazırlayırlar?
2. Hərbidən az-çox təsəvvürü olan adamlar bilir ki, illər ərzində möhkəmlənmiş müdafiə mövqeyinə hücum edib, 11 nəfəri öldürə bilmək üçün düşmən ciddi qüvvə ilə hərəkətə keçməli və müdafiədə olanlardan azı 3-4 dəfə artıq itki verməli idi. Əlbəttə, əgər bizim müdafiənin təşkilində ciddi səhvlərimiz olmayıbsa. Ermənistan bu əməliyyatlarda 30-40 nəfər əsgər itiribmi? Ermənistan ordusu 30 nəfərin ətrafında itki versəydi, matəm elan edərdilər. Orada matəm elan olunubmu?
Hökumət xalqa izahat verməlidir.
***
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş verən olayla bağlı rəsmi məlumat yayıb. Qurumun saytında yer alan xəbərdə deyilir: “İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.
Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilmişlər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaqdır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!”.
***
Bu gecə cəbhə xəttində baş verən atışmada 11 əsgərimizin həlak olmasının təfərrüatı ilə bağlı məlumat yayılıb.
Axar.az-ın Ağdamdakı mənbələrdən əldə etdiyi məlumata görə, əsgərlərimizi düşmən snayperləri vurub.
Bildirilir ki, hərbçilərimizi əvvəlcə AKM (Avtomat Kalaşnikov) silahı ilə atəşə tutublar. Manevr etmək üçün yerlərini dəyişən Azərbaycan hərbiçilərinin sübh çağı bu yerdəyişməsini isə snayperlər izləyib və əsgərlərimiz şəhid olub.
Ağdam sakinlərinin sosial şəbəkədə yaydıqları məlumatda isə bildirilir ki, onlar artıq iki gün idi erməni tərəfdən hücum gözləyirdilər:
“Biz bu hücumu gözləyirdik. Bir neçə gün öncəki hücumda ermənilər ciddi itki vermişdilər. Ermənistan bəyan etdi ki, 2 əsgər itirib. Ancaq yalandır, onlar çoxlu itki verib. Ona görə də ermənilərin növbəti hücumu gözlənilirdi. Xüsusilə, avqustun 1-i hücum olacağı barədə cəbhə ərazisində yerləşən bütün sakinləri məlumatlandırmışdılar”.
Ağdam sakinləri hücum gözlənildiyi halda bu qədər itkinin olmasını isə rus snayperləri ilə əlaqələndiriblər:
“Heç vaxt belə əməliyyat olmayıb ki, iri çaplı silahlardan atəşkəs pozulsun, kənd qranatamyotdan atəşə tutulsun və paralel olaraq snayperlər işləsin. Əsgərlərimizi şəhid edən rus snayperləridir. Onlar əvvəlcədən mövqe seçmişdilər”.
***
Cəbhə xəttindəki son hadisə zamanı Tərtərdə şəhid olan əsgərlərimizdən 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov doğulduğu Tovuz rayon Yuxarı Öysüzlü kəndində dəfn olunub.
V.Poladov ötən ilin aprel ayında hərbi xidmətə çağırılıb. O, ailənin tək oğlan övladı olub.
Cəbhənin Ağdam cinahında şəhid olan hərbçilərdən biri Elnur Məhyəddin oğlu İbrahimov doğulduğu Quba rayon Vladimirovka kənd qəbiristanlığında, 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov isə doğulduğu Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimlərində şəhidlərin xidmət etdiyi hərbi hissənin komandir və zabit heyəti, rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
«France-Presse» agentliyinin verdiyi məlumata görə, avqustun 1-nə keçən gecə Dağlıq Qarabağ yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələri arasında döyüş olub.
Agentlik yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi intensiv atışma olduğunu desə də, Azərbaycan tərəfdən neçə nəfərin həlak olduğunu bildirmir. Ancaq Ermənistanın Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmisi «France-Presse»ə deyib ki, Azərbaycan 14 hərbçisini itirib.
Azərbaycanın APA agentliyi 8 əsgərin həlak olduğunu bildirir.
«France-Presse»ə adının çəkilməməsi şərtilə müsahibə verən erməni rəsmisi deyib ki, Azərbaycanın sabotaj qrupları Dağlıq Qarabağ ərazisinə girmək istəyib və pusquya düşüb.
Həmin rəsminin sözlərinə görə, Azərbaycan tərəfdə çoxlu yaralanan var, erməni tərəfdə isə itki yoxdur.
Ancaq AzadlıqRadiosunun erməni xidməti Dağlıq Qarabağdakı «Müdafiə Nazirliyi»nə istinadla xəbər verir ki, erməni tərəfdən 2 əsgər ölüb. Onların adları da açıqlanır.
Məlumatda deyilir ki, erməni hərbi birləşmələri Azərbaycan tərəfdən çoxlu miqdarda silah və texnika ələ keçirib. Məlumata görə, hazırda həmin döyüş olan əraziyə erməni qüvvələri nəzarət edir.
***
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
***
Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib. APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.
***
Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.
APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
– Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
– Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
– Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
– Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
– Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
– Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
– Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
– Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.
***
Xəbər verdiyimiz kimi, ötən gecə cəbhə bölgəsində baş verən intensiv atışmalarda Azərbaycan ordusu 8 şəhid verib.
“Qafqazinfo” şəhidlərdən biri Əhmədov Qaryağdı Eldar oğlunun fotosunu təqdim edir. Qeyd edək ki, fotonu sosial şəbəkədə şəhidimizin dostları paylaşıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi şəhidlərin sayı ilə bağlı heç bir açıqlama verməyib. Bu gün səhər nazirliyin saytında yayılan rəsmi məlumatda 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlunun şəhid olduğu qeyd olunub.
***
İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının vurduqları Azərbaycan əsgərlərindən üçünün adı məlum olub. “ANS Press”in yerli mənbələrə istinadla verdiyi xəbərə görə, bunlar Vüqar Poladov, Elnur İbrahimov və Mustafa Coşqunovdur.
Vüqar Poladov, Elnur İbrahimov müddətli hərbi xidmət qulluqçuları olublar.
18 yaşlı Mustafa Coşqunov isə Xaçmaz rayonu Yeni Həyat kənd sakinidir, hərbi xidmətə bu ilin yanvar ayında gedib.
***
Erməni hərbi birləşmələri gizirmizi vurub. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
***
İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
***
İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
***
Ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısı alınıb, şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək geri çəkilib.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.
Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.
APA-nın məlumatına görə, gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
təfərrüatları dəqiqləşdirilir.
Allah rəhmət eləsin!