Biz rejimin düşündüyündən çoxuq, təsəvvür etdiyindən iradəliyik!
Tam əminliklə deyirəm ki, alınmayacaq. İlham Əliyev Azərbaycandan Şimali Koreya, Özbəkistan düzəldə bilməyəcək. Biz müqavimət göstərəcəyik! Fərq etməz, nisbi azadlıqda, yoxsa həbsxanada. Biz rejimin düşündüyündən çoxuq, təsəvvür etdiyindən iradəliyik! Rejim başbilənlərindən fərqli olaraq, biz xalqımız haqda yüksək fikirdəyik. Onu belə asanlıqla qorxutmağın, susdurmağın mümkün olacağına inanmırıq. Xalqımız haqq üçün, ədalət üçün çalışanları, bu yolda hər cür riski gözə alanları meydanda tək qoymayacaq.
Bu gün də “Azadlıq” qəzetinin çapını dayandırdılar. Həm də çox absurd səbəblə. Bir tərəfdən dövlətə məxsus olan yayım firması qəzetin satışdan əldə etdiyi 70 min manatdan artıq pulu kollektivə vermir, o biri tərəfdən isə dövlətə aid nəşriyyat tələb edir ki, “Azadlıq” onlara olan 20 min manat borcu dərhal ödəsin. Kimə aydın deyil ki, bu “əməliyyat” acı həqiqətlərin tribunası olan qəzeti susdurmaq planıdır. Bu hiyləni işlətməklə istəyirlər beynəlxalq aləmə belə təqdim etsinlər ki, “Azadlıq” guya siyasi səbəblə deyil, sadəcə maliyyəsi çatışmadığından bağlanır.
Bəli, irtica hücumdadır. Ona hər il milyardlarla manat pul qazandıran hakimiyyətini qorumaq üçün bütün vasitələrə əl atır. Öz aləmində demokratiya uğrunda xalq hərəkatının yeni dalğasını bu yolla qabaqlamağa çalışır.
Səhv nəticələr çıxarsalar da, ətrafda baş verənləri müşahidə edirlər. Dünyada təkləndiklərinin, güvən yerləri olan Rusiyadakı rejimin mövqelərinin zəiflədiyini görürlər. Ölkə daxilində hansısa bir məqamda mübarizəyə qoşulacağı istisna olunmayan 100 minlərlə narazı insanın olduğundan da xəbərdardılar. Ona görə də həmin vaxtı gözləmədən müqavimət qalalarına qarşı “atəş”i gücləndiriblər.
Leyla xanımın həbsindən, “Azadlıq”ın çapının dayandırılmasından sonra sosial şəbəkələrdə bədbin statuslar artıb. Xeyli adam yazıb ki, “Azadlıq”ın ardınca da feysbuku bağlayarlar. Rejimin istədiyi bu deyilmi ki, belə tez ruhdan düşəsiniz? Allahın köməkliyi ilə nəinki feysbuk, heç “Azadlıq”da bağlanmayacaq. Sadəcə, məsələn, bir-iki min adamın qəzetdə çalışan jurnalistlərin etdiyinin (onlar aylardır ki, maaşsız çalışırlar) əllidə, yüzdə biri qədər fədakarlıq edib, qəzetə abunə olması kifayətdir.
Qorxunun əcələ faydası yoxdur. Orta əsrlərə xas olan feodal idarəetmənin müasir zamanda perspektivi ola bilməz. Araşdırmışam, dünya təcrübəsi sübut edir ki, diktatorlar o vaxt məğlub olurlar ki, artıq özlərini məğlubedilməz sayırlar. Tam olaraq qarşılarındakı hər kəsi əzəcəklərini düşündükləri vaxt iflasları başlayır.