Leyla Yunusla bağlı çoxdan yazı yazmaq istəyirdim. Yazı, demək olar, bişib-bitmişdi, bircə kompüterin qarşısına keçməklə gerçəkləşdirmə gərəkirdi. Nədənsə burasını – işin başa çatanını elə hey ertələyirdim. Birdən onun tutulmaq sorağı gəldi. Bu mənimçün gözlənilməz soraq deyildi; mən indi ölkədə baş verənlərin proqnozunu bir neçə il qabaqdan vermişəm: İ.Əliyev 2018-ci ilin prezident seçkisinədək ortadakı irili-xırdalı bütün siyasi əngəlləri aradan qaldırmağa çalışacaq. Onun üçüncü dönəm prezidentliyinə yalnız Putin Rusiyası deyil, superdövlət başda olmaqla Batı kart-blanş vermişdi. İndi onlar özləri öz oyunlarının içində dolaşığa düşüblər – Putinə arxalanan İ.Əliyev özü Batı üçün əngələ çevrilib…
Batı üçün bir əngəli də o, Leyla Yunusu tutuqlamaqla yaratdı. İndiyədək o, “bizdə siyasi dustaq yoxdur” deyə Batı qarşısında yalançı çıxışlarda bulunur, onlarsa öz güdükləri üzündən özlərini ona inanan kimi göstərməklə, onunla istəklərinə uyğun bazarlıqda bulunurdular. Beləcə, illərlə demokratik dəyərlər Əliyevlərlə alver axarında çayaşağı axıdılır, çayyuxarı axtarılırdı. Bu iyrənc batılı görsənişi illərlə Batı demokratiyasına inanan, bel bağlayan kimsələrdə istər-istəməz dərin üzüntü yaradırdı. Azərbaycanda Leyla Yunus kimi bir qrup adam ölkəsini Batı dəyərlərinə qovuşdurmaq üçün illərlə çalışmış, güvəndikləri Batı dəyərlərinin Əliyevlərin əlində oyuncağa çevrildiyini görüncə əlləri hər yerdən üzülmüşdü. Bunu Batıya çox bağlı olan Leyla Yunusun son çıxışları, Batı başvuruları açıq-aydın göstərir. Bu baxımdan onun İ.Əliyevə son məktubu yalnız bəlli bir diktatorla bağlı suçlama deyil, eləcə də o diktatorla illərlə əməkdaşlıqda bulunan demokratik dünyaya yönəlik suçlamadır. Sonuclarını qabaqcadan bildiyi o məktubla Leyla Yunus özünü yalnız indiki ölüvay Azərbaycan toplumundan deyil, ən ünlü dəyərlərini belə, Əliyevlərlə alver obyektinə çevirən Batıdan da qat-qat yüksəyə qaldırdı. Qoy indi Batı tüpürdüyünü yalasın!..
Leyla Yunus o məktubla yenilməz bir kimsənin, sınmaz bir mənliyin, alınıb-satılmaz bir ideal adamının atacağı son addımı atdı. Bunun, yalnız bir ölkəyə deyil, bütün demoktatik dünyaya örnək olan bu görsənişin, adı belədir: samuray kodeksi – “Ölümü seç”. Yadınızdadırsa, yaxınlarda onun diktatura rejimi qarşısında sınmamağa səsləyən çıxışı yayıldı. Bu ötəri bir səs-söz yiyəsinin deyil, ŞƏR ortamında – diktatura-repressiya ağalığında əyilib-sınmamağı yaşam-davranış normasına çevirmiş bəlli bir uzun yol yolçusunun çağırışı idi. O çağırış sizə çatdımı?!
Onunla 1988-ci ildə AXC Təşəbbüs mərkəzində tanış olmuşduq. Üst-üstə düşməyən siyasi-ideoloji baxışlarımıza görə aramızda sərinlik olsa da, seçkin intellektinə, bizdəki çox kişilərdə olmayan prinsipiallığına görə onu yüksək dəyərləndirirdim. Rəhim Qaziyev Müdafiə naziri olanda mənim Rəhim bəyə bir zəngim, Rəhim bəydən bir istəyim oldu: “Leyla Yunusu mətbuat xidmətinə başçı qoyun”. İstəyirdim yeni yaradılan Ordumuzun çağdaş dünya düzəninə uyğun intellektual, prinsipial Mətbuat Xidməti olsun. Sağ olsun, Rəhim bəy istəyimi anlayışla qarşıladı, Leyla xanım tezliklə, mənim istəyimi bilmədən, göstərilən yeri tutdu. Sonralar mən televiziyada studiya direktoru olanda Leyla xanım məndən Ordumuzun Mətbuat Xidməti üçün yaxşı diktor istədi. Mən: “Sizə Levitan kimi diktor göndərəcəyəm” deyə, özü bizdən ayrılıb getmək istəməsə də, ən sevimli diktorumu – Şəmistan Əlizamanlını onda ölkəmiz üçün daha çox gərəkən yerə göndərdim. Onun özünü də onda belə yola gətirdim: “Səsinlə sən orda ölkəmizə daha çox gərəksən”. Leyla xanım az sonra bu “azərbaycanlı Levitan” tapıntısına çox sevinmişdi.
21 ildən bəri Əliyevlərin qınaq obyektinə çevirdikləri o bir illik hakimiyətin belə gözəllikləri vardı: aşağıdan yuxarıya indiki hakimiyəti bürüyən pul-kapital sevgisinin yerini onda Ölkə sevgisi tuturdu… Tutuqlu olsa da, olmasa da Leyla Yunus bu olkədə bu gün əli öpülməli tək XANIMDIR – əyilməz, yenilməz Özgürlük, Demokratiya yolçuluğuna görə!